Bakı, 31 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
R.Behbudov adına Dövlət Mahnı Teatrında Ağdam Muğam Məktəbinin direktoru, Əməkdar Mədəniyyət İşçisi, tanınmış tarzən Rafiq Rüstəmovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu il 30 yaşı tamam olan mədəniyyət ocağının hazırda Bakıdakı 284 nömrəli tam orta məktəbin binasında fəaliyyət göstərdiyi bildirilib. Məktəbin direktoru Rafiq Rüstəmovun gərgin əməyi hesabına burada hər cür şərait yaradıldığı, təhsil ocağının foyesində məktəbin keçmişini, dünənini və bu gününü əks etdirən muzeyin fəaliyyət göstərdiyi vurğulanıb. Həmin muzeydə Xan əminin büstü qoyulub, korifey sənətkarların portretləri asılıb.
Bildirilib ki, vaxtilə pərvazlanan “Qarabağ bülbülləri”nin araya-ərsəyə gəlməsində Rafiq Rüstəmovun böyük xidmətləri olub.
Xalq Artisti Canəli Əkbərov özünəməxsus ənənəyə malik Qarabağ muğam sənətinin Rafiq Rüstəmov kimi davamçıları olduğunu fəxrlə qeyd edib. Onun yorulmadan, usanmadan yenə də qaçqın, didərgin ömrü yaşaya-yaşaya bu sənəti unudulmağa qoymadığını bildirib.
Tədbirdə çıxış edənlər böyük iradə və güclü inam hissinə malik olan Rafiq Rüstəmovun 70 bahar görmüş, indi isə Vətəndən uzaqda özünün payız ömrünü yaşayan bir sənətkar kimi sabaha ümidini itirmədiyini bildiriblər. Onun yenə də öz şagirdlərinə əzmlə muğamın sirlərini öyrətməsini də bir qələbə ruhu kimi dəyərləndiriblər.
R.Rüstəmovun yetirmələri, Əməkdar artistlər- Firuz Səxavət, Sevinc Sarıyeva və başqaları yubilyara uğurlar arzulayıb və konsert proqramı ilə çıxış ediblər.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Rafiq Rüstəmov doğulduğu Qarabağ torpağının işğaldan azad olunacağına, ömrünün payız çağında da olsa böyük qələbəni görəcəyinə inamını ifadə edib.
Yubilyarın tarda ifa etdiyi musiqi nömrələri böyük maraqla qarşılanıb.