“AST Telman”ı müflis edən səbəblər...

“AST Telman”ı müflis edən səbəblər...
09:12 14 Dekabr 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

"AST" Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun müflis olması müzakirə mövzularından biridir. Qısa müddət ərzində məşhur milyarderin çökməsi, heç şübhəsiz ki, hər kəs tərəfindən həm təəccüb, həm də maraq doğurub. 

Əslinə qalsa, T.İsmayılovun çöküş prosesi illər öncədən başlamışdı. Bu barədə "Yeni Müsavat" olaraq dəfələrlə məlumat vermişdik. Dünyanın 10-15 milyarderindən biri sayılan "AST Telman"ın qısa zamanda müflis olması bir sıra suallar yaradıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, dünya praktikasında bu cür hallar baş veribmi? Məşhur milyarderin çöküşünə səbəb nə oldu? Çoxları prosesdə Rusiya və Putin izini axtarırlar. Bu versiya bir qədər inandırıcı görünür. Çünki zaman-zaman T.İsmayılovun Rusiyada başına gələnlər hər kəsə məlumdur. Məşhur milyarderin biznesini düzgün qurmamasına görə müflis olduğunu düşünənlər də az deyil. 

Politoloq Qabil Hüseynli hesab edir ki, "AST Telman"ın müflis olmasında əsas yeri siyasi amillər tutur: "Rusiyada Berezovski və Qusinskini tutan dalğa Telman İsmayılovun üzərinə gəldi. Bundan sonra o, Türkiyədə "Mardan Palace" deyilən otel tikdi. Yaxınlarda G20 sammitinə gələ, Səudiyyə Ərəbistanının kralı məhz həmin oteldə qalmışdı. Onun kapitalını Rusiyadan çıxartması və Türkiyəyə sərf etməsi Putinlə münasibətlərini daha gərginləşdirdi. "AST Telman"ın Moskvada xeyli mülkü var idi. Bunlardan biri "Çerkizovsk" bazarı idi. Bu bazarın fəaliyyətini bəhanə ilə dayandırdılar. "AST Telman"ı həmin bazara sahiblik etmək hüququndan məhrum etdilər. Daha sonra o, torpaq sahəsi icarəyə götürdü. Bu torpaq sahəsini də onun əlindən aldılar. Bu məsələlər birbaşa hakimiyyətin yuxarı pilləsində dayanan şəxslə bağlı idi. Buna görə də, Telman İsmayılov əlində qalan pulla Türkiyəyə yollandı. Açığı desək, burada da ona qarşı düzgün hərəkət edilmədi. Burada onun enerji borcunu bəhanə gətirdilər. Bir dəfə enerji borcunu ödədi, bundan sonra vergidən yayınmasını ortaya artdılar. Vergi borcu adı ilə onun Türkiyədəki otelini hərraca çıxardılar. Ərdoğanın yaxın adamlarından birinə satdılar. "AST Telman"ı müflis elan etdilər. Qanuna görə, onun bütün əmlakı zəbt edildi. Bundan  sonra da satışa çıxarıldı. Burada birinci yeri siyasi amil oynayır".

Q.Hüseynli tanınmış milyarderin qüsurlarından da söz açdı: "AST Telman"ın bəzi qüsurları var idi. Bu onun var-dövlətini artırmağa imkan vermirdi. Onun lovğalığı, təkəbbürlü olması, kef-damağa böyük önəm verməsi ən böyük səhvlərindən idi. Ad günlərində dünyanın ən tanınmış artistlərini milyonlarla pula dəvət edirdi. Bu şəxs "Çerkizovsk" bazarında satıcı işləyə-işləyə sonradan bazarın sahibinə çevrilmişdi. Lakin cızığından tez çıxdı. Onun hərəkətləri siyasi hakimiyyəti qıcıqlandırdı".

Politoloq "AST Telman"ın müflis olmasında Rusiya prezidenti Putinin də rolunun olduğunu qeyd etdi: "Bu adamın da müflisinə Putinlə olan gərgin münasibətləri başlıca səbəb oldu. Onun müflisinə gətirib çıxaran amillər içərisində xasiyyəti, işgüzar olmaması da var. Bu amillər siyasi hakimiyyətin ona qarşı münasibətinin dəyişməsi ilə nəticələndi. Yəhudi olması da bu məsələdə mühüm rol oynadı. Son dövrlərdə Rusiyada sıradan çıxarılan iş adamlarının əksəriyyəti yəhudi əsillidir".

İqtisadçı ekspert Qadir İbrahimli bildirdi ki, məşhur milyarderin müflisinə səbəb biznes işini düzgün qurmamasıdır: "Onlar əksər hallarda bizneslərini düzgün qura, vəsaitlərdən səmərəli şəkildə istifadə edə bilmirlər. Belə olan halda həmin vəsaitlər əsas işlərə yox, şəxsin fantaziyalarına uyğun işlərə yönəldilir. Nəticədə həmin iş adamının sonda müflis olması labüd hala gəlir. Bu tendensiyasını azərbaycanlı oliqarxın da timsalında görə bilərik. Söhbət Mübariz Mənsimovdan gedir. Bu şəxs bildiyimiz kimi "Xəzər Lənkəran" klubunun faktiki sahibidir. Bu klubun yaradılması onun adı ilə bağlıdır. Klubun təxminən 300 milyon büdcəsi var. Amma düzgün qurulmaması nəticəsində klub ciddi uğurlara imza ata bilmir. Son nəticədə ciddi böhran ərəfəsindədir. "AST Telman" da təxminən bu oxşar hadisələrlə üzləşdi. O, indiyə qədər həyata keçirdiyi layihələrdə iqtisadi səmərəliliyi yox, şəxsi fantaziyalarını əsas götürmüşdü. Problemin kökündə "AST Telman"ın özünü görmək lazımdır. Səhv qərarları onu məhvə apardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR