Asiya və Sakit Okean hövzəsi ölkələrinin Beynəlxalq Mərkəzçi Demokratları Təşkilatının (CAPDİ) müşahidə missiyası hesab edir ki, Azərbaycanda 1 noyabr - parlament seçkiləri demokratik və müstəqil şəkildə keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə bu gün CAPDİ-nin müşahidə missiyasının nümayəndələrinin iştirakı ilə keçirilən brifinqdə bəyanat verilib.

Bəyanatı səsləndirən missiyanın İndoneziyadan olan üzvü Ervin Aksa bildirib ki, seçkilər zamanı heç bir qanun pozuntusu aşkar edilməyib. CAPDİ missiyasının tərkibində 4 ölkənin - Pakistan, İndoneziya, Kamboca və Filippindən olan müşahidəçilər 21 məntəqədə olublar: "Beynəlxalq və yerli müşahidəçilər seçkiləri maneəsiz izləyə biliblər. Beynəlxalq müşahidəçilər yerli müşahidəçilərlə, seçicilərlə sərbəst söhbət edib, KİV-lərə açıqlamalar veriblər. Müşahidə zamanı gördük ki, yerli müşahidəçilərin böyük əksəriyyəti qadınlardır. Bu da Azərbaycanda qadınların rolunun nə qədər böyük olduğunun göstəricisidir. Bu nümunə regionda və dünyada böyük töhfə verə bilər. Azərbaycan xalqını və dövlətini seçkilərin uğurla keçməsi münasibətilə təbrik edirik".

Missiyanın rəhbəri Joze de Venesiya isə bildirib ki, Azərbaycandakı parlament seçkilərində qadınların həm səsvermədə fəal olması, həm namizədlər, həm də müşahidəçilər arasında onların sayının çoxluğu digər dövlətlərə də nümunə ola bilər.

İlkin İzzət
Milli.Az