İnsanlığın səadət kitabı

İnsanlığın səadət kitabı
23:12 8 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Allah-Təala insana ağıl və iradə kimi iki böyük əmanət, iki misilsiz nemət verib. İnsan həyatda nə qazanırsa, bu iki gücün, bu iki nemətin sayəsində qazanır.

Ağıl - işlətmək üçündür, ağıl da alət kimidir, işləndikcə cilalanır, daha parlaq, daha iti hala gəlir. Əgər diqqət yetirmisinizsə, Qurani-Kərimin ən azı yüz  yerində insana düşünmək, təfəkkür etmək tövsiyə olunur. Buyurulur ki, gözlərini aç, dünyaya bax, ibrət al, doğru yolu seç. Yəni ağlını işlət, ağlı olmayanın heç bir şeyi olmaz. Ağlı olmayan dəlidir, dəlinin nə ibadəti var, nə itaəti. Allah-Təala (c.c.) bu mübarək kitabında buyurur ki, ağlını işlətməyənlərin başına göydən müsibətləri yağmur kimi endirərik.

İnsan düşündükcə Haqqa yaxınlaşar. Doğru istiqamətdə düşünmək əslində ibadətdir.

Bir adı Nur olan uca kitabımız Quran insan ağlının vara bilməyəcəyi bir ucalıqdır, ona doğru istiqaməti göstərir. Quran ağıl kitabıdır, onu düşünərək oxumaq, oxuyaraq düşünmək insanı hər cür çətinlikdən, fəlakətdən qurtarar.

Quran yas kitabı deyil, ölü üstündə oxunmaq üçün deyil, kitab rəfinin ən yüksək yerində saxlayıb, şəfaət ummaq üçün deyil; oxumaq üçündür, oxuyub öyrənmək üçündür, həyatını onun göstərişləri ilə inşa etmək üçündür.

Əslində Qurani-Kərim nədir, bilirsinizmi? - Ən gözəl insan layihəsi.

Bir bina tikməzdən əvvəl onun layihəsi hazırlanır. Pilləkən haradan başlayıb, harada qurtaracaq, pəncərələr hansı divarda oturacaq, tavanın hündürlüyü nə qədər olacaq, mənzildə neçə qapı olacaq... bir sözlə, hər şey dəqiqliyinə qədər ölçülüb-biçilir və sonra o layihə üzrə iş başlayır.

Qurani-Kərim də insan layihəsidir, kim ömrünü o layihə ilə inşa edərsə, Allah yanında da üzü ağ olar, insanlar arasında da.

Mehmet Akif Ərsoy Quranı xurafata alət edənlər haqda belə deyir:

Enməmişdir hələ Quran, bunu haqqıyla bilin,

Nə məzarlıqda oxunmaq, nə də fala baxmaq üçün.

Oxumadan, öyrənmədən, buyruqlarını öz həyatına tətbiq etmədən Qurandan şəfaət gözləmək bilirsinizmi nəyə bənzəyir? - Həkim sənə bir resept yazıb, sən də o resepti cibində gəzdirməklə şəfa tapacağını düşünürsən. Şəfa tapmaq istəyirsənsə, o reseptdə göstərilənlərə əməl eləməlisən, yoxsa o kağız parçasından sənə nə xeyir olacaq ki?..

Bu şəfa söhbəti də əslində daha geniş bir mövzudur. Çünki Quran həm də bir şəfa kitabıdır, könüllərin, ruhun şəfası.

Ədalət gücdür, nemətdir, sərvətdir. Xalq öz ədaləti ilə abad olur, dövlət öz ədaləti ilə güc qazanır. Ədalətin ayaqlar altına atıldığı bir yerdə nə gözəllik var, nə tərəqqi. Ədalət tərəqqidir. Tərəqqi olmayan yerdə tənəzzül yaşanır.

Şərq tarixinə baxın: xalqlar və dövlətlər Qurana yaxın olduqları müddətdə intibah dövrü yaşayıblar, inkişaf ediblər. Elm yayılıb, insanlar arasında ədalət bərqərar olub. Nə zaman ki, insanlar Qurandan uzaq düşməyə başlayıblar, müsəlman adı daşıyan əcdadımız və bizlər yadların qapazaltısına çevrilmişik.

Niyə uzağa gedirik ki, elə indinin özündə də bir iş görən kimi gözümüz onun-bunun ağzında qalır ki, görən filankəslər nə deyəcəklər, işimizi bəyənəcəklər, ya yox?

Elə bu məqamda yenə Mehmet Akif Ərsoydan başqa bir misal gətirək. Şair İslam aləminin Qərb qarşısında bu qədər zəif qalmasının səbəbini bir qədər yuxarıda dediyimiz kimi, Qurandan uzaq qalmasında görür və belə deyir:

"Biz bir vaxtlar Qərbə qılınc yelləyirdik, indi quyruq yelləyirik".

Bu könül insanının sevgisinə də, qəzəbinə də heyran olmaya bilmirsən. Görün başqa bir şeirində Qurandan uzaq düşmüş İslam dünyasının ətalətini, acizliyini necə təsvir edir:

İslamı qolundan tutacaq, qaldıracaq yox,

Haqsız yerə fəryad ediyor, acizə haqq yox.

Yetməzmi müsab olduğumuz bunca dəvahi?-

Ağzım qurusun, yoxmusun ey ədli-İlahi!

Bu münacat şairin Allah-Təalaya üsyanı deyil, öz acizliyinə, xalqının ətalətinə etirazıdır. Acizlə məzlumun fərqi nədir, bilirsinizmi? - Məzlum zülmə məruz qalana deyilir, amma zülmə məruz almaq hələ o demək deyil ki, o, iradəsizdir, həyatının məqsədini, boynuna düşən vəzifəni anlamır. Bəlkə də hər şeyi bilir, borcunu da yaxşı anlayır, iradəsi də sapsağlam, dipdiridir, sadəcə, məqamını gözləyir, səbir edir. Aciz isə iradəsindən imtina etmiş, başının üstündəki zalım ağaların kölgəsinə çevrilmiş, öz içindən, mənliyindən imtina etmiş və bu boşluğu ağalarının istəyi ilə doldurmuş zavallıdır. Məzlumun dözümü səbir ola bilər, acizin dözümü isə zavallılıq, rəzillikdən başqa bir şey deyil.

Kimlərsə iddia edirlər ki, Qurani-Kərim bu qədər canlı, bu qədər möhtəşəm elm mənbəyi olduğu halda, müsəlmanlar niyə geridə qalırlar. Bu sualın cavabı odur ki, biz düşünmürük, öyrənmirik, ibrət almırıq, gördüklərimizi oxuya bilmirik.  Qurani-Kərim məntiqinə görə, Allahın yaratdığı ağaclar da, quşlar da, otlar da, göy üzündə üzən buludlar da, su da... hər biri ayrı-ayrılıqda ayələrdir. Hər birini oxumaq, öyrənmək əmr olunub bizlərə. Peyğəmbərimiz: "Təfəkkür ibadətdir" söyləyib, başqa bir yerdə də "elm - möminin itiyidir, harada görsə, götürməlidir" buyurmaqdadır. Amma nə yazıq ki, biz bu ibadətdən özümüzü məhrum hala gətirmişik.

Quran onu da söyləyir ki, başınıza gələn gözəl işləri Allahdan, bəla və müsibətləri isə özünüzdən bilin. Bu bilginin mərkəzində o həqiqət dayanır ki, insan cızığından çıxmayınca başına bəla gəlməz, başına gələnlər olsa-olsa Allahın onun qarşısına çıxardığı imtahanlardır ki, bunu özü anlar. Öz cızığından çıxan insan isə başqalarının haqqını tapdayar, günah işləyər, özünü cəzaya layiq hala gətirər.

Buyurun, vəziyyətimizə yüngülcə nəzər salaq. Quran ədaləti öyrədir, nə qədər ədalətliyik? Quran "ehtiyacınızdan artığını paylayın" buyurur, nə qədər səxavətliyik; Quran "ehtiyac altında bükülmüşü o borcdan qurtarın" deyir neçə yaraya məlhəm ola bilmişik? Qeybət etməyi yasaqlayır, qeybətdən uzaq dura bilirikmi? İftiraya, yalan yerə şahidlik etməyə yaxın durmamağı əmr edir, bu əmri yerinə yetiririkmi? Yetim malı yeməyi haram buyurur, imtina edirikmi?..

Bəlkə də sən zahirən çox şeyi bəzəyə, boyaya bilərsən, amma insanın içi bəzək götürmür, boya tutmur. Tərəqqi də, tənəzzül də, hər şeydən əvvəl, insanın içindədir.

İslam tərəqqi təlimi, Quran onun baş proqramıdır.

Kim nə düşünür-düşünsün, kim nə eləyir-eləsin, amma kimsə unutmasın ki, hər kəs özünün şahididir. Bunu biz söyləmirik, Quran bildirir.

Aqibətimiz xeyir olsun!  
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR