Cırılmış kağızın gətirdiyi xoşbəxtlik

Cırılmış kağızın gətirdiyi xoşbəxtlik
16:59 12 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

 

Vaqif Qədimin səhərdən bəri özünü bir qəribə apardığını sezmişdi, nə də olsa neçə ildi eyni evdə yaşayan, yanaşı dükanlarda işləyən adamlar idi. Gəlib qəfildən verdiyi “işdən neçədə çıxacaqsan?” sualı ilə qənaəti daha da dəqiqləşdi. 
 

- Ay qada, nolub sənə bu gün? (Qada qardaşın əzizləmə forması olaraq, onlar tərəfin ən məşhur müraciət forması idi)
- Heç nə…
- Nətər heç nə, ay Qədim? Yeddi ildi qonşu dükanlarda işləyirik, yeddi ildi eyni vaxtda işə başlayıb, eyni vaxtda da işdən çıxırıq, sən indi məndən soruşursan ki, “işdən neçədə çıxacaqsan?” Başın xarab olub ?
 

Qədim başını qaldırıb Vaqifə tərəf baxmadan “axşam çıxanda gedək Kapalı Çarşıya” deyib, işlədiyi dükana getdi.
 

“Ahaa… Kapalı Çarşı … Demək bunun evlənmək fikri var. Bu hardan çıxdı, nə vaxt qərar verdi?”


Neçə illərdi ki, evdən eşikdən uzaq düşüb, İstanbula gəlmişdilər. Gəlib görmüşdülər ki, hələ xeyli yubanıblar. Buralar azərbaycanlı ilə qaynayırdı. İstanbula, əsasən də alver üçün Laləliyə gələn rus turistlərə görə orta məktəb səviyyəsində rus dili bilən adamlara ciddi ehtiyac vardı . Gələn kimi qonşu dükanlarda iş tapılmışdı onlara, əvvəldən burda olan bir kəndçilərinin köməkliyi ilə. İldə bir, ya iki ildə bir kəndə gedərdilər, ya yox. Həm də tək onlar deyildi, kənddəki, yalan olmasın, bütün cavanlar burda idi. Kəndin dolanışığı İstanbuldan gələn dollarlara bağlı idi. Odur ki, onların burda olması daha çox lazım idi ailələrinə, nəinki kənd yerində bekar-bekar gəzməkləri.

 

Əksəriyyəti subay idi. Əsgərliyini qurtarıb gəlmişdilər. Kirayə evlərdə, pansionatlarda üç bir, beş bir qalırdılar.  İki-üç ildən bir gedib ata-analarına bir neçə günlük baş çəkəndə də uzağı bir dəfə evlənmə söhbətinə vaxt olurdu, ya yox. Lap deyək ki, söhbət oldu. İndi bu qısa vaxtda, bu yazıq uşaq hardan qız tapsın, kimin qapısına getsin, kimi harda görsün, bəyənsin? Di gəl, İstanbula döndülərmi, hər gələn adamdan sifarişlər gəlirdi. “Anan dedi ki, ta vaxtdı, gəlsin evlənsin” , “ Atan dedi ki, onu başa sal, yaşı keçir”.

 

Kənddə toy oldusa, o toyun kaseti necə olur-olsun, İstanbula gəlib çıxırdı. Bir xeyli adam bir evə toplaşır, kənd toylarına baxırdılar. Hər dəfə uşağına “a bala, filankəsin qızını al, qəşəng qızdı” deyəndə, “ Mən o qızı harda görmüşəm axı, heç bilmirəm sifəti necədir” cavabını alan valideynlər axır ki, fikirləşib yol tapmışdılar. Evlərdən İstanbula gələn məktublarda ərlik qızların siyahısı olurdu. Üstəgəl, pal-paltar işarəti ilə. Məsələn, “qırmızı kofta geyib “çadralı qız” oynayan var a, İmaməlinın qızı Sarabəyimdi. Məktəbi qurtarıb”.

 

Oğlanlar bu nəm-nişanı rus dilində mənasını bilmədiyi şeiri əzbərləyən adamlar kimi əzbərləyir, sonra toy kasetinə baxmağa yollanırdılar. Elə olurdu ki, bir  kasetdən neçə nəfər qız axtaran olurdu, di gəl, heç biri bir-birinə bu haqda heç nə demirdi. Bütün bu prosesin sonu və  bir növü “üzəçıxdı mərasimi” isə, qız seçən oğlanın Kapalı Çarşıya gedib, qızıl almasıyla olurdu. Kimisə o məlum bazara gedəndə, ordan çıxanda görən oldusa, xəbər ildırım sürətiylə yayılırdı ki, filankəs evlənir.

“Demək səhərdən bunun qəribəliyinin səbəbi bu imiş” - Vaqif düşündü – “Yaxşı, bəs bu hardan tapdı qızı. Toy kaseti neçə vaxtdı yox idi, olsa da, Qədim çox vaxt getmirdi . Yaxşı, bəs bu nə vaxt qərar verdi, hardan, kimi tapdı ki, artıq qızıl almağa gedir?  Hələ Suğra da var e. Heç bayaqdan yadıma düşmür. Bu Suğra bunu buraxmaz axı, beş ildi bir yerdədilər, üstəgəl həyasız şeydi o qadın, qoymaz bu evlənsin…” 
 

 

Sualların hamısını çarşı yolunda verəcəkdi, cavab almayınca da əl çəkməzdi. İşin sonunu gözləməyə səbri çatmadı.  Patronun saqqızını “məmləkətdən gələn var, abi, annem mektub yollamış, gedib almalıyım” bəhanəsiylə oğurlayıb çıxdı dükandan. Eyni bəhanəylə Qədimi də patronundan qoparıb, qatdı qabağına. Qədimin “taksi ilə gedək” sözünü ağzındaca qoydu: “düş qabağıma, ə, yox bir  taksi. Söhbət edə-edə gedək”.
 

Aksaraydan üzüyuxarı, yolun kənarıyla qalxa-qalxa bir siqaret yandırıb, birini də Qədimə uzatdı.

 - Danışacaxsan , qada? Yoxsa mən danışdırım səni?

- Nə danışım eee…
- Nə məsələdi axı? Sən nə vaxt qərar verdin, mənim niyə xəbərim yoxdu?
- Rus qızları ilə vodka içməkdən başın ayılıb evə gəlirsən ki, xəbərin olsun?
 

Hmm. Vaqif axşamı xatırlamağa çalışdı. Dünən axşamın “kasetini geriyə fırlatdı”, yadına gələn o oldu ki, evə gələndə Qədim öz otağında yox, Vaqifin otağında yatmışdı.  Arada bir Suğra ilə araları dəyəndə belə elədiyinə görə şübhələnməmişdi. İndi düşündü ki, yox, axşamkı küsüşmə o küsüşmələrdən olmayıb deyəsən. Sual verməyə hazırlaşırdı ki, Qədimin dili açıldı.

 

- Gedib ciblərimi qurtdalayır, itin qızı.  O gün anam məktub yazmışdı axı. Siyahı da göndərmişdi. Zəng də elədi dalınca, dedim ki, gələrəm, danışarıq. Arvad nəsə bu dəfə bərk dirəşib. Deyir ki, öləcəm, səndən nigaran gedəcəm. Mən də hər ehtimala, məktubu saxlamışdım cibimdə, bu küçük ( Suğranı deyirdi) məktubu tapıb. Gəldi baş-beynimi apardı. Dinmədim. Başladı anamın qarasıyca danışmağa. Ta dözmədim. Dedim kəs səsini, it balası, dilini hara uzatmısan? Hirsləndim, dedim, mən evlənərəm, onda görərsən. Bahoo … Axır çərşənbədə qapılara atdığımız bombalar kimi açıldı, zalımın qızı. Götürdü məktubu cırıq-cırıq elədı, özü də anamı söyə-söyə. Durdum ağzının üstə bir sillə vurdum, əyildim məktubun ilk əlimə keçən parçasını götürdüm. “ Əlməmməd əmoğlunun qızı Sa…” yazılmışdı. Ta bilmirəm, Sahibədi, Samirədi, hər nədi qızın adı. Gecənin o vaxtı zəng vurdum, dedim ki,  səhər gedin, sözünü alın. Birinci gələn adamla da qızılı göndərəcəm…
 

Qədim son sözlərini deyəndə, artıq Kapalı çarşının qapısında idilər. Vaqifin çaşqınlıqla verdiyi “ bəs indi sən nə alacaqsan , ay qada?” sualına Qədim başını bulayıb cavab verdi:     

 

- Ya qolbağı alacam, ya da boyunbağı . Sən də gic-gic suallar verirsən. Adını bilmədiyim qızın barmağının ölçüsünü haradan bilim ki, üzük alım?
 

Qədimin toyunda xeyli məhəbbət şeirləri dedi kəndimizin dil-ədəbiyyat müəllimləri. Şəxsən mən özüm də onlardan geri qalmadım, nə olsun ki, dil-ədəbiyyat müəllimi deyildim. Rüstəm Behrudinin “Tanrımı göndərdi, özünmü gəldin?” şeirini dedim( Vaqif  Qədimin toyu üçün kəndə gələn kimi hadisəni mənə danışmışdı. Mən şeiri dedikcə də, ordan baxıb bic-bic gülürdü. Yerimə oturan kimi də böyrümü dümsüklədi – “sənə də söz demək olmur a”).
 

Yaxşı vurduq, yaxşı oynadıq.  Üç gün-üç gecə toy evindən yığışmadıq evimizə. Onsuz da yay idi, məktəb yox, iş yox.  Dördüncü gün Qədimlə Vaqifi İstanbula yola saldım. Ayrılanda Vaqifin qulağına pıçıldadım ki , “gün o gün olsun, sənin də məktubun cırılsın”. 
  

 Və ən sonda. İndi Qədimin bir neçə uşağı var, özü də çox xoşbəxtdir!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR