"Soros" fondu Xədicə İsmayılovaya əvəz tapdı

"Soros" fondu Xədicə İsmayılovaya əvəz tapdı
15:37 15 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

"Soros" Fondunun cəhdləri indi yalnız ironiya doğurur

"Azadlıq Radiosu"nun Azərbaycandakı xidmətinin sabiq rəhbəri, sonra da bu xidmətin əsas ideoloqlarından və media simalarından birinə çevrilən Xədicə İsmayılova həbs olunandan sonra onun tribunası boş qalmışdı.

"Alovlu tribun", "iqtidarın əməllərini faş edən" imicli yeni "qəhrəman" tələb olunurdu və bu tələbi də "Azadlıq" radiostansiyasının rəhbərliyi ilə yanaşı, "Soros" fondu Azərbaycan reallıqlarını eynən əyri güzgülərlə görməyə adət edənlər qarşısında səsləndirmişdi.

İlk ümidlər "Meydan TV" ilə bağlı olsa da, Emin Milliyə həvalə olunmuş struktur aldığı tapşırıqların öhdəsindən gəlmədi, təlimatları tələb olunan "peşəkarlıq", daha doğrusu hiyləgərlik və məkrlə yerinə yetirə bilmədi.

"Meydan TV"nin bir sıra "araşdırma" və "reportaj"ları elə müxalifət tərəfindən kəskin tənqid olunandan sonra "Soros" fondu yanlış stavka etdiyini, Azərbaycanla bağlı planlarda korrektələrə ehtiyac yarandığını anlayıb.

Əldə etdtiyimiz məlumata görə, "jurnalist araşdırmaları" adı altında, əslində isə Azərbaycanın dövlət strukturları və hakimiyyət mənsublarının hədəfə alındığı, onların barəsində ən fantastik yalanların və əsassız iddiaların yer aldığı yazılar, informasiyalar və reportajların hazırlanması jurnalistika kanonlarından, çağdaş mediativ tələblərdən və ən başlıcası, inandırıcılıq təsiri səviyyəsindən çox uzaq olduğundan sifarişçilərin narazılığı daha da artıb.

Həmin "araşdırmalar"ın arqumentasiya bazasının yararsızlığını anlayan "Azadlıq" radiostansiyası və "Soros" fondu Azərbaycandakı fiqurlardan, daha doğrusu, "təhqiqat xoru"ndakı ifaçılardan X.İsmayılova təki aqressiv ritorika, psevdoxarizma tələb edir, habelə Ukrayna, Moldova, Rusiya, Gürcüstan, Belarusdakı fiqurantlar təki "istedadlı, inandırıcı, yüksək peşəkarlıq səviyyəli" materaillar istəyirdilər.

Sifarişçiləri anlamaq olar: külli miqdarda vəsait xərclərin, azacıq araşdıranda yalan olduğu aşkarlansa da, plebey təfəkkür üçün "görün, nələr yazırlar" tipli "Vau effekt" (WOW effect) təsiri yaradan, refleksiyalara hesablanan "məhsul" hələ də gözə dəymir.

Ölkənin ali rəhbərliyində təmsil olunmuş şəxslərin "biznes layihələri" ilə bağlı həmin "araşdırmalar"a məmurlar, sadəcə, əhəmiyyət vermirdilər. Fəqət, kiçik tədqiqat yetərlidi ki, "aylarla vaxt sərf olumuş ciddi informativ-media məhsulu" kimi qələmə verilən belə "araşdırma"larda göstərilən "fakt"ların əsassızlığı aşkarlansın.

Səbri tükənən "Soros" Fondu axırda ümidini yeni "layihə"yə bağladı və həmin istiqamətdə işləyə biləcək jurnalistləri bir araya gətirdi.

"Soros" Fondu təşkil etdiyi layihədə iştirak etmək üçün X.İsmayılovanın tələbəsi sayılan Nüşabə Fətullayeva, müstəqil jurnalist Xalid Kazımov (Xalid Vahidoğlu), Elxan Salahov ("Həftə İçi" qəzeti), müstəqil jurnalist Aynur Elgünəş, "Turan" informasiya agentliyinin iqtisadi yazarı Hafiz Babalı, jurnalist Vüsalə Rüstəmova İstanbulda məhz buna görə bir araya gəldilər.

Nəticə isə "araşdırmalar layihəsinin koordinatoru" görəvinin gözlənilməz halda toplaşanlar arasında "ən zəif bənd"ə, Xalid Vahidoğluna verilməsi oldu.

Himəyadarların seçimi maraqlıdır - onlar yenə havaya barmaq uzadıb "İrəli!" şüarını səsləndirməklə işini bitmiş sayanlar vasitəsilə "araşdırmalar"ı maliyyələşdirmək niyyətindədir.

"Soros" Fondunun cəhdləri indi yalnız ironiya doğurur.

Cavid Səlimov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR