Çiyələk və bananın klonu varsa, niyə inəyin olmasın?

Çiyələk və bananın klonu varsa, niyə inəyin olmasın?
08:42 7 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Hər şey plana uyğun getsə, gələn il Çinin şimal-şərq limanında - Tyancin şəhərində dünyanın ən böyük heyvanklonlama mərkəzi açıla bilər. Çinin "Boyalife Group" biotexnologiya şirkəti və heyvan klonlaşdırmaqda ixtisaslaşmış "Sooam Biotech" adlı Cənubi Koreya şirkətinin qurmaq istədiyi mərkəz bir milyonadək inək embrionu, iybilən itlər, yarış atları və başqa heyvanlar yetişdirəcək.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, yarım milyard dollara başa gələcəyi planlaşdırılan mərkəzdə tədqiqat laboratoriyası, gen bankı və muzey də olacaq. Hamı bunu bilməsə də...

"Boyalife" şirkətinin icraçı direktoru Xu Xiaochun deyib ki, "klon texnologiyaları artıq çevrəmizdədir. Sadəcə, hamı bunu bilmir". O, daha sonra Çin supermarketlərində satılan çiyələk və bananın çox hissəsinin məhz bu texnologiya ilə yetişdirildiyini də sözlərinə artırıb. Xu Xiaochun bu prosesi "bir stəkandakı portağal şirəsini başqa bir boş stəkana süzmək"lə müqayisə edib.

"Sizə deyə bilərəm ki, o klonlaşdırılmış mal əti bu vaxtadək yediyim ən dadlı ətdir".

Bu sözləri də çinli icraçı direktor dilə gətirib. Mal-qaraya gərəkli dənli qidaların bahalığı Çinin əksər maldarlarının gəlirini azaldıb. İstehsalın azalması nəticəsində bir sıra ət emalı müəssisəsi çıxış yolunu ət idxalında görür. Bu vəziyyətdən yararlanan cənab Xu bildirib ki, o, klonlaşdırmanın Çinin mal-qara istehsalını dirçəldəcəyinə ümid edir və "klonlaşdırma çinlilərə və dünyanın bir çox başqa xalqına yüksək keyfiyyətli mal ətindən səmərəli yararlanmağa yol açacaq tək texnologiyadır"-deyib.

"O MAL ƏTİNİ ÖNCƏ BAŞÇILARA YEDİRDİN!.."

Düzdür, cənab Xu bu yeniliyə şübhəylə yanaşan Çin istehlakçıları ilə dil tapması asan başa gəlməyəcək. Onlar melaminə ("melamin" - suya və mexaniki zərbələrə davamlı, üstəlik, ucuz sintetik materialdır - red.) bulaşmış uşaq yeməyi və yenidən emal edilmiş "boru yağı" qalmaqallarından sonra qida güvənliyi məsələsinə özəlliklə ciddi yanaşırlar. İnternetdə sözügedən layihəyə son dərəcə mənfi reaksiya da bu baxımdan təsadüfi deyil. Çin mikroblogginq saytı olan "Weibod"a yazan insanlar bu ideyanı pisləyiblər. İstifadəçilərdən biri belə yazıb:
"Zəhmət olmasa, o klonlaşdırılmış mal ətini əvvəlcə başçılara yedirin!". Digər bir istifadəçi də deyib ki, "Çin əsas biotexnologiya laboratoriyasına çevrilib, çinlilərsə təcrübə subyektləridir".

"RESİDENT EVİL"İN REAL HƏYATDAKI VERSİYASI?

İstifadəçilər arasında belə bir mərkəzin məhz Tyancində tikilməsini sorğulayanlar da var. İş orasındadır ki, avqustda bu şəhərdə baş verən dəhşətli kimyəvi partlayış 173 nəfərin ölümünə səbəb olmuşdu. İstifadəçilərdən biri sözügedən müəssisəni fantastika janrında çəkilmiş "Resident Evil" serialının "real həyatdakı versiyası" adlandırıb. Həmin serialda bioloji silah istehsal edən biomühəndislik şirkətindən söhbət gedir.

Tərəfdaş Cənubi Koreya şirkətinin rəhbəri Hwang Woo-sukun adı da əvvəllər bir qalmaqalda hallanıb. 2005-ci ildə doktor Hwang-ın bir tədqiqatı saxtalaşdırdığı üzə çıxmışdı. Onun özü həmin araşdırmada insan embrionları yaratmaq və onlardan kök hüceyrələr almaq məqsədilə klonlaşdırmadan yararlandığını iddia etmişdi. Bu olaydan sonra doctor Hwang heyvan klonlaşdırılmasına hədəflənib. Onun şirkəti keçən il "Boyalife" ilə birlikdə nadir Tibet köpəyinin klonunu yetişdirmək üzərində çalışıb.

HƏR ŞEY DOLLY ADLI QOYUNDAN BAŞLADI...

1996-cı ildə Şotlandiyada ilk məməlinin - Dolly adlı qoyunun klonlaşdırılmasından sonra Çin bu sahəyə özəl diqqətlə yanaşıb. O vaxtdan bəri Çin alimləri inək və donuzları klonlaşdırıblar. Düzdür, bu fəaliyyət yalnız sınaq məqsədi güdüb. ABŞ-ın bəzi ev heyvanları yetişdirmə proqramlarında da klonlaşdırmadan istifadə edilir. Avropa Parlamenti isə sentyabrda klonlaşdırılmış heyvanlar və onlardan alınmış məhsullara qadağa qərarı çıxarıb. Avropa Parlamentinin arqumenti ondan ibarətdir ki, bu texnika heyvanlara ənənəvi yetişdirmə üsullarından daha çox əzab verir.

"UZUNMÜDDƏTLİ ÇÖZÜM DEYİL... "

Çin Kənd Təsərrüfatı Universitetinin professoru Zhu Yi deyib ki, klonlaşdırma texnologiyası Çin xalqının mal ətinə artan tələbatının mal-qara idxalından asılılığını azalda bilər. Düzdür, xanim Yi xəbərdar edir ki, bu uzunmüddətli həll yolu sayıla bilməz. Onun fikrincə, bütün risklər araşdırılmalı və ölkənin mal-qara təsərrüfatı yenidən gözdən keçirilməlidir. "Boyalife" şirkətinin icraçı direktoru Xu Xiaochun-sə bildirib ki, onun şirkəti klonlaşdırılmış mal ətini bazara çıxarmazdan öncə Kənd Təsərrüfat Nazirliyindən və başqa hökumət idarələrindən icazə almalıdır. Şirkətin müraciətinə nazirliyin dərhal cavab vermədiyi də bildirilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR