Bakı, 5 fevral, AzərTAc
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Turizm Təşkilatı və UNESCO-nun birgə təşkilatçılığı ilə Kamboca Krallığının Siem Reap şəhərində keçirilən “Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni əməkdaşlığın qurulması” adlı konfransda iştirak edir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, UNESCO-nun baş direktoru İrina Bokova, Kamboca Kralı Norodom Sihamoni və Baş naziri Hun Sen, 50-yə yaxın ölkənin mədəniyyət və turizm nazirləri və digər yüksək vəzifəli şəxslər iştirak edirlər.
Azərbaycanın da təmsil olunduğu konfransda iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılır. Fevralın 6-dək davam edəcək konfrans mədəniyyət və turizm sahələrində mövcud problemlərin və əməkdaşlıq yollarının araşdırılması baxımından çox əlverişli imkanlar yaradır.