Donald Trampın reytinqi rekord göstəriciyə çatıb

Donald Trampın reytinqi rekord göstəriciyə çatıb
15:13 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Amerikalı milyarder Donald Trampın reytinqi rekord göstəriciyə çatıb. O, Respublika Partiyasından ABŞ prezidenti postuna namizədliyə iddialı siyasətçilər arasında lider mövqeyini gücləndirib. Bu barədə məlumat Nyu-Cersi ştatında yerləşən Monmut Universitetinin mütəxəssisləri tərəfindən keçirilən ümummilli sorğunun nəticələrinə əsasən verilib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, rəyi soruşulanların 41 faizi Donald Trampı dəstəkləməyə hazır olduqlarını bildirib. Halbuki bu ilin oktyabr ayında həmin göstərici 28 faizi keçmirdi. Reytinqdə ikinci yerin sahibi Texas ştatından olan senator Ted Kruz cəmi 14 faiz səs toplaya bilib. Siyahıda üçüncü yerdə 10 faiz səs yığan Florida ştatının senatoru Marko Rubio qərarlaşıb. Keçmiş neyrocərrah Ben Karson sorğuda dördüncü yeri tutub. Ona Respublika Partiyasını dəstəkləyən seçicilərin cəmi 9 faizi etimad göstərəcəyini bildirib. Reytinq siyahısının sonunda isə Florida ştatının keçmiş qubernatoru Ceb Buş yer alir. Onu cəmi 3 faiz seçici dəstəkləyib. Sorğuda səsvermə hüququna malık Respublika Partiyasının tərəfdarları olan ABŞ vətəndaşları iştirak ediblər.
Son aylar bir neçə dəfə səs-küylü qalmaqallarda adının hallanması Donald Trampın reytinqinin artmasına mane olmayıb. Keçən həftə o, seçkiqabağı nümayişlərin birində müsəlmanların ABŞ-a girişinin qadağan olunması barədə təklif səsləndirmişdi. Trampın bu çıxışı bir çox siyasətçi, həmçinin partiya tərəfdaşları tərəfindən də sərt tənqid olunmuş, Ağ ev isə onu seçkiqabağı kampaniyadan diskvalifikasiya etməyə səsləmişdi.
Sosioloji sorğuların əksəriyyətinin nəticəsinə görə, Donald Tramp respublikaçılar arasında, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton isə demokratlar arasında liderdir.
Xatırladaq ki, ABŞ prezidenti postuna respublikaçıların rəsmi namizədinin adı partiyanın 2016-cı il iyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində keçiriləcək milli qurultayında elan ediləcək. Demokratlar isə namizədlərinin təyin olunacağı qurultayı 2016-cı il iyulun 25-28-də Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirməyi planlaşdırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Donald_Trampin_reytinqi_rekord_gostericiye_chatib-911371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR