Tariximizin daş yaddaşı – Qum məbədi

Tariximizin daş yaddaşı – Qum məbədi
16:48 13 Noyabr 2015
75 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ulu əcdadlarımız tərəfindən əsrlər boyu yaradılan tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir. Bu abidələr qədim tariximizin daş yaddaşı hesab olunur. Orijinal xüsusiyyətlərə malik belə abidələrdən biri də Qax rayonunun Qum kəndində yerləşən qədim məbəddir.
Qum kəndi Qax şəhərindən 7 kilometr şimalda, Baş Qafqaz silsiləsinin ətəyində, Qum çayının sol sahilində, dəniz səviyyəsindən 650 metr yüksəklikdə yerləşir. Əhalisi iki min nəfərə yaxındır. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qum kəndi Qafqaz Albaniyasının Kambisena vilayətinə daxil olub. Kəndin ərazisində və yaxınlıqdakı “Arpatala”, “Xıdır axurlar”, “Buduqoba”, “Güllütəpə”, “Doludöyən”, “Çinarlı”, “Sırt qala”, “Ballıqaya”, “Xəzinə qaya” və sair yer adları, toponimlər bu yerlərin ilk sakinlərinin türk mənşəli hun, kimmer, sak, oğuz, qıpçaq, səlcuq tayfaları olduğunu sübut edir.
AZƏRTAC-ın müxbiri rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi ilə söhbətində Qum məbədinin (Qum bazilikası da adlanır) tarixi və özəllikləri barədə məlumatlara aydınlıq gətirməyə çalışıb.
Müsahibimiz bildirib ki, tədqiqatçılar memarlıq xüsusiyyətlərinə görə, Qum məbədinin V əsrdə inşa olunması fikrində yekdildirlər. Məbəd ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunub və abidədə bərpa işləri aparılıb. Məbəd Moisey Kalankatuklunun “Albaniya tarixi” əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilən məbədlə eyniləşdirilir.
Tetrakonx (dörd bucaqlı, yarım qövs künclü) formasında tikilmiş məbədin uzunluğu 26,4, eni isə 19,3 metrdir. Uzunsov formalı məbəd 3 tərəfdən eyvanla əhatələnib. Məbədə şərq tərəfdən bitişik kvadrat şəkilli otaqlardan biri qurbangah, digəri isə ruhani otağıdır. Məbədin daxili hissəsi iki cüt T şəkilli sütun və söykənclə 3 nefə (zala) ayrılır. Orta nef yan neflərdən hündür olmaqla, apsida (kilsə divarında yarımdairəvi çıxıntı) ilə tamamlanıb. Apsidanın mehrab üstündəki hissəsi nal şəkillidir və şərqə doğru yönəldilib. Kərpicdən tikilən pilon və söykənclər nalvari talvarı saxlayır.
Məbədin üç qapısı olub. Eyvanlara açılan bu qapıların üstü yarımqövs şəkilli tağlarla bəzədilib. Qum məbədinin tikintisində əsasən yonulmuş çay daşı və kərpicdən istifadə olunub. Daxildəki konstruksiya işləri bişmiş kərpiclə tamamlanıb, damı kirəmitlə örtülüb. 2007-ci ildə Qum məbədində qrant vəsaiti hesabına konservasiya işləri aparılıb. Məbədin interyerinə daş döşənib, qrunt suların axması üçün drenaj sistemi quraşdırılıb.
Hazırda Qum məbədi tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Mustafa Dadaşov
AZƏRTAC-ın müxbiri










Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tariximizin_das_yaddasi___Qum_mebedi-901786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR