Mərkəzi Bankdan dollar açıqlaması

Mərkəzi Bankdan dollar açıqlaması
19:01 11 Noyabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ dollarının manata nəzərən məzənnəsində ciddi bir dəyişiklik baş vermir.

ANS PRESS-in məlumatına görə, bu barədə Trend-in son günlər dolların məzənnəsinin artması ilə əlaqədar sorğusuna cavab olaraq, Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

1 ABŞ dolları noyabrın 2-nə 1,0491 manat idisə, noyabrın 11-nə məzənnə 1,0504 manat təşkil edib.

Qeyd olunub ki, dəyişiklik daxili valyuta bazarında gedən proseslərlə əlaqədar deyil. Daxili valyuta bazarında vəziyyət tam nəzarət alıtındadır və tələb-təklif tarazlığı təmin olunur.

Sadəcə, Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilməsi ilə əlaqədar beynəlxalq valyuta bazarında avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən milli valyutanın məzənnəsinə ötürülür.

Bankdan deyilib ki, son günlər ərzində dünya bazarında ABŞ dollarının avroya qarşı məzənnəsinin yüksəlməsi müşahidə edilir. Bu əsasən onunla izah edilir ki, Avropa Mərkəzi Bankı monetar genişlənmə proqramının həyata keçirilməsini davam etdirdiyi şəraitdə ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən əsas faiz dərəcəsinin yüksəldiləcəyi ehtimalı ilə bağlı məlumatlar yayılıb.


Azərbaycan Mərkəzi Bankı

Dünya bazarında müşahidə edilən bu proseslər fonunda manatın ABŞ dollarına qarşı məzənnəsində də yumşaq gündəlik dəyişmə baş verib.

AMB-dən bildiriblər ki, bir müddət əvvəl isə bu prosesin əksinə olaraq, dünya valyuta bazarlarında ABŞ dollarının məzənnəsinin avroya qarşı zəifləməsi nəticəsində ölkəmizdə də bu xarici valyutanın manata qarşı məzənnəsində ucuzlaşma müşahidə olunmuşdu:

"Belə ki, dolların manata qarşı rəsmi məzənnəsi bu il sentyabrın 15-də hətta 1,0469-dək ucuzlaşmışdı. Yəni normal bazar prosesi baş verir. O ki, qaldı valyutadəyişmə məntəqələrinə, Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi üzrə mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır".

ANS PRESS-in məlumatına görə, son günlər Azərbaycanda Amerika Birləşmiş Ştatları (ABŞ) dollarının məzənnəsi son 7 ayda ən yüksək həddə çatıb. Mərkəzi Bankın bu gün açıqladığı rəsmi məzənnələrdə dollar 1,0501 manat dəyərində müəyyən edilib.

Bu qiymət aprel ayından indiyə qədər dolların ən yüksək rəsmi məzənnəsidir. Belə ki, aprelin 20-də 1 dollar 1,0502 manata bərabər idi.

Artıq valyuta mübadiləsi məntəqələrində də əvvəlki illərlə müqayisədə qiymət artımı müşahidə olunur. Hazırda mübadilə məntəqələrində 1 dollar alıcılara 1.0503 manatdan təklif edilir.



Satıcılar da son bir neçə gündə dollar alanların sayında artım olduğunu bildirirlər. Pul mübadiləsi ilə məşğul olan Rəşad İsmayılov deyir ki, son iki gündə dollar alanların sayında 5-10 faiz artım var:

"Buna səbəb insanların dolların yenidən bahalaşacağından ehtiyat etməsidir. Biz də insanlardan nə üçün dollar aldıqlarını soruşuruq . Onlar bildirirlər ki, əhali arasında yeni ildən dolların qiyməti çox əsaslı şəkildə artacaq. Ancaq düşünürəm ki, bu məlumatlar həqiqəti əks etdirmir".

Müşahidə apardığımız digər məntəqələrdə də oxşar vəziyyət görünürdü. Valyuta dəyişənlərin hamısı artımın olduğu ilə razılaşır. Ancaq bu artımın cüzi olduğunu deyirlər.

Pulunu dollara çevirən şəhər sakini Fazil adlı şəxs deyir ki, əlində olan əskinasları xarici valyutaya çevirməsinin səbəbini belə açıqladı:

"Mən pulumu dollara ona görə çevirirəm ki, gələcək aylarda dolların ucuzlaşacağına inanmıram. Ətrafdakı insanlar da deyir ki, gələcək aylarda dollar yenidən yüksələ bilər. Ona görə də dollar yüksədiyi zaman uduzmaq istəmirəm".




Şəhərin mübadilə məntəqələrindəki valyuta qiymətləri


Ümumiyyətlə apardığımız müşahidələr isanlar arasında dolların bahalaşacağı ilə bağlı narahatlığın olduğunu ortaya çıxardı. Bu ilin avqust ayının 22-də də insanlar arasında dolların qalxacağı ilə bağlı ajiotaj yaranmışdı. Hətta iş o yerə çatmışdı ki, paytaxtda və rayonlarda mübadilə məntəqələrinin çoxu öz fəaliyyətini dayandıraraq dollar satmaqdan imtina etmişdi.

Bir sıra bankların satışı dayandırması mübadilə ilə məşğul olan digər bankların işini çətinə salmış, dollar dəyişməsi ilə məşğul olan bankların qarşında izdiham yaranmasına səbəb olmuşdu. Həmin zaman mübadilə ilə məşğul olan banklarda bir nəfərə yalnız 2000 dollar satılırdı və dollar alan vətəndaşların isə şəxsiyyət vəsiqəsi alınaraq sürəti çıxarılırdı.




Avqust ayında dollar dəyişmək üçün əhalinin banklardakı izdihamı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=364544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR