“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub
12:48 11 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Terminologiya qloballaşma və sürətli elmi-texniki tərəqqi şəraitində xüsusi əhəmiyyət daşıyır. Müxtəlif predmet sahələrində gedən inkişafla əlaqədar terminlərin də sayı gündən-günə artmaqdadır. Bu tendensiya informasiya təhlükəsizliyi sahəsində daha sürətli və dinamikdir.
İnformasiya təhlükəsizliyi üzrə yeni terminlərin meydana gəlməsi mütəxəssislər qarşısında bir sıra ciddi terminşünaslıq problemləri qoyur. Qeyd olunan sahədə vahid anlayışlar sisteminin (termin və təriflərin) yaradılması informasiya təhlükəsizliyi üzrə elmi tədqiqatların prioritet problemləri sırasına daxildir.
Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” hazırlanıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, belə bir lüğətin ərsəyə gəlməsi informasiya təhlükəsizliyi sahəsində Azərbaycan dilində terminologiyanın sistemləşdirilməsi məqsədi daşıyır.
Yeni nəşrin müəllifi institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, elmi redaktoru isə institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevdir.
Lüğətdə informasiya təhlükəsizliyi üzrə elmi və praktik fəaliyyətin əsas istiqamətlərini əhatə edən, elmi və kütləvi ədəbiyyatda rast gəlinən 600-dən çox ingilisdilli termin və onların Azərbaycan dilinə tərcümə variantı təqdim olunub.
Kitab informasiya təhlükəsizliyi üzrə ixtisaslaşan mütəxəssislər, elmi tədqiqatçılar və tələbələr üçün nəzərdə tutulub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Informasiya_tehlukesizliyi_terminlerinin_izahli_lugeti_nesr_olunub-910316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR