Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəkidə tanınmış şair Vaqif Aslanın 65 illiyi qeyd olunub

Şəkidə tanınmış şair Vaqif Aslanın 65 illiyi qeyd olunub

Date: 5 December 2015 21:23


Şəki, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın 65 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də şairin yubileyi Şəkidə şəhər rəhbərliyinin, ziyalıların, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə qeyd edilib.
Yubiley tədbirini Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq Vaqif Aslanı şəhər ictimaiyyətinin adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Sonra şairin həyat və yaradıcılığından söhbət açılıb. Qeyd olunub ki, XX əsrin 70-ci illərində ədəbiyyata gələn Vaqif Aslan 90-cı illərin ortalarından Şəkidə ədəbi prosesə rəhbərlik etməyə başlayıb. O, məhsuldar və istedadlı qələm ustası kimi tanınıb. Vaqif Aslan bənzərsiz poetik üslubu ilə nəinki Azərbaycanda, həmçinin qonşu Türkiyədə də sevilir. Müxtəlif illərdə nəşr olunan “Ruhlarla söhbət”, “Oğuz elinə salam”, “Qanımdan rəng alan gül”, “Aydın”, “Hüseyn xan Müştaq” adlı kitablarla yanaşı, publisistik yazıların, tərcümələrin də müəllifidir.
Yubilyarı təbrik edən Yazıçılar Birliyinin katibi İlqar Fəhmi bildirib ki, Şəki ədəbi mühitinin son 20-30 illik dövrünə nəzər salanda, ilk növbədə, Vaqif Aslan yada düşür.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yubilyara ünvanladığı təbrik məktubu oxunub.
Şair Vaqif Aslan çıxış edərək yubiley tədbirinin təşkilinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.
Yubiley tədbirində şairin şeirləri və sözlərinə bəstələnən mahnılar səslənib.



Tags:  Şəkidə tanınmış şair Vaqif Aslanın 65 illiyi qeyd olunub


RƏYLƏR


Top news