Bakı, 6 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin Konfransının 6-cı sessiyası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada Azərbaycan Respublikasının təşəbbüsü ilə “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə qəbul edilib.
Azərbaycan Respublikasının irəli sürdüyü bu qətnaməyə Əlcəzair, Banqladeş, Braziliya, Kamboca, Fici, İndoneziya, İsrail, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Oman, Paraqvay, Peru, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Fələstin Dövləti, Sudan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam həmmüəllif kimi qoşulub.
Qətnamənin qəbulu texnoloji yeniliklər vasitəsilə səmərəli ictimai xidmətlərin göstərilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsinin təşviq olunması, əldə edilmiş nailiyyətlərin bölüşülməsi və müsbət yeniliklərin mübadiləsi üçün əlverişli imkanlar yaradır.