Telman İsmayılovun ata yurdu satın alınıb

Telman İsmayılovun ata yurdu satın alınıb
17:36 12 Noyabr 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış iş adamı Telman İsmayılovun dünyaya göz açdığı Göyçay rayonundakı ata yurdu baxımsız vəziyyətdədir.

ANS PRESS əməkdaşları T.İsmayılovun ata yurdunda olarkən bunun şahidinə çevrilib. Qıfıl vurulan qapının onların ailəsinə məxsus olduğunu öyrənib.Yaxınlaşdıqda isə sadə və baxımsız, təmirə ehtiyacı olan bir evlə rastlaşib.


T.İsmayılovun bağlı qalan qapısı

Qonşuların sözlərinə görə, Telman İsmayılov 1956-cı ildə məhz bu evdə dünyaya göz açıb.12 uşaqlı ailənin 10-cu övladı olan T. İsmayılovun ailəsi uzun illər bu evdə yaşasa da, o, hələ kişik yaşlarında olarkən təxminən 1963-1964-cü illərdə də valideyinləri ilə Bakıya köçüb.

T.İsmayılovun keçmiş qonşusu Rafiq Bayramov ANS PRESS-ə bildirib ki, biznesmenin atası Mərdan kişi həmin vaxtlar Göyçay bazarında parça mağazasında işləyib hələ o dovrdə imkanlı və çoxlu qızıl sahibi olduğundan ona lələ ləqəbi verilib.Ailənin yaşadığı həmin ev isə elə o illərdə rayon sakini Vidadi Babayevin ailəsi tərəfindən satın alınıb.



T. İsmayılovun ata yurdu

Vidadi Babayevin sözlərinə görə, uzun illər sonra Telman İsmayılovla Bakı şəhərində təsadüfən görüşsə də məhşur biznesmen doğulduğu evin məhz onun tərəfindən satın alındığını sonradan öyrənib.

Onu da öyrəndik ki, T. İsmayılovun qardaşlarından ikisi dünyadan köçüb. Qardaşları ilə bərabər atası Mərdan kişi və anası Pəri xanımın məzarları da Moskvadadır. Digər bacı və qardaşları da Moskva ətrafı vilayətlərdə yaşayırlar. Məhşur biznesmenin həyat yoldaşı isə Quba rayonundandır. Onların Ələkbər və Sərxan adlı iki övladı var. Dünyaca məhşur olan və kifayət qədər imkanı olan Telman İsmayılovun ata yurdunun mövcud vəziyyəti isə bizi təəccübləndirdi.


T.İsmayılovun ata yurdunun qapısı önü

Xatırladaq ki, Telman Mərdan oğlu İsmayılov Azərbaycan əsilli rusiyalı iş adamıdır. AST müəssisələr qrupunun rəhbəridir. 1973-1976-cı illər ərzində o, Azərbaycanın Xalq-Təsərrüfatı institutunda (hazırkı İqtisadiyyat Universiteti) təhsil alır. Orduda xidmət etdikdən sonra isə təhsilini Moskva Xalq Təsərrüfatı İnstitutunda davam etdirir. Gələcək milyonçu bu ali məktəbi 1980-ci ildə başa vurur. 80-ci illərdə İsmayılov Ticarət Nazirliyində iqtisadçı vəzifəsində çalışır. Öz biznesini Telman İsmayılov kütləvi istehlak malları üzərindən qurmağa başlayır. 1989-cu ildə "AST" şirkətini qurur. "AST" qrupunun illik dövriyyəsi 2 milyard dollara bərabərdir. Bundan öncə Şərqi Avropanın ən iri ticarət meydanı hesab olunan və 2009-cu ildə bağlanan Çerkizovskiy bazarı da həmin qrupa məxsus idi. Bazarın bağlanmasının rəsmi səbəbi isə -sanitar qaydalarının pozulması göstərilib. 2009-cu ildə Telman Antalyada (Türkiyə) "Mərdan Palas" adlı 7 ulduzlu otelini açıb.Mehmanxananın tikintisinə İsmayılov 1 milyard dollardan da çox vəsait sərf etmişdir. 2012-ci ildə Nikitskiy bulvarında yerləşəcək apart-otelin tikintisinə başlayır. 2013-cü il üçün "Forbes" jurnalının məlumatlarına əsasən Telman İsmayılovun sərvətinin miqdarı $0,75 milyard dollardır. AST Telman artıq iflas olub.Rusiyanın "Rossiya-1" kanalının yaydığı məulmata görə, milyarder, atası Mərdan İsmayılovun adını daşıyan lüks oteli həqiqi dəyərindən çox aşağı qiymətə, 130 milyon dollara satıb. Halbuki onun tikintisi Telman İsmayilova 10 qat baha başa gəlmişdi. Satışdan əldə olunan gəlirlərlə biznesmen köhnə borclarını bağlamağa çalışıb. Məlum olub ki, təkcə Rusiyada Telman İsmayılovun yerli banklara 100 milyon dollardan çox borcu var. Bir vaxtlar dəbdəbəli və zəngin həyatın simvolu hesab edilən otel, indi hətta elektrik enerjisinə də qənaət etmək məcburiyyətində qalıb. İddia edilir ki, otelin yerli enerji şirkətinə borcu 2 milyonu keçib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR