Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İntellektual gələcəyə etibarlı zəmin yaratmış lider

İntellektual gələcəyə etibarlı zəmin yaratmış lider

Date: 12 December 2015 13:22

Milli.Az "Azərbaycan" qəzetinə istinadən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun məqaləsini təqdim edir.

Tarixi reallıqlar təsdiq edir ki, daxilən güclü, vətənpərvər və qətiyyətli liderə malik olmayan xalqın yaranmış şansdan düzgün faydalanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyil. Əlverişli mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq ucalığına qovuşurlar. Belə şəxsiyyətlər həm də xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, 

siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar.
Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev də belə liderlərdən biri olaraq müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş və hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ulu öndər ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir. Heydər Əliyev bir-biri ilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-iqtisadi formasiyada ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. 
1969-cu il iyulun 14-də - keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli liderin Azərbaycan rəhbərliyinə irəli çəkilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Böyük rəhbər plenumda dərin məzmunlu çıxışı ilə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini demişdir. Həmin plenumda ana dilində nitq söyləməklə köhnə stereotipləri alt-üst etmiş, milli ideallara bağlı lider olduğunu nümayiş etdirmişdir. Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikaları sırasına düşməsinin səbəblərini araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. 
Ötən əsrin 60-cı illərinin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda siyasi rəhbərliyə seçilən yeni başçının ilk işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərməsinin qarşısını almaq olmuşdur. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafına kompleks tədbirlər görüldü. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi. 
Ümummilli liderin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipiallıq göstərmişdir. Ümumilikdə 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və səyi sayəsində Azərbaycanda onlarca zavod, fabrik, istehsalat sahəsi yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. 
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev 1970-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüsü sayəsində mümkün olmuşdur. 
Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, əgər 1970-ci illərdə Azərbaycanın təkmil neft sənayesi kompleksi formalaşmasaydı, müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirmək də çətin olacaqdı. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın bir vaxt müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır. 
Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə daxilən bağlı bir şəxsiyyətin respublikaya rəhbərliyə başlaması o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha və yüksəlişə ciddi zəmin yaratmışdır. Ulu öndər heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Heydər Əliyev ideoloji baryerlərin son dərəcə sərtliklə işə düşdüyü bir dövrdə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra addımlar atmışdır. Müdrik xalqımız onun rəhbərliyi altında milli yaddaşını, zəngin mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumuş, dövlət müstəqilliyi üçün siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırmışdır. Heydər Əliyevin o dövrdə repressiya qurbanlarına bəraət verilməsi istiqamətində gördüyü işlər də azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Ümummilli lider 1960-cı illərdə milli düşüncə sahibi olduqlarına görə təqibə məruz qalmış görkəmli Azərbaycan yazıçı və şairlərini, tarixçilərini məhv olmaq təhlükəsindən hifz etmişdir.

Böyük strateq Azərbaycanın dahi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi, əsərlərinin nəşri, heykəllərinin ucaldılması, muzeylərinin yaradılması, eləcə də xalqın tarixinin, mədəniyyətinin, ədəbiyyatının yaşadılması, bütövlükdə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırılması məqsədini daim açıq söyləmişdir. Yüksək prinsipiallıq nümayiş etdirən Heydər Əliyev qarşısına qoyduğu bir sıra ali məqsədlərə nail olmuşdur. Təkcə bu faktı demək kifayətdir ki, görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 100 illik yubileyini qeyd etmək, onun heykəlini ucaltmaq üçün Sovet imperiyasının rəhbərliyi ilə mübarizəyə iki ilə yaxın vaxt sərf etmişdir. 
Azərbaycan xalqının türk mənşəyi daha çox qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"da əksini tapdığından, sovet ideologiyası 1920-1950-ci illərdə dastanın öyrənilməsini qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına çalışmışdı. Ulu öndər bu qadağanı da aradan götürərək dastanın araşdırılması və tədqiqinə normal şərait yaratmışdır. "Kitabi-Dədə Qorqud"la bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxalmış, bu mövzuda bədii film çəkilmişdir. 
Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmaqla ilk nöbvədə xalqımızın intellektual sabahını düşünmüşdür. Ulu öndərin hələ Azərbaycana birinci rəhbərliyi dövründə uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəlişində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. 1970-1980-ci illərdə təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli mütəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Heydər Əliyev peşəkar strateq olaraq daim qeyd etmişdir ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. 

Təsadüfi deyil ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Ulu öndərin təşəbbüskarlığı, qətiyyəti və iradəsi sayəsində həmin illərdə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdir. Həmin illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. 
Böyük rəhbər mövcud ideologiyanın qəlibləri çərçivəsində belə Azərbaycanda milli təhsil sisteminin sıxışdırılmasına yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum istifadə etməyi bacarmışdır. Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də ulu öndərin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev Sovet Azərbaycanına hakimiyyətə gəlişindən dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də təntənəli tədbirdə iştirak etmişdir. Ulu öndər yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmiş, dərin məzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrilmişdir: "Bu gün Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi təntənə ilə qeyd edilir. Azərbaycan elminin həyatında, onun mədəniyyətinin tərəqqisində, Azərbaycan elminin inkişafında, iqtisadiyyatının yüksəlişində yubilyarımız böyük və səmərəli rol oynamışdır. Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır". 

Ümumiyyətlə, ulu öndər Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirlər həyata keçirmiş və bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini də dövlət müstəqilliyinə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır. O dövrün statistikasına əsasən, Azərbaycan, Ukrayna və Rusiya da daxil olmaqla, SSRİ büdcəsindən dotasiya almadan öz problemlərini həll etməyə qadir üç respublikadan biri olmuşdur. 
Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqımızın gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni belə reallığa çevirmiş liderdir. "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı" deyən Heydər Əliyev həmin dövrü Azərbaycanın inkişafında mühüm mərhələ kimi dəyərləndirmişdir. 

Məhz həmin illərdə formalaşdırılmış böyük iqtisadi potensial 1990-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir. Ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. 

Heydər Əliyev özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onun reallaşdırılmasına çalışmışdır. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır. 

Ulu öndər Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq, ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin Qərb bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görmüşdür. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. 
Ulu öndər Heydər Əliyevin yaratdığı hüquqi dövlət və vətəndaş cəmiyyəti Azərbaycanın Avratlantik məkana inteqrasiyası prosesini sürətləndirmiş, Avropanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq yeni müstəvidə inkişaf etmişdir. Hüquqi dövlət quruculuğu sahəsində ayrı-ayrı dövlətlərin çoxəsrlik təcrübəsi nəzərə alınsa da, bu təcrübə olduğu kimi tətbiq edilməmiş, əksinə, yeni ideya və çalarlarla zənginləşdirilmiş formada həyata keçirilmişdir. Heydər Əliyev müdrik rəhbər olaraq hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması naminə ilk növbədə respublikada qanunçuluğun və hüquq qaydalarının bərpasına nail olmuşdur. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə respublikamız hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla addımladığını bir daha dünyaya nümayiş etdirmişdir. Azərbaycan Respublikası Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən, hüquqi prinsipləri özündə ehtiva edən tarixi sənəd olaraq xalqın rifahına xidmət edən dövlət idarəetmə mexanizminin hüquqi təməlinə çevrilmişdir.
Ölkədə elmə, təhsilə, yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə daim ciddiliklə yanaşan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də bu mütərəqqi ənənəyə sadiqlik nümayiş etdirmişdir. Hakimiyyətə qayıdışından sonra ilk görüşlərindən birini AMEA-da keçirən ulu öndər alimlərlə görüşündə bu elm məbədinin ləğvini istəyən qüvvələrin heç zaman niyyətlərinə çata bilməyəcəklərini demişdir. 

2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş mərasimdə dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti ulu öndərin həmin görüşünü xatırladaraq demişdir: "Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində akademiyanın işinə münasibət o qədər də müsbət deyildi. Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə ovaxtkı hakimiyyət hətta akademiyanın bağlanması ilə bağlı təklif irəli sürmüşdü. Ümumiyyətlə, ovaxtkı rəhbərlik hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına ehtiyac yoxdur. Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son qoyuldu. Ulu öndərin ictimaiyyətlə ilk görüşü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bugünə qədər Azərbaycan elminin inkişafına çox böyük diqqət göstərilir. Bu sahə bu gün də prioritet sahələrdən biridir".
Ümummilli lider vaxtilə məzunu olduğu Bakı Dövlət Universitetini də qətiyyən unutmamış, bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin dəfələrlə universitetə gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. 

BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Görkəmli dövlət xadimi ilə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Ən azı bu səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsində də, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır. Müstəqillik illərində BDU-nun 75 və 80 illik yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə keçirilmişdir. Bu aparıcı ali təhsil ocağına diqqət və qayğının daha bir sübutudur.

Ülu öndər böyük şəxsiyyət olaraq təkcə Azərbaycan dövlətçiliyinin əbədi mövcudluğu üçün zəruri əsaslar formalaşdırmaqla kifayətlənməmiş, həmçinin bu dövləti yeni əsrdə inamla irəli aparacaq, əzmlə inkişaf etdirəcək, bir sözlə, alternativsiz siyasi kursun davamlılığını bütün sahələrdə təmin edəcək lider yetişdirmişdir. Böyük qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev son 12 ildə ulu öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində çoxşaxəli islahatlar kursunu davam etdirərək Azərbaycanı iqtisadi cəhətdən inkişafda olan, demokratik dəyərləri sürətlə mənimsəyən, bir sözlə, modernləşən dövlətə çevirmişdir. 
Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə çevirmişdir. İnam və əzmkarlıqla həyata keçirilən siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırmış, insan inkişafı indeksində yüksəlişini təmin etmiş, onu sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirmişdir. Azərbaycanda hazırda mövcud olan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu model qeyri-adiliyi ilə sosial-iqtisadi və mədəni inkişafı balanslı və əhatəli şəkildə təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. 2012-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. Ümumilikdə son 12 ildə dövlət başçısı xalq qarşısında verdiyi bütün vədləri inamla həyata keçirmişdir.
"Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır" deyən Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini vacib sayır. Şübhəsiz, bu yanaşma respublikamızın qısa müddətdə elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Eyni zamanda, son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış "ASAN xidmət" mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış "müştəri məmnunluğu" ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. 

Ümumilikdə cəmiyyətin sağlamlaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, məmur məsuliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən uğurlu təşəbbüslər vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə rəhbərinin neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir.
Dünya bazarında neftin qiymətinin geosiyasi səbəblər üzündən 2 dəfəyədək aşağı düşməsi fonunda dövlət başçısının enerji amilindən asılılığın azaldılması, elmin, təhsilin, müasir texnologiyaların inkişaf etdirilməsi sahəsində yürütdüyü siyasətin reallığa adekvatlığı bir daha təsdiqini tapır. Təsadüfi deyil ki, son illər Azərbaycanda gerçəkləşdirilən milli layihələr insana, onun həyatının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş sərmayələrdir. Milli layihələrin səciyyəvi xüsusiyyəti ilk növbədə onların innovasiyayönümlü olmasındadır. Dövlət inkişafın elə istiqamətlərini dəstəkləyir ki, onlar qabaqcıl texnologiyalardan istifadə və bu texnologiyaların sənayedə tətbiqi ilə bağlıdır. 

Keçid dövrünün geridə qaldığı, modernləşmə istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi hazırkı mərhələdə azərbaycançılıq ideologiyası ruhunda köklənən, mütərəqqi milli və bəşəri dəyərləri əxz edən yeni intellektual elitanın formalaşdırılması son dərəcə aktual məsələ kimi qarşıda durur. Azərbaycan Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyində elmin inkişaf etdirilməsi vacibliyi ilə bağlı demişdir: "Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən, ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir".

Yarandığı gündən daim mütərəqqi ictimai düşüncənin əsas mərkəzinə çevrilən Bakı Dövlət Universitetinin milli təhsil sistemindəki müstəsna yeri və rolu, milli kadr hazırlığı prosesindəki əvəzsiz xidmətləri bu gün də ölkə rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilir. Son illərdə ali məktəblərə qayğı siyasətinin mühüm tərkib hissəsi olaraq universitetin inkişafına xüsusi diqqət yetirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əməli addımların atılması bunu bir daha təsdiqləyir. 
Bu isə o deməkdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyanı məhz Heydər Əliyevin əbədiyaşar ideyaları üzərində qurur. Ölkəmizin hər bir Azərbaycan vətəndaşı kimi, BDU-nun professor-müəllim heyəti də ulu öndərin xatirəsini daim əziz tutur, onu həmişə böyük ehtiramla yad edir. Universitetdə ulu öndər Heydər Əliyevin mənəvi irsinin, bu fövqəlbəşər şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifələrdən biri hesab olunur. Bu gün universitetdə fəaliyyət göstərən "Heydər Əliyev muzeyi" bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə çatdırılması, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.

Bütün bunlar göstərir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Bu siyasətin uğurlarını Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri də özlərinin gündəlik həyatında qabarıq hiss edir, ölkənin müasirləşməsinə xidmət edən islahatları birmənalı dəstəkləyirlər. Bu gün hamıda daxili bir əminlik var ki, respublikamız möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində sürətli inkişafını davam etdirəcək, qarşıya qoyduğu bütün hədəflərə inamla yetişəcəkdir.

Milli.Az


Tags:  İntellektual gələcəyə etibarlı zəmin yaratmış lider


RƏYLƏR


Top news