Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Montre anlaşmasını pozdu

Rusiya Montre anlaşmasını pozdu

Date: 7 December 2015 07:52

Türkiyənin nəqliyyat, dənizçilik və komunikasiya naziri Binali Yıldırım İstanbul (Bosfor) boğazından keçən Rusiya gəmisinin göyərtəsində əsgərin çiynində raket tutmasını şərh edib. Milli.Az anspress-ə istinadən bildirir ki, nazir Yıldırım bu addımla Rusiyanın "Montre boğazlar konvensiyası"nı pozduğunu bildirib. 

Boğazdan dinc keçiş hüququnun bütün ticarət gəmiləri üçün mövcud olduğunu deyən Binali Yıldırım, ölkəyə zərər verəcək yanaşma və hərəkət olmadığı müddətcə hamının bu hüquqdan istifadə edə biləcəyini qeyd edib. 

"Amma açıq bir təhdid, təhrik ünsürü varsa şübhəsiz lazımi tədbirlər görüləcəkdir. Rusiya hərbi gəmisi boğazdan keçərkən göyərtəsində raketli əsgərin dayanması müsbət qarşılanacaq bir hal deyildir. Bu açıq bir təxribatdır. Həmçinin "Montre boğazlar konvensiyası"nın pozulması deməkdir." 

Nazir vurğulayıb ki, bu cür təxribatyönümlü və təcavüzkar hərəkətlər nümayiş olunduqca Türkiyə lazım olan tədbirləri görə biləcək qabiliyyətdədir. 

Türkiyənin 1936-cı ildə Bolqarıstan, Fransa, Böyük Britaniya, Avstriya, Yunanıstan, Yaponiya, Rumıniya, SSRİ və Yuqoslaviya ilə imzaladığı "Montre boğazlar konvensiyası", müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyəyə bəzi statuslar verir. Sülh vaxtı müəyyən qaydalar çərçivəsində boğazları hərbi və ticarət gəmilərinin keçişi üçün sərbəst edən konvensiyaya görə müharibə vaxtı Türkiyə tərəf ölkələrdən biridirsə, boğazların istifadəsində istədiyi kimi hərəkət edə bilər. 

Eyni konvensiyaya görə, özünü müharibə təhlükəsi qarşısında görən Türkiyə boğazlardan istədiyi kimi istifadə edə bilər. Amma bu qaydanın qüvvəyə minməsi üçün, bu təhlükənijn Millətlər Cəmiyəti Şurasının ⅔ dəstəyi ilə təsdiq olunması lazımdır. Belə bir səsvermə olmasa həmin qayda qüvvəyə minməz. II Dünya müharibəsindən sonra Millətlər Cəmiyyəti ləğv olunub və onun funksiyalarını BMT yerinə yetirir. Bu səbəbdən də həmin qaydadan istifadə olunmaslı istiqamətində qeyri-müəyyənlik var. 

Müharibənin tərəflərindən biri və ya müharibə təhlükəsi qarşısında olacağı zaman Türkiyənin əldə edəcəyi status bu ölkəyə boğazlardan keçən ticarət gəmilərini yoxlamaq hüququ verir. Sülh zamanı heç bir şərt olmadan boğazlardan keçən ticarət gəmilər üçün müharibə vaxtı bəzi şərtlər qoyulub. Əgər Türkiyə müharibənin tərəflərindən biridirsə, Türkiyə ilə döyüşməyən ölkələrin ticarət gəmiləri düşmən tərəfə heç bir yardım etməmək şərti ilə boğazlardan istifadə edə bilər. Bu vaxt keçişlər sadəcə gündüz vaxtı və bələdçi ilə ola bilər. Həmin şərtlər, Türkiyə özünü müharibə təhlükəsi qarşısında görərsə də qüvvədə olur. 

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24" hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24"ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Türkiyənin İstanbul boğazından keçən Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol verib. Məlumata görə, gəmi boğazdan keçərkən bir Rusiya əsgəri çiynində raketlə görünüb. Raketin istiqaməti dənizin sahilinə tərəf olub. Hadisə baş verdiyi vaxt ərazidə olan gəmi gözətçiləri Yörük Işık və Alper Boler çiynində raket olan əsgərin şəklini çəkiblər. Caesar Kunikov adlı gəmi Rusiyanın Qara dəniz donanmasına aid olub. Hadisə dekabrın 4-də baş versə də şəkillər ötən gün sosial şəbəkələrdə paylaşılıb.
Milli.Az


Tags:  Rusiya Montre anlaşmasını pozdu


RƏYLƏR


Top news