Xəzərin "açarı" Azərbaycanda imiş

Xəzərin "açarı" Azərbaycanda imiş
21:52 7 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Gəmiqayırma Zavodunun gəmiləri istifadəyə verməsi Xəzər üzərindən həm yük, həm sərnişin daşınmasının artmasını şərtləndirir. Digər tərəfdən, bu zavod təkcə yeni gəmi istehsal etmir, həm də gəmilərin təmiri sahəsində də işlər görür. Zavodun bu imkanları bütün Xəzəryanı ölkələrin - Rusiya, Qazaxıstan, İran, Türkmənistanın öz gəmilərini burada təmir etmək ehtimalını artırır. Beləliklə, Azərbaycan Xəzər hövzəsinin "açar ölkəsi"nə çevrilir.

Bu barədə Milli.Az-a şərhində Azərbaycan Respublikasının Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizinin iqtisadi əməkdaşlıq hövzəsinə çevrilməsi üçün gözəl şərait yaradıb: "Azərbaycan Xəzər hövzəsinin iqtisadi əməkdaşlıq məkanına çevrilməsində ən mühüm təşəbbüsçülərdən və təşkilatçılardan, investisiya layihələrini həyata keçirən ölkələrdən biridir. Azərbaycan Xəzər hövzəsində ən böyük limana - Bakı Dəniz Ticarət Limanına malikdir. Bu limanın illik mal dövriyyəsi 20-30 milyon ton arasında qiymətləndirilir. Gələcəkdə isə bu rəqəmin daha da artması gözlənilir. Bu liman respublikanın həm gəmi, həm də avtomobil yolu xəttinə yaxın olduğuna görə, artıq Ələtdə logistika-nəqliyyat mərkəzinin yaradılmasından söhbət gedir. Bu prosesi sürətləndiriən şərtlərdən biri də odur ki, Bakı Gəmiqayırma Zavodu da Bakı Dəniz Ticarət Limanına yaxın yerləşir. Həm də nəzərə almaq lazımdır ki, Ticarət Limanının inkişafı Böyük İpək Yolunun üzərində də kifayət qədər geniş imkanlar yaradır. Artıq Çindən gələn ilk yük konteyneri bizim üzərimizdən keçməklə Gürcüstana göndərilib. Gələcəkdə bu konteynerlərin sayının artması gözlənilir".

İqtisadçının fikrincə, gələcəkdə Bakı Dəniz Ticarət Limanının mövqeləri ümumən həm yük daşımalarında, həm də sərnişin daşımalarında daha da güclənəcək: "Bu limanın istifadəyə verilməsi Rusiyada Həştərxan, Qazaxıstanda Aktau və Atırau, Türkmənistanda Türkmənbaşı, İrandakı Rəşt limanlarının da infrastrukturunun yaxşılaşdırılması üçün əlavə stimul verir. Bu stimul həm Böyük İpək Yolu,  həm də Şimal-Cənub xətti üzrə daşımaçılığın daha da genişləndirilməsinə gətirib çıxaracaq.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan artıq multimodal, yəni çoxnövlü daşımaçılıq həyata keçirə bilir:

"Azərbaycan dəniz ticarət limanı ilə yanaşı, hava daşımaçılığı infrastrukturuna da böyük investisiya yatırıb və son 10 ildə 6 beynəlxalq aeroport istifadəyə verilib. O cümlədən Heydər Əliyev adına Beynəlxalq Hava Limanının tamamilə yenidən qurulması, yeni terminalın istifadəyə verilməsi ilə hava daşımaçılığının imkanları daha da genişlənib. Bu, Azərbaycanın Böyük İpək Yolu və "Şimal-Cənub" dəhlizi üzərində çox mühüm ölkə olduğunu göstərir. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Bakı-Ələt limanlarının imkanlarını daha da gücləndirdiyi nəzərə alınsa, dediklərimizin nə dərəcədə həqiqət olduğunu görə bilərik. Necə ki, 20 il öncə biz Xəzərin karbohidrogen ehtiyatlarını bütün dünyaya açdıq, indi həmin resurslardan əldə etdiyimiz gəlirləri infrastruktura yatırmaqla Xəzəri qeyri-neft və qeyri-qaz, xüsusən də nəqliyyat, logistika, ticarət sektorları üzrə əməkdaşlıq məkanına çevrirə bilirik. Fikrimcə, bu, Azərbaycanın əldə etdiyi çox böyük uğurdur".

Qeyd edək ki, ötən həftə Azərbaycan gəmiçilik tariflərini də azaldıb. Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, prezident İlham Əliyevin göstərişlərinə əsasən, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edildi. Mütəxəssislər bu faktın da Azərbaycanın Xəzər üzərindən daşımaçılıqda mühüm mərkəzə çevrilməsinə müsbət təsir edəcəyini düşünürlər.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/388359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR