Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq olimpiadanın qızıl medalçıları oldular

Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq olimpiadanın qızıl medalçıları oldular
20:08 12 Noyabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 2-8-də Türkiyənin Antalya şəhərində məktəblilərin və kollec tələbələrinin VII Beynəlxalq Bilik Olimpiadası keçirilib. Olimpiada Rusiya Federasiyasının Antalyadakı baş konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunub. Olimpiadada şagird və tələbələr riyaziyyat, fizika, kimya, ingilis dili, rus dili, coğrafiya və təsviri incəsənət fənləri üzrə yarışıb, özlərinin bilik və bacarıqlarını nümayiş etdiriblər.
Olimpiada şagirdlərdə yaradıcılıq, elmi-tədqiqat qabiliyyətlərinin inkişaf etdirilməsi, şagirdlər arasında mədəniyyətlərarası ünsiyyətin inkişafı məqsədi daşıyıb.
Olimpiadada 10 ölkənin, o cümlədən Rusiya, Ukrayna, Belarus, Qazaxıstanın 30-dan çox məktəbini təmsil edən 300-dən artıq şagird iştirak edib.
Azərbaycanı bu olimpiadada 5 məktəb - Avropa Azərbaycan Məktəbi (AAM), Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Akademik Zərifə Əliyeva adına Lisey, Bakı Modern Məktəbi və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi təmsil edib. Şagirdlərə bir neçə fənn üzrə olimpiadada iştirak etmək üçün şərait yaradılıb.
Olimpiadada Avropa Azərbaycan Məktəbinin 12 şagirdi iştirak edib. X sinif şagirdləri Əşrəf Sadıxov ingilis dilindən qızıl, coğrafiyadan bürünc, Şəhriyar Hüseynli coğrafiya üzrə qızıl, ingilis dili üzrə gümüş, Lamiyə Mahmudova ingilis dili üzrə gümüş, coğrafiya üzrə bürünc, Əminə Hüseynli riyaziyyat üzrə gümüş, fizika üzrə isə bürünc medallara layiq görülüblər.
IX sinif şagirdi Vaqif Süleymanov ingilis dili, coğrafiya və riyaziyyat fənlərindən 3 qızıl medal qazanıb. Onun sinif yoldaşları Günel Məmmədova ingilis dili üzrə qızıl, riyaziyyat və coğrafiya üzrə bürünc, Yusif Əlizadə riyaziyyat üzrə qızıl, gümüş, ingilis dili və coğrafiya üzrə bürünc, Fatimə Məlikli isə təsviri incəsənət fənni üzrə qızıl medallara layiq görülüblər.
VIII sinif şagirdləri Şahanə Rzayeva ingilis dili üzrə qızıl, kimya üzrə gümüş, Fuad Xasıyev riyaziyyat, coğrafiya, rus dili fənlərindən bürünc və Qədir Süleymanlı riyaziyyat fənnindən gümüş, ingilis dili və fizika fənnindən isə bürünc medallara layiq görülüblər.
Ən gənc iştirakçılarımızdan biri - VII sinif şagirdi Məhəmməd Bəşirov də yüksək bilik nümayiş etdirib. Münsiflər heyəti Məhəmmədin ingilis dilindən biliyini qızıl, riyaziyyat fənnindən isə gümüş medala layiq görüblər.
Riyaziyyat fənni üzrə olimpiadaya qatılan 8 şagirdimizdən 7-si yer tutub. Coğrafiya fənni üzrə Məktəbi təmsil edən 7 şagirddən 7-si də yer tutub. Olimpiadada iştirak edən bütün şagirdlərimiz ingilis dili fənni üzrə olimpiadaya qatılıblar. Onlardan beşi qızıl, ikisi gümüş, ikisi isə bürünc medal qazanıb.
Ümumilikdə AAM şagirdləri Azərbaycana 28 medal, o cümlədən 9 qızıl, 7 gümüş, 12 bürünc medalla qayıdıblar. Onlar, habelə ingilis dili fənni üzrə komanda yarışlarında 1-ci yeri, coğrafiya fənni üzrə isə 3-cü yeri əldə edərək 2 kubok qazanıblar.
Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.
2015-ci ilin iyun ayında Avropa Azərbaycan Məktəbi dünya məktəbi olaraq İB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb. Məktəbdə IB Diplom Proqramı üzrə tədris aparılır.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Azerbaycan_Mektebinin_sagirdleri_beynelxalq_olimpiadanin_qizil_medalchilari_oldular-901525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR