Küveytin “Afnan” beynəlxalq holding şirkətinin rəhbəri BANM-də olub

Küveytin “Afnan” beynəlxalq holding şirkətinin rəhbəri BANM-də olub
17:03 4 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Küveytin “Afnan” beynəlxalq holding şirkətinin rəhbəri Mübarək əl-Cassim Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elmar Qasımov qonağa bu ali məktəbin tarixi barədə məlumat verib. Bakı Ali Neft Məktəbinin 2011-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strukturunda yaradıldığı diqqətə çatdırılıb. Bildirilib ki, ali məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır. Rektor burada tədrisin ingilis dilində, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında aparıldığını, imtahanların həmin universitetin professorları tərəfindən keçirildiyini diqqətə çatdırıb. BANM-in kampusunun layihəsi ilə qonağı tanış edən E.Qasımov işlərin artıq yekunlaşdığını söyləyib. Rektor tələbələrin SOCAR, Total, bp, Schlumberger, Emerson Process Management, Statoil, Schneider Electric, ABB, Halliburton və digər beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də diqqətə çatdırıb. Azərbaycanın neft mühəndisliyi sahəsində yüz illik təcrübəsindən söz açan rektor əmək bazarında rəqabətə girmək üçün keyfiyyətli kadrlara ehtiyac duyulduğunu, Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verməyə hazır olduğunu bildirib.
Azərbaycana ilk dəfə gəldiyini qeyd edən Mübarək əl-Cassim Bakının gözəlliyinə heyran olduğunu söyləyib. Küveytli qonaq təmsil etdiyi şirkət haqqında məlumat verib, ölkəsində yeni ali məktəbin yaradılması məsələsi ilə bağlı körfəz regionunda neft və qaz təlimini gücləndirmək üçün beynəlxalq əməkdaşlığa maraq göstərdiyini bildirib. O, həmçinin BANM ilə tələbə mübadiləsi sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Görüşdə əməkdaşlıq və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Mübarək əl-Cassim BANM-in tədris auditoriyalarını gəzərək müəllim və tələbələrlə görüşüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kuveytin_Afnan_beynelxalq_holding_sirketinin_rehberi_BANM_de_olub-908330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR