Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri ilə görüşüb

Date: 10 December 2015 15:38


Pekin, 10 dekabr, AZƏRTAC 
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri (parlament sədri) Can Decian ilə görüşüb.
Prezident İlham Əliyevi ölkəsində salamlayan Can Decian dövlətimizin başçısını rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik etdi. O, Azərbaycan Prezidentinin Çinə dövlət səfərinə böyük əhəmiyyət verildiyini dedi, bu səfərin gələcək əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirdi. Can Decian Çinin ölkəmiz ilə dostluq münasibətlərinin dərinləşməsinə böyük önəm verdiyini, Azərbaycanın Cənubi Qafqazda Çinin mühüm tərəfdaşı olduğunu vurğuladı. Ölkələrimiz arasında qarşılıqlı etimadın mövcudluğunu, mühüm məsələlərdə Azərbaycanın və Çinin hər zaman bir-birinin yanında olduqlarını deyən parlamentin sədri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyini bildirdi, Azərbaycanın da “Vahid Çin” məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiklərini deyən Can Decian Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, respublikamızda sabitliyin hökm sürdüyünü, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla icra edildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev Çinə səfərindən məmnunluğunu bildirdi, bu səfərin Azərbaycan-Çin əməkdaşlığının gələcək inkişafında mühüm mərhələ olacağını dedi. Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrikinə görə Can Deciana minnətdarlıq edən dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında uzun illərdir fəal əməkdaşlığın aparıldığını bildirdi. Prezident İlham Əliyev Çinə dövlət səfərinin ikitərəfli əməkdaşlığın gələcək inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. Ölkələrimizin siyasi və iqtisadi sahələrdə uğurla əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkəmizin bu layihədə mühüm tranzit iştirakçıya çevrilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin Asiya İnfrastruktur İnvestisiyaları Bankı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini dedi.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu, Çinin bu problemin ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi, Ermənistanın münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qərar və qətnamələri yerinə yetirmədiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın da “Vahid Çin” prinsipinə dəstək verdiyini, ölkələrimizin beynəlxalq terrorizm, təcavüzkar separatizm kimi təhlükələrə qarşı eyni mövqedən çıxış etdiyini bildirdi.
Görüşdə parlamentlərarası əlaqələr, regional, humanitar, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Tags:  Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri görüşüb


RƏYLƏR


Top news