Tibb Universitetində Azərbaycanda ilk dəfə hamilə qadının ürəyində əməliyyat aparılıb

Tibb Universitetində Azərbaycanda ilk dəfə hamilə qadının ürəyində əməliyyat aparılıb
16:48 8 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC 
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri ölkəmizdə ilk dəfə hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər. Bu, dünyada üçüncü belə uğurlu əməliyyatdır. Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın uğurla keçdiyini, bunun nəinki Azərbaycan, hətta dünya üzrə böyük bir nəticə olduğunu bildirib: "Çünki bundan əvvəl dünyada cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib. Klapanın dəyişdirilməsi kifayət qədər ciddi bir əməliyyatdır. Bundan əlavə, xəstədə ikincili klapandəyişmə əməliyyatı planlaşdırılırdı. Bu, işin çətinliyini daha da artırırdı. Xəstə ananın bətnində dölün olduğunu nəzərə alsaq, belə əməliyyatın həddən artıq məsuliyyətli olduğunu deyə bilərik. Çünki əməliyyat ana və dölün həyatı üçün riskli idi. Fəxrlə deyərdim ki, dünyada üçüncü dəfə məhz biz hamilə qadında dölün həyat fəaliyyətini davam etdirməsi ilə belə uğurlu əməliyyatı icra etdik. Belə bir ilkə məhz Tədris Cərrahiyyə Klinikasında imza atıldığına görə qürur hissi keçiririk”.
Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidovun sözlərinə görə, 35 yaşlı qadın üç il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. Bu xanımda ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edilib, mexaniki klapan yerləşdirilib. Əməliyyatdan sonra hansısa bir problem yaranmayıb. Lakin əməliyyatdan sonra bu xanım hamilə qalmaq istəyib. Həkimlər buna etiraz edərək hamiləliyin həmin xanıma əks göstəriş olduğunu izah ediblər. Həmin xanıma dölün salamat qalması ehtimalının çox az olduğu izah edilib. Buna baxmayaraq özü də həkim olan bu xanım hamiləliyə qərar verib.
Həkim bildirib ki, belə xəstələrin izlənməsi çox çətindir. Çünki xəstənin ürəyindəki mexaniki klapanın işləməsi üçün lazım olan dərmanlar uşağın inkişafı üçün zərərlidir. Bu dərmanların bəzilərinin əvəzedicisi isə dünyada yoxdur. Onları yalnız qismən əvəz edən dərmanlar var. Hər an ananın ürəyindəki klapanın dayanması riski var. Bu da xəstənin həyatı üçün təhlükəlidir. Altı ərzində həm döl, həm ana nəzarət altına alınıb, mütəmadi olaraq kardioqram çəkilib. Lakin 10 gün öncə xəstənin vəziyyəti pisləşərkən müayinə zamanı məlum olub ki, dölün həyat fəaliyyəti pozulmayıb. Amma anaya qoyulan mexaniki klapanın trombozlaşması aşkarlanıb. Bu cür hallarda yeganə çıxış yolu xəstənin yenidən əməliyyat olunmasıdır. “Bu, çox ağır bir qərar idi. Həmin vaxt klinikanın aparıcı heyətindən ibarət komissiya yaradıldı. Konsilium zamanı xəstənin yaxınlarının da razılığı ilə əməliyyata qərar verildi. Burada əsas ananın həyatını qurtarmaq idi. Bu cür əməliyyatlarda ananın ürəyi dayandırılır, süni ürək damarlarına klapan qoşulur və xəstə soyudulur. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçdi - həm ananı, həm dölü qurtara bildik”, - deyə M.Məcidov bildirib.
Əməliyyatda iştirak edən Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayevin sözlərinə görə, bu, çox çətin bir əməliyyat olsa da, həkimlərin səyi nəticəsində proses uğurla başa çatıb: “Hazırda ananın da, dölün də vəziyyəti yaxşıdır və onlar evə buraxılıblar. Ürəyi əməliyyat olunan xanım normal doğuş keçirə biləcək”.
Klinikanın II mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov deyib ki, hamiləliyin çox riskli olduğu xəstəyə əvvəlcədən izah edilmişdi. Buna baxmayaraq ailə hamiləliyi davam etdirmək qərarını verib. Hamiləliyin 24-cü həftəsinə qədər hər şey normal getsə də, bundan sonra xəstənin ayağında çox cüzi şişkinlik və təngnəfəslik əmələ gəldi. Xəstəxanada konsiulum toplandı, uşaq həkimi, ürək cərrahları, anestezioloqlar, reanimatoloqlar fikirlərini bildirdilər. Hətta hamilələyə son verilməsi təklifləri səsləndi. Lakin mən bununla razılaşmadım. Hamılıqla hamilə ikən əməliyyatın icra olunmasına qərar verildi.
T.Canbaxışov qeyd edib ki, bundan əvvəl Tədris Cərrahiyyə Klinikasında ürək əməliyyatları keçirilib. Lakin ilk dəfədir ki, hamilə qadında belə əməliyyat aparılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tibb_Universitetinde_Azerbaycanda_ilk_defe_hamile_qadinin_ureyinde_emeliyyat_aparilib-909363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR