Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hikmət Hacıyev: Ermənistan təxribat əməlləri ilə cəbhədə vəziyyəti qəsdən gərginləşdirir

Hikmət Hacıyev: Ermənistan təxribat əməlləri ilə cəbhədə vəziyyəti qəsdən gərginləşdirir

Date: 5 December 2015 15:43


Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhə xəttində yaranmış son vəziyyətlə əlaqədar kütləvi informasiya vasitələrinə açıqlama verib.
H.Hacıyev deyib ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son günlər ərzində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki ölkənin sərhədi boyunca Ermənistan tərəfindən təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, minaatan, qumbaratan və digər ağır atəş vasitələri tətbiq edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması həyata keçirilir. Bu, Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz və hərbi avantüra xarakterli əməllərin nəticəsidir.
Belqradda ATƏT-in 22-ci Nazirlər Şurasının iclasının keçirildiyi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərinin təşkil olunduğu, Minsk qrupu həmsədrlərinin münaqişənin həlli ilə əlaqədar xarici işlər nazirləri səviyyəsində bəyanatla çıxış etdikləri dövrdə Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirərək hər vəchlə danışıqlar prosesini pozmaq, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan status-kvonu saxlamaq məqsədi güdür.
Eyni ssenari üzrə rəsmi Yerevan 2014-cü ilin noyabrında Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən dərhal sonra təxribatçı məqsədlərlə Azərbaycanın işğal olunmuş ərazilərində 46 min şəxsi heyətin və 5 mindən artıq texnikanın iştırakı ilə genişmiqyaslı hərbi təlim keçirərək məlum helikopter insidentinin baş verməsinə rəvac verdi.
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə xidmət edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır. Əks təqdirdə, təcavüzkar və işğalçı dövlət kimi yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Tags:  Hikmət Hacıyev Ermənistan təxribat əməlləri cəbhədə vəziyyəti qəsdən gərginləşdirir


RƏYLƏR


Top news