Paytaxın bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual idarəetmə mərkəzindən (NİİM) Milli.Az-a verilən məlumata görə, "Formula-1" yarışlarının Avropa Qran Pri-sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək yarışla bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində qismən təmir-tikinti işləri həyata keçirilir.
Dekabrın 2-dən etibarən Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin dekabr ayının 2-də yekunlaşması nəzərdə tutulsa da, yeraltı qəza səbəbəbindən təmir işləri uzanıb.
Bu gün, dekabr ayının 3-ü gecə saatlarından etibarən isə Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hərəkəti tam bağlı olacaq. Xaqani küçəsində qeyd olunan bütün təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə olan məhdudiyyətlər artıq dekabr ayının 6-dan 7-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq.
Qeyd edək ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pri-dən sonra da paytaxt sakinlərinin istifadəsində olacaq.
Pünhan
Milli.Az