Kənd təsərrüfatı naziri Zaqatalada bölgə vətəndaşlarını qəbul edib

Kənd təsərrüfatı naziri Zaqatalada bölgə vətəndaşlarını qəbul edib
14:03 4 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, dekabrın 4-də kənd təsərrüfatı naziri Heydər Əsədov Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.
Əvvəlcə “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə edən istifadəçilərə xidmət göstərmək məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın səyyar iclası keçirilib. İclasda iştirak edən nazir Heydər Əsədov diqqətə çatdırıb ki, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, ölkə üzrə 3 min 783 istifadəçinin lizinqə götürdüyü 11 min 839 ədəd kənd təsərrüfatı texnikasına ümumilikdə, 46 milyon 859 min 487 manat məbləğində güzəşt tətbiq edilib.
Tədbirdə Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları üzrə 100 istifadəçiyə lizinqə verilmiş 2 milyon 452 min 964 manat dəyərində 185 kənd təsərrüfatı texnikasına 926 min 463 manat məbləğində güzəşt tətbiq edilib, həmçinin Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı xidmət göstərilib.
Nazirliyin strukturuna daxil olan idarə, müəssisə və təşkilatların, habelə tabeli qurumların rəhbərlərinin iştirak etdikləri qəbulda isə 40-dan artıq vətəndaşın müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən, fermerlərə güzəştli kreditlərin verilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, cins mal-qaranın alınması, kənd təsərrüfatı texnikası ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir Heydər Əsədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşlar qəbulun təşkilindən razı qaldıqlarını söyləyib, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbul başa çatdıqdan sonra nazir Heydər Əsədov Zaqatala şəhərində inşa edilən kənd təsərrüfatı idarəsinin inzibati binasında tikinti işlərinin gedişi ilə maraqlanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_naziri_Zaqatalada_bolge_vetendaslarini_qebul_edib-908228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR