Polşanın Sileziya Universitetində Azərbaycanla bağlı tədbir keçirilib

Polşanın Sileziya Universitetində Azərbaycanla bağlı tədbir keçirilib
23:13 9 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 8-də Katovitsa şəhərində yerləşən Sileziya Universitetində Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan-Polşa əlaqələrinə həsr olunmuş görüş keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfirliyin əməkdaşları, universitetin tələbə və müəllim heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin Katovitsa şəhəri üzrə bölməsinin sədri Kristian Yavorski cəmiyyətin yeni açılmış Katovitsa bölməsi haqqında məlumat verib və tələbələri Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin üzvü olmağa dəvət edib.
Daha sonra çıxış edən Sileziya Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Miroslav Nakonieçni belə görüşlərin gələcəkdə Azərbaycan və Polşa gəncləri, müəllimləri arasında əlaqələrin qurulmasına müsbət təsir edəcəyinə inandığını bildirib.
Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin sədri David Tsetsuda çıxışında cəmiyyət üzvlərinin bu il ərzində iki dəfə Azərbaycana etdikləri səfərlər, Azərbaycan İqtisadiyyat Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Diplomatiya Akademiyasında keçirilən görüşlər, həmçinin Azərbaycan-Polşa gəncləri arasında əlaqələrinin inkişafını nəzərdə tutan gələcək layihələr haqqında məlumat verib.
Sonra cəmiyyətin bir illik fəaliyyətinə və Azərbaycana həsr edilmiş qısa filmin təqdimatı olub.
Görüşdə çıxış edən səfir Həsən Həsənov Azərbaycanın qədim tarixi, mədəniyyəti və müasir dövrü haqqında ətraflı məlumat verib. Səfir, həmçinin Azərbaycan-Polşa əlaqələrinin, o cümlədən Azərbaycan dövlətçiliyinin, elminin, neft sənayesinin və memarlığının inkişafında xüsusi xidmətləri olmuş şəxslər haqqında ətraflı danışıb. Eyni zamanda, səfirliyin Azərbaycan-Polşa münasibətlərinin inkişafı məqsədilə təşkil etdiyi silsilə tədbirlər haqqında məlumat verib.
Sonda səfir tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırıb.
Tədbir çərçivəsində, həmçinin səfirlik tərəfindən polyak dilində nəşr olunmuş Azərbaycana aid kitablardan və foto-şəkillərdən ibarət sərgi də təşkil edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polsanin_Sileziya_Universitetinde_Azerbaycanla_bagli_tedbir_kechirilib-909865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR