Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Eyni faciə 58 il sonra təkrarlandı

Eyni faciə 58 il sonra təkrarlandı

Date: 7 December 2015 11:31

“Günəşli" yatağının 10 nömrəli platformasında baş verən yanğından 3 gün keçməsinə baxmayaraq, xilasedicilər itkin düşənləri axtarmaqda davam edirlər. Azərbaycan ictimaiyyəti isə bu dəhşətli faciənin günahkarlarını axtarır. Onlar, əlbəttə ki, hadisənin tam araşdırılmasından sonra tapılacaq.

Amma hadisənin əsas günahkarının coşmuş Xəzər olduğunu heç kəs danmır. “Günəşli” yatağında axtarış-xilas etmə işlərində iştirak edən xilasedicilərdən biri Denis Borodin facebook səhifəsində yazır ki, qəza zamanı Xəzərdə dalğaların hündürlüyü 11 metrə çatırdı. Birinci qayığı platformaya birləşdirən zəncirlər dalğanın gücünə tab gətirməyərək qırılıb. Nəticədə 30 neftçi buzlu suya düşüb və dalğalar onları bir neçə kilometr uzağa atıb. Bu cür şəraitdə onların sağ qalma şansı sıfıra bərabərdir.

Belə tufanlar Xəzər dənizi üçün nadir haldır və 50 ildən bir baş verir. Sonuncu dəfə belə güclü tufan Xəzərdə 1957-ci ilin noyabrında müşahidə olunub. O zaman da təbii fəlakət insan itkisinə səbəb olmuşdu. Noyabrın 21-i dünyaca məşhur “Neft Daşları”nı kəşf edən, sosialist əməyi qəhrəmanı Mixail Kaveroçkinin briqadası dəniz yatağının kəşfiyyatını aparırdı. Xəzərdə tufan başlayan zaman Kaveroçkinlə birgə platformada 21 neftçi olub.


Mixail Kaveroçkin


Dəniz üzərində 8 metr səviyyəsində yerləşən platformaya nəhəng dalğalar çırpılırdı. Amma insanlar panikaya düşmədilər, rabitəçi budkasından sahildə olan əməkdaşlar Mixail Kaveroçkinin sakit səsini eşidirdilər. O deyirdi ki, insanlar qülləyə tərəf gedirlər və oraya bağlanacaqlar ki, dənizə düşməsinlər.

Xilasedicilərin neftçilərə kömək etmək cəhdi uğursuz idi – nəhəng dalğalar platformaya yaxınlaşmağa imkan vermirdi. Yalnız bir sutkadan sonra xilasedicilərin gəmisi platformaya yaxınlaşa bilib, lakin artıq neft buruğundan heç bir əsər-əlamət yox idi. Dalğaların gücünə tab gətirməyən qurğu dənizin altına getmişdi... Dənizdə itkin düşən neftçilərin axtarışı heç bir nəticə vermədi, təbii fəlakətlə üz-üzə qalan 22 neftçi həlak oldu... Heç kəsi torpağa tapşırmaq mümkün olmadı... Neft Daşları itmiş neftçilərin rəmzi baş daşı oldu.

Kaveroçkinin adı Bakı küçələrinin birinə verilib. Həmin buruğun yerində isə neftçilər şəhərciyi – Neft Daşları salındı.



58 ildən sonra faciə təkrarlandı, Xəzər yenə onun dibindən çıxarılan neft müqabilində qanlı qurban tələb etdi. Yenə hündür dalğalar, yenə əlacsız neftçilər və yenə bir sutka sonra platformaya yaxınlaşa bilən xilasedicilər.

Bu gün itkin düşənlərin siyahısında 29 nəfərin adı var və onların sağ tapılacağına şanslar, demək olar ki, yox dərəcəsindədir. Amma Kaveroçkinin qrupundan fərqli olaraq onların cəsədlərinin tapılacağı və torpağa tapşırılacağı ümidləri kəsilmir.

Niyə bu faciə qaçılmaz oldu? Axı son 58 il ərzində hidrometeorologiya xidmətinin imkanları kifayət qədər inkişaf edib.

Məgər yaxınlaşan tufan haqda proqnoz vermək və neftçiləri təxliyə etmək mümkün deyildi? Bütün bunları müstəntiqlər araşdıracaq, bizə isə neftçilərin sağ olmasa belə cəsədlərinin tapılmasına ümid etmək qalır.

Amma əgər 50 il əvvəl olduğu kimi neftçilərin cəsədləri tapılmasa, 10-cu platforma onların məzarı hesab olunmalıdır. Bu yataq gün ərzində ölkəyə 900 ton neft və gün ərzində 1 milyon kub metr qaz verir və onu bağlamayacaqlar. Axtarışların nəticələrindən asılı olmayaraq, 10-cu platformanın adını dəyişdirərək həlak olmuş neftçilərin şərəfinə adlandırmaq və onların xatirələrini yaşatmaq lazımdır.

Tags:  Eyni faciə 58 il sonra təkrarlandı


RƏYLƏR


Top news