Sarqsyan diqqəti necə yayındırmaq istəyir?

Sarqsyan diqqəti necə yayındırmaq istəyir?
16:07 7 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistanda yenə qarışıqlıqdır. Qonşu ölkə növbəti gərginlik mərhələsinə qədəm qoyub. Ermənistan prezidenti Serj Sərkisyan əvvəlcə əhali üçün elektrik enejisi qiymətlərini qaldırdı və buna etiraz edənlər küçələrə axışdılar, qarşıdurma həftələrlə uzandı, məsələ az qala inqilabla yekunlaşacaqdı. Sərkisyan indi də Konstitusiya dəyişiklikləri etməklə erməni cəmiyyətini parçalayıb.
Konstitusiya dəyişikliklərinə görə, Ermənistan parlament respublikasına çevrilir. Bu o deməkdir ki, baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərindən yüksək olacaq, dövlət başçısını isə parlament seçəcək. Bu Sərkisyana ona görə lazımdır ki, 2018-ci ildə prezident vəzifəsi ilə sağollaşdıqdan sonra səhaliyyətləri yüksək olan baş nazir kreslosuna yiyələnsin. Ancaq Ermənistan cəmiyyətinin fəal hissəsi Sərkisyanın şıl0taq istəklərinə tabe olmaq istəmir. Ermənistan müxalifəti Konstitusiya dəyişlikləri əleyhinə çıxmaqla həm də gələcək prezident seçkisi öncəsi gücünü sınayır və narazı elektoratı ətrafında toparlayır.
Ermənistanda hər dəfə siyasi hərarət qalxdıqca cəbhə bölgəsində vəziyyət gərginləşir. Görünür, Sərkisyan ağır anlarında cəbhə bölgəsində təxribata əl atır ki, cəmiyyətin diqqətini sosial və siyasi problemlərdən Dağlıq Qarabağa və Azərbaycanla sərhədə yönəltsin, bununla əhalinin millətçi ruhunu qaldırsın.
Sərkisyan cəbhə bölgəsində gərginlik yaratmaqla bir başqa məqsədinə də çatmaq istəyir.
Sərkisyan və onu ətrafı Rusiya-Türkiyə münasibətlərindəki gərginlikdən öz məqsədləri üçün istifadə etmək istəyir. Məsələn, Kremlə yaxın bəzi rusiyalı ekspertlər təxribat xarakterli açıqlamalar yayırlar ki, guya Türkiyə Azərbaycanı Ermənistanla müharibəyə təhrik etmək istəyir ki, Ankara Rusiyaya Suriya xaricində, yəni Cənubi Qafqazda problem yaratsın. Həmin rusiyalı ekspertlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və baş nazir Əhməd Davudoğlunun qısa zaman kəsiyində Bakıya “şübhəli” səfərlərini misal göstərirlər. Həqiqət isə bundan ibarətdir ki, Türkiyədə hər seçkidən sonra qalib gələn siyasətçi ilk xarici səfərini Azərbaycana edir. Bu strateji müttəfiqlikdən irəli gəlir.
Ermənistan ordusu Sərkisyanın təlimatı ilə cəbhə bölgəsində atəşkəsi pozanda gərginliyə ümid edir. Məqsəd odur ki, “gördünüz türkiyəli rəsmilərin Bakıya səfərlərindən sonra cəbhə bölgəsində vəziyyət gərginləşdi” fikrini onları idarə edənlərin diqqətinə çatdıra bilsinlər. Rəsmi İrəvan bununla Rusiyanın Ermənistan tərəfdən prosesə müdaxiləsinə ümidlidir.
Ancaq rəsmi İrəvanın “tətbiq etdiyi” siyasətin bumeranq effekti var. Azərbaycan cəbhə bölgəsində işğalçının təxribatlarına layiqli cavab verir, düşmən itkiyə məruz qalır. Rusiyadan isə səs çıxmır. Bu mümkün də deyil, çünki Rusiyada onu da anlayırlar ki, Azərbaycan ordusunun Ermənistana hücum etmək kimi planı yoxdur, ordumuz işğalçının Dağlıq Qarabağ ətrafındakı postlarını məhv edir. Bu prezident İlham Əliyevin “Ermənistan əsgərinin və zabitinin Ağdam və Fizulidə nə işi var” strategiyasına da uyğundur. Azərbaycan ordusu cavab həmlələri ilə Serj Sərkisyanın planlarını nəinki pozur, Ermənistan ordusunun üzləşdiyi itkilər onun vəziyyətini bir az daha ağırlaşdırır. Çünki, Ermənistandakı “əsgər anaları” bu itkilərin nəyin və kimin naminə baş verdiyini anlamır və hər dəfə Prezident Administrasiyasının qarşısında toplaşırlar.
Ermənistanda siyasi və sosial durumun ağırlaşması fonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün əhəmiyyəti azalır. ATƏT-in Minsk Qrupu həmsədrləri prezidentləri dekabrın əvvəlində Parisdə görüşdürmək istəyirdilər. Ancaq bu obyektiv səbəblərdən alınmadı. Çünki Parisdə görüş üçün zəmin yox idi, danışıqlarda irəliləyiş qeydə alınmayıb, Sərkisyan Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşmır. Həmsədrlər indi də deyirlər ki, prezidentlər dekabrın sonunda görüşəcəklər. Sərkisyanın kreslosu laxlayır. Ona görə belə bir görüşün baş vermə ehtimalı yüksək deyil. Sərkisyana görüş status-kvonu uzatmaq üçün lazımdır. Bizə isə bu lazım deyil...
Elxan Şahinoğlu, xüsusi olaraq “Report” üçün.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/serkisyan-diqqeti-nece-yayindirmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR