Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda yeni texnologiyalardan geniş istifadə olunur

Date: 15 December 2015 13:48


Bakı, 15 dekabr, AZƏRTAC 
Əhalinin sınıqçılara üz tutması ənənəvi xarakter daşıyır və fəsadlaşmalar baş verəndə müalicə üçün peşəkar travmatoloqlara müraciət edirlər. Ancaq hamı bilməlidir ki, son illər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda yeni texnologiyalardan geniş istifadə olunur. Ətrafların sınıqları zamanı bloklayıcı ştiftlər, kilidli lövhələr, müxtəlif variantlarda xarici fiksə cihazları, onurğa patologiyasında transpedikulyar və digər növ arxa spinal sistemlər, postrezeksion sümük defektlərində biokompozit materiallar tətbiq edilir. Bununla da birmərhələli sınıqların, deformasiyaların aradan qaldırılması və s. asanlıqla müalicə olunur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində institutun direktoru, tibb elmləri doktoru, professor Vaqif Verdiyev deyib.
V.Verdiyev bildirib ki, son onillikdə institutun hər iki binası əsaslı təmir olunaraq Səhiyyə Nazirliyi tərəfindən ən müasir avadanlıqlarla təchiz edilib. Hazırda üç stasionar rentgen aparatı, kompyuter tomoqrafiya, ultrasəs müayinə aparatları, laborator bölmədə hematoloji, immunoloji ferment, biokimyəvi, koaqulometrik, uroloji analizatorlar, elektrokardioqraflar, spiroqraf, neyromioqraf cihazları əhalinin istifadəsindədir. Altı cərrahiyyə otağında ortopedik masalar, əməliyyat sahəsini monitorda müşahidə etməyə imkan verən 2 ədəd multimobil 5 С cihaz narkoz aparatı, elektrokoaqulyatorlar və s. quraşdırılıb. Cihazlar ən mürəkkəb, ağır əməliyyatların qısa müddətdə həyata keçirilməsinə imkan verir. Qəbul şöbəsində terminal vəziyyətdə daxil olan xəstələrin yerində bütün müayinə və intensiv terapiya müalicəsinin aparılması üçün nəzərdə tutulmuş şok otağı, ambulator xəstələr üçün əməliyyat, sarğı və gips otaqları yaradılıb.
İnstitut direktorunun sözlərinə görə, xəstələrin reabilitasiyası isə yeni yaradılmış fizioterapiya və tibbi bərpa şöbəsində aparılır. Şöbədə bütün növ elektroprosedurlar – elektroforez, elektrostimulyasiya, fonoforez, maqnitoterapiya, işıqla müalicə, o cümlədən masaj, müalicəvi bədən tərbiyəsi seansları böyük idman zalında ən yeni avadanlıqlar vasitəsilə həyata keçirilir. Müalicəvi gimnastika oynaqların funksiyasını bərpa etməyə imkan yaradır. Xüsusi xarici istehsal olan masada onurğanın müxtəlif bölgələrinin optimal güclə dartılması aparılır.
V.Verdiyev deyib: “Bu ilin 11 ayı ərzində institutun stasionarından 1914 xəstə keçib və 1916 xəstə xaric olunub. Bu müddətdə 1382 xəstədə müxtəlif cərrahiyyə əməliyyatları aparılıb ki, bunlardan 306-sı uşaqların payına düşür. Bundan əlavə, 11893 təcili və 7335 planlı xəstəyə ambulator yardım və məsləhətlər verilib”.
Qeyd edək ki, gələn il Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun yaranmasının 70 ili tamam olur.
Bakı Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun yaradılması haqqında 1945-ci il avqustun 29-da keçmiş SSRİ Xalq Komissarları Şurasının qərarı olub. Həmin qərar əsasında 1946-cı il martın 11-də 1621 saylı cərrahiyyə hospitalının bazasında Bakı Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutu yaradılıb.
Milli travmatologiya və ortopediya elminin yaranmasında, inkişafında, ölkə əhalisinin ixtisaslaşmış travmatoloji-ortopedik xidmət ilə təmin edilməsində Azərbaycanın görkəmli alim və cərrahlarının böyük rolu olub. 1951-1959-cu illərdə instituta səhiyyə təşkilatçısı və dövlət xadimi, professor, tibb elmləri doktoru Əziz Məmmədkərim oğlu Əliyev rəhbərlik edib. İnstitut uzun illərdən bəri sınıqların müasir üsullarla müalicəsi, dayaq-hərəkət aparatının anadangəlmə və qazanılma deformasiyalarının, qısalıqların korreksiyası, uşaqlarda budların anadangəlmə çıxıqları, anomaliyaları, osteomielitlərin müalicəsi ilə əlaqədar tədqiqatlar aparır.
 

Tags:  Elmi-Tədqiqat Travmatologiya Ortopediya İnstitutunda yeni texnologiyalardan geniş istifadə olunur


RƏYLƏR


Top news