Bakı, 15 dekabr, Nihad Budaqov, AZƏRTAC
Ukrayna Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan ərazisindən keçəcək (TAPİ) qaz boru kəməri layihəsində iştirak etməkdə maraqlıdır və bu ölkə TAPİ üçün avadanlıqlar satmaq niyyətindədir.
AZƏRTAC “naturalgaseurope.com”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın regional inkişaf, tikinti və mənzil-kommunal naziri Qennadi Zubko məlumat verib. O bildirib ki, Ukrayna Türkmənistandan karbohidrogen almaq müqabilində TAPİ layihəsi üçün avadanlıq və boru kəməri məhsulları satmaq niyyətindədir.
Qeyd edək ki, dekabrın 14-də TAPİ boru kəmərinin tikintisinə start verilib. Boru kəmərinin marşrutu Əfqanıstanın Herat və Qəndəhar şəhərlərini, Hindistan Pəncab mahalını, Pakistanın Quetta və Multan şəhərlərini əhatə edəcək. Ümumi uzunluğu 1814 kilometr olan boru kəməri ildə 33 milyard kubmetr qaz nəqletmə tutumuna malik olacaq.