Noutbukun "Enter" düyməsini basmağa tərəddüd edirdim.
Artıq oxumuşdum ki, İŞİD gənc iordaniyalı pilotu dəmir qəfəsdə diri-diri yandırıb.
Dünən o da mənə əyan oldu ki, qibləni bizimlə bölüşsələr də, məzhəbi və dini bölüşə bilməyən, cənnətə düşmək üçün bizlərə cəhənnəm yaşatmaq istəyən bu adamlar əql işığı ilə zülmətləri yarmaq əvəzinə, adam yandırıb ətrafı zülmət etmək istəyirlər.
Peyğəmbərin bayrağını daşıdıqlarını deyib qara bayraq qaldıranların ismarıcı ibtidai sinifdəki riyaziyyat məsələləri kimi bəsitdir: bayraq qara, saqqal qara, niyyət qara, baş kəsməkdən qanın laxtalandığı əllər qara, yandırdıqları adamın alovunun yaydığı hisdən üz qara.
Qaralan insanlar islamı üzüqara etməklə məşğul olduqlarının fərqinə varmırlar. Fərqin nə olduğunu özləri üçün çoxdan yəqin ediblər.
Onlar "İslam dövləti" qurduqlarını desələr də, ələ keçirdikləri torpaqda nə dövlət var, nə də islam.
Barmağım "Enter"in üzərində idi.
İordaniyalı pilot Muəz Yusuf əl Qəsasbini dəmir qəfəsdə yandıranların vəhşiliyini görmək istəyirdim.
Çünki sosial şəbəkələrdə, saytlarda yazılanlara görə, vəhşiliyi ilə ad çıxarıb cəlladlığın yeni standartlarını bəlirləmiş İŞİD bu dəfə öz məşum kölgəsindən atılmağı bacarmış, zülmün yeni səviyyəsini göstərmişdi.
Tərəddüd edirdim.
İnsanın diri-diri yandırılmasına baxmağa "tələbat" duyanlardan deyiləm. Yəni ağlı başında, başı da nəzarətində olan milyardlarla insandan biriyəm, vəssalam.
İyrəncliyi görməyə tələbat da ruhun xəstəliyi yox, xəstənin ruhunun istəyi ola bilər - ona görə.
İblisin qəlbini riqqətə gətirəcək bir olaydı İŞİD-in əməli.
Qəfəsdə yandırılan insanın alovlarda boğulan naləsinin səssiz qıvrılmasını görməklə onun ruhunun əzablarını daha da artırmağa dəyərdimi?
Bilməm.
Amma "Enter"i basdım.
Cəlladların adama divan tutmalarını, iordaniyalı gəncin dar dəmir qəfəsdə yanmasını gördüm.
Leytenant Muəz Yusuf əl Qəsasbinin alovlar içindən çıxıb qaçmağa çalışdığını, amma bacarmadığını və qəfəsə salınmış taleyinin qarşısında diz çöküb bütün dünyanın çarəsizliyinin, laqeydliyinin, böyük dövlətlərin "Edərik!" deyib etməməsinin, siyasətçilərin "Onu mütləq xilas edəcəyik!" söyləyərək öz yerlərini, nüfuzlarını, pullarını, daha nə bilim nələrini qurtarmağa çalışmasının zərrələrindən yeniləşən gözəgörünməz daş divarın qarşısında kül olmasını gördüm.
Üzlərinə sarı maska taxıb qara saqqallarını gizlədən adamların pinti adamın saqqalındakı bit-birə təki ətrafa səpələnib yanan adama baxdıqlarını gördüm.
Jurnalist olduğum bu onillər ərzində bəlkə də ən qorxunc mənzərələrdən birini seyr edirdim.
Üşəndim, vallahi.
Lakin baxdığıma peşman deyiləm.
Yaxşı ki, bu vəhşəti gördüm. Peşəkarcasına çəkilmiş film təki videoda o həyulələr, islama qədərki zülmü "əsl islam" adı ilə gündəmə gətirdiklərini deyən, əslindəsə şüurun ən dərin qatlarında, təhtəlşüurun dalanlarında şöngümüş qorxuların xortdanlarını yemləyən məxluqların əzab vermək peşəkarlıqlarına baxdım.
O adamların insanlıq, şəfqət, vicdan, əxlaq, din və sair və ilaxır kimi heç bir daxili məhdudiyyətləri yox.
Mənəviyyatları yox.
O cəlladların maskalar arxasında qımışan simalarında, oynayan baxışlarındakı sevinci, həyalanmamış həyasızlıqlarını gördüm.
Nə yaxşı ki, qəfəsə salınıb bütün müqavimət imkanları əlindən alınmış tək bir insana qarşı xarabalıqlarda çömələn, əllərində avtomat tutan adamların zəifliyini gördüm.
İordaniyalı leytenantın üst-başına benzin səpmişdilər, qəfəsə salmışdılar, o silahsızdı.
Və bu silahsız adamın başına gətiriləcəyin xofu o qədər böyükdü ki, onu yandıranların hamısı maskada idi, əllərində də silah.
Hətta biri avtomatını qəfəsə tuşlamışdı. Biçarə o qədər qorxub ki, pilotun qəfəsdən çıxacağını düşünüb. Axı yandırılan pilotdu, uça bilirdi - təyyarədə də olsa.
Nə yaxşı ki, bu vəhşəti görən gözləri örtən saxta tolerantlıq, "İŞİD oyuncaqdır, böyük dövlətlərin ssenarisidir", "vəhhabilik və ya sələfilik də bir məzhəbdir, dözümlü olmalıyıq, onları anlamağa çalışmalıyıq" kimi danışan şəxslərin irəli getdiklərini düşünərək geri çəkildikləri "dözümlülük, səbr" müstəvisi o yanan adamın alovlarının təsirindən ləngər vurdu.
Nə yaxşı ki, artıq tərəfsiz qalmaq çətindir.
Xeyirlə Şər, yandıranla yanan, cənnət barədə düşünən başı kəsib cənnətə düşmək istəyən başı gəzdirən, müxtəlif bayraqlar altında yaşayıb Hz.Məhəmmədin buyurduqlarına sadiq qalan möminlərlə Allahın Rəsulunun bayrağını qaldırdığını deyib bütün buyruqlara tüpürmək belə istəməyən və özləri nələrisə buyurub qanun təki icra olunmasını istəyib, bunu istəməyənlərə divan tutanlar arasında yenə də ləngər vurmaq, "tərəf" tutmamaq çətinləşir.
Ağır dövrlər gəlir, çünki bəzi məqamlarda insandan "bitərəf" kəlməsində "t"nın "ş"ya çevrilməməsini tələb edir.
Nasist Almaniyası 2-ci Dünya Müharibəsi illərində konsentrasiya düşərgələrində insanlara divan tutanda bitərəflər vardı.
Kambocada Pol Pot milyonlarla insanı qıranda bitərəflər demokratiyadan danışırdılar.
Sudanda, Somalidə, Efiopiyada, Nigeriyada, Liberiyada, sabiq Yuqoslaviyada, İraqda - daha haralarda, hansı ölkələrdə insanların qanı torpağı suvaranda tərəfsizlər az deyildi.
Amma onlar anlamırdılar ki, torpağa su qarışanda palçıq, qan qarışanda qisas yaranır.
Pilotu qəfəsdə yandırdılar, sonra da üstünə daş-torpaq, zir-zibil tökdülər.
Simvolizmdir. Çünki yandırılan insan, mənəviyyat, inamdı: İŞİD qəfəsi göstərməklə həyatı çoxsaylı "qaydaları"nın qəfəsinə salmaqda qərarlı olduğunu əyan etdi. Zibil isə... - insan həyatını zibil sayanların belə seçiminə təəccüblənməyə dəyməz.
... Muəz Yusuf əl Qəsasbi müsəlmandı. Onu diri-diri yandırmaqla İŞİD müsəlmanların nifrətini qazandı.
İordaniyalı pilot özünü müsəlman adlandıran, amma ilin 11 ayını min oyundan çıxıb bir ayıı oruc tutmaqla işini bitmiş sayan, "təki ürək təmiz olsun" deyib yetim malı yeyən və ya başqasının əyalına göz salan şəhvət məxluqu, oğurluq və yainki rüşvətlə qazandığı pulları halal sayanlardan deyildi.
Haradasa islamın təhqir olunduğunu söyləyib küçələrə çıxmaq, qisas tələb etmək, intiqam gözləntisində qovrulmaq asandır.
Müsəlmanın diri-diri yandırılmasına haqq qazandıranları susdurmaq çətindir.
Bu, artıq savaşdır.
Hər birimizə açıldığı üçün hər birimizin savaşıdır, cənablar.
İslamı təhqir etdilər.
Duydunuzmu?
Elçin Alıoğlu
Milli.Az