Azərbaycanlı diplomat İtaliya qəzetinə müsahibəsində əlaqələrimizin inkişaf aspektlərindən bəhs edib

Azərbaycanlı diplomat İtaliya qəzetinə müsahibəsində əlaqələrimizin inkişaf aspektlərindən bəhs edib
01:08 13 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 13 dekabr, AZƏRTAC
İtaliyanın ən böyük tiraja malik ikinci qəzeti olan “La Reppublica”da Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Vüqar Hacıyevin müsahibəsi dərc edilib.
Diplomat müsahibəsində ölkələrimiz arasında əlaqələrin müxtəlif aspektlərinə toxunub. Azərbaycan və İtaliyanın müxtəlif regionları arasında münasibətlərin inkişafı üçün geniş imkanlar olduğunu deyən V.Hacıyev bu baxımdan Genuya şəhərinin önəmini xüsusi vurğulayıb. Qeyd edib ki, bu şəhər İtaliyada gəmiçilik və gəmiqayırma sektorunda mühüm rola malikdir. Müvafiq sahənin inkişafı Azərbaycanda da diqqət mərkəzindədir. Məhz bu baxımdan Genuya Azərbaycan üçün uyğun və maraqlı tərəfdaşdır. Müvafiq sahədə həyata keçirilən layihələr sırasında Xəzər dənizinin qərb sahillərində Azərbaycan İnvestisiya Şirkətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Sinqapurun “Keppel” şirkətinin birgə həyata keçirdiyi Bakı Gəmiqayırma Zavodunun inşasını qeyd etmək olar. Eyni zamanda, Xəzər dənizinin sahillərində turizm məkanlarının inkişaf etdirilməsi gəmi və yaxtalara tələbatı artıracaq.
Azərbaycan-İtaliya əlaqələrinə toxunan V.Hacıyev müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu, dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin bu əlaqələrə töhfə verdiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya səfəri çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”, həyata keçirilən layihələr əlaqələrimizin dərinləşməsinə təkan verməkdədir. İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin 35-dən çox şirkətin təmsilçilərindən ibarət geniş nümayəndə heyəti ilə Bakıya səfərini xatırladan diplomat deyib ki, keçirilmiş görüşlərdə iki ölkə arasında ticarət əlaqələrinin təkcə enerji sahəsində deyil, digər istiqamətlərdə də gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Diplomat cari ilin mayında Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının keçirildiyini xatırladaraq tədbirdə İtaliyanın iqtisadiyyat və maliyyə naziri Pier Paolo Padoanın da iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, tədbir çərçivəsində italiyalı nazir bir sıra önəmli görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan Dövlət Neft Fondu ilə İtaliya Strateji Fondu arasında uzunmüddətli investisiya imkanlarının birgə araşdırılması razılaşdırılıb.
Vüqar Hacıyev, həmçinin turizm sahəsində əlaqələrə də toxunub. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalandığını xatırladaraq vurğulayıb ki, sənəd turizm sektorunun tərəqqisinin önəmini və xalqlarımız arasında qarşılıqlı anlaşmanın mühüm elementi olduğunu əks etdirir. Memorandum, eyni zamanda, turizmin təbliği sahəsində missiyaların həyata keçirilməsinə, təcrübə mübadiləsinə, birgə layihələrin reallaşdırılmasına yol açır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_diplomat_Italiya_qezetine_musahibesinde_elaqelerimizin_inkisaf_aspektlerinden_behs_edib-910862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR