Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Alim Qasımov: "Toy məclislərində artıq elə olub ki..." - FOTO

Alim Qasımov: "Toy məclislərində artıq elə olub ki..." - FOTO

Date: 14 December 2015 21:52

Dünya şöhrətli muğam ustadı, xalq artisti Alim Qasımovun Milli.Az-a müsahibəsi.

-​ Necə oldu ki, musiqi janrları içərisində məhz muğamı seçdiniz, əksər müğənnilər kimi müasir musiqi janrlarına üz tutmadınız?

-​ Yüngül mahnıları özümdən asılı olmadan heç sevməmişəm. Muğam, elə bil ki, canımdan gələn bir sənətdir. Özümü muğamsız təsəvvür edə bilmirəm.

-​ Heç sənətdə uğursuz addımlarınız olubmu?

-​ Uşaqlıqda bir-iki dəfə mahnı müsabiqələrində iştirak etmişdim. Müasir dövrə uyğun mahnılar ifa etməliydim, amma məndə alınmırdı. Uğur qazana bilmirdim. Müasir janrlarda mahnıları ifa etdikdə belə, dilimə qədimi sözlər gəlirdi. Muğam elə bil ki, ayrılmaz hissəmdir. Muğam sənətinə olan vurğunluq yaradıcılıq yolumu istiqamətləndirdi.

- Xanəndə olana qədər hansı işlərdə çalışmısınız?

- Təsərrüfatımız, mal-qaramız çox olub. Valideynlərimə kömək etməyə çalışırdım. Xatırlayıram ki, uşaqlıqda valideynlərimlə Sabunçu vağzalına ağartı məhsulları satmağa gedirdik. Böyüdükdən sonra fəhlə və sürücü işləmişəm. Amma hiss edirdim ki, bu işlər mənim üçün deyil. Özümü başqa sahədə axtarmalıydım.

- Muğam sənətini nə vaxtdan peşəkar səviyyədə öyrənməyə başladınız?

- Muğamı peşəkar səviyyədə 20 yaşımdan öyrənməyə başladım. Bunda qaynanamın böyük rolu olub. Belə ki, qaynanam rəhmətlik Səyavuş Aslana mənim ifam haqqında danışdı. O da mənə Asəf Zeynallı adına musiqi kollecinə daxil olmağa kömək etdi. Mərhum bəstəkarımız Vasif Adıgözəlov məni qəbul etdi. İfama görə Əlibaba Məmmədov, Bəhram Mənsurov "5" yazdılar. Beləliklə də, 1979-cu ildə Asəf Zeynallı adına musiqi kollecinə qəbul oldum. Məni Ağaxan Abdullayevin sinfinə saldılar.

- Musiqi təhsili aldığınız müddətdə çətinlikləriniz olubmu?

- Birinci kursda hətta qaçmaq istəyirdim. Düşünürdüm ki, muğamı öyrənmək mənlik deyil. Muğamı öyrənmək, mənimsəmək ağır bir işdir. Üstəlik, bununla çörəkpulu qazana biləcəyimi heç təsəvvür edə bilmirdim. Bu fikirlərimi evdə də dedim. Atam mənə dedi ki, "Ayıbdır, sən artıq instituta qəbul olmusan. Camaat nə deyər?" Mənə təsəlli verdilər. Ruhdan düşmədim, yenə musiqi ilə məşğul olmağa başladım.

Ağaxan müəllim mənim təhsilimə diqqət yetirirdi. Sinfə qonaq gələndə məni oxutdururdu. 4 illik bütün proqramı - nə lazımdırsa, 3 ilə əzbərləmişdim. Bir il də əlavə şeyləri öyrənirdim. Mən bütün sinifləri gəzirdim. Muğam sənətini dərindən öyrənmək üçün əslində çox zəhmət çəkirdim.

-​ Toylarda heç olub ki, xətrinizə dəyiblər? Bu, ifanızda necə əks olunur?

-​ Son vaxtlar mən o hisslərlə tanış oldum. Toy məclislərində artıq elə olub ki, muğam ifa edəndə xətrimə dəyiblər. Mənə yersiz deyiblər ki, oxu! Nədənsə oxuya-oxuya mən özüm də ağlamışam. Onda özümdən asılı olmadan qeyri-adi musiqi səsləndirmişəm. Elə bil ki, kimsə bunu bəstələyib. İfa etdikdə bəzən hiss edirəm ki, ifada təzə, öyrənmədiyim bir şey yaranıb. Toylarımın çoxunu yazıram. Və hiss etdiyim yenilikləri evə gəlib yazdıqlarımı dinləyərək öz-özümə öyrənirəm. Müəyyən şeylər var ki, onları bu yolla öyrənmişəm. Zamanla mən özüm özümün ən yaxşı dinləyicisinə döndüm.

-​ Sizi dərvişlərə də bənzədənlər olur.

-​ Dərvişlik bir yoldur. Yuxarı yüksəlmək üçün. Musiqini o qədər sevərəkdən, ürəkdən oxumuşam ki, musiqi məni özü ora aparıb. Başqa bir dünyaya. Amma dərvişliyin yolunu bilmirəm.

-​ Azərbaycan muğamı digər ölkələrin muğamlarından nə ilə fərqlənir?

-​ Bizim muğam digər ölkələrin muğamlarından həm ləhcəsinə, həm çalğı alətlərinə, həm də notlara görə fərqlənir.

Ərəblərin, türklərin, farsların, özbəklərin danışıqlarında, dillərində fərq var. Lakin muğamın başqa dildə ifa olunmasına baxmayaraq, xanəndə düzgün və ürəkdən ifa edirsə, rahat dinləmək olar.

Əslində muğamın ifası zamanı xanəndə xüsusi bir hala düşür. Musiqiçilər və bəzən dinləyicilər də həmin hala düşə bilirlər. Əsas məsələ odur ki, xanəndə o halla musiqini bağlaya bilsin. Bağlantı varsa, bütün dünyanı gəzib məclislər də, konsertlər də təşkil edə bilər.

-​ Siz səhnədən fərqli olaraq adi həyatda necəsiz?

-​ Adi həyatda çox sadəyəm və sərbəstəm. Çalışıram ki, səhnədə də özüm kimi olum. Gündəlik həyatda mənə necə rahatdırsa, səhnədə də o rahatlığı yaşayıram.

-​ Yəqin, qədim zamanlardakı xanəndələr kimi bardaş qurub ifa etməyinizin səbəbi də budur?

-​ Əslində bu təsadüfən alındı. Xarici ölkələrin birində konsertdən əvvəl məşq edərkən səhnəyə stulları gətirməyi gecikdirmişdilər. Onda təklif etdim ki, elə yerdə bardaş qurum, məşqimizi edək. Bu tərzdə ifa etdikcə bunun çox rahat olduğunu, ifanın daha gözəl alındığını müşahidə etdim. Elə bu səbəbdən konsert başlayanda da dedik ki, stulları gətirməsinlər. Yerdə bardaş quraraq muğamı ifa etdik. Stulda əyləşib muğam ifa etdikdə yerdə əyləşib ifa etdiyim halı tuta bilmirəm. Eyni zamanda ifa edən vaxt çox hərəkətliyəm, stuldan yıxılmağa qorxuram (gülür).

-​ Böyük sənətkarın günü necə başlayır?

-​ Çalışıram ki, günlərim sənətlə bağlı olsun. Əfsuslar ki, sənətə özümü çox bağlaya bilmirəm. Çünki müsəlmanın "sonra edərəm" fikirləridir mənə mane olan. "Sonra" da aylarla, illərlə çəkir...

-​ Yaxın zamanlarda konsert verməyi planlaşdırırsızmı?

-​ Dekabrın 22-də Fərqanə xanımla birlikdə Beynəlxalq Muğam Mərkəzində konsertimiz olacaq. Qarşıdan gələn il üçün də qastrol səfərlərimiz var. Portuqaliya, Almaniya, Abu-Dabi, Amerikada konsertlərimiz olacaq.

Aynurə Məmmədova
Milli.Az





Tags:  Alim Qasımov Toy məclislərində olub FOTO


RƏYLƏR


Top news