AMEA ilə “Elsevier” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

AMEA ilə “Elsevier” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
18:53 14 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRATC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmimizin inkişafı və dünya elminə inteqrasiyası istiqamətində əməkdaşlıq əlaqələrini genişləndirir. Bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elsevier” beynəlxalq elmi bazasının nümayəndə heyəti ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik Akif Əlizadə Azərbaycan alimlərinin fəaliyyətinin və onların elmi nəticələrinin dünya elmi ictimaiyyətinə tanınması baxımından beynəlxalq elmi bazalarla əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Akademik A.Əlizadə qeyd edib ki, ölkəmizdə bu elmi bazanın təcrübəsinin öyrənilməsi və onun imkanlarından yararlanmaq olduqca zəruridir.
“Elsevier” beynəlxalq elmi bazasının Türkiyə, İran, Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Tayfun Basal təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bazasında müxtəlif elmi sahələrə dair ümumilikdə 23.250 adda jurnal olan “Elsevier”in səmərəli elmi-tədqiqat işləri üçün ən tanınmış və etibarlı informasiya resurslarını təklif etdiyini vurğulayıb. Qonaq şirkətin dünyaca məşhur universitet və elmi müəssisələrin fəaliyyətini, onların beynəlxalq elmi mühitdə mövqeyini müqayisəli təhlil edən ən böyük sistem olduğunu söyləyib.
Sonra “Elsevier”in baş menecerləri Xuşnud Kərimov və Ayhan Akanay Saracoğlu beynəlxalq elmi bazanın təklif etdiyi xidmətlər barədə məlumat veriblrə. Bildiriblər ki, “Elsevier”in “Science Direct” xidməti elm, texnologiya və tibb sahəsində mövcud olan tam mətnli məqalələrin böyük bir hissəsini əhatə edir. Ən böyük istinad bazası olan “Scopus”a isə müxtəlif sahələrə dair elmi nəşrlər daxildir.
Görüşdə AMEA ilə “Elsevier” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Gələcəkdə “Elsevier” tərəfindən Akademiyanın elmi müəssisələrində alimlər üçün seminar və treninqlərin keçirilməsi təklifi AMEA-nın rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Sonda görüşdə irəli sürülən təşəbbüslərin reallaşdırılması üçün “Elsevier” nümayəndəliyini Azərbaycana növbəti dəfə dəvət etmək və hər iki qurum arasında əməkdaşlıqla bağlı rəsmi sənəd imzalamaq məqsədəuyğun hesab edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_ile_Elsevier_arasinda_emekdasliq_perspektivleri_muzakire_edilib-911198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR