Xristov “Bakı”dan həyat yoldaşının təkidi ilə ayrılıb

Xristov “Bakı”dan həyat yoldaşının təkidi ilə ayrılıb
19:15 15 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Makedoniyalı futbolçu “Xanımım Azərbaycanı xoşlamadı” deyib

Yayda “Bakı” klubuna böyük ümidlərlə transfer olunan makedoniyalı futbolçu Georgi Xristovun tezliklə komandadan ayrılmasında həyat yoldaşının da rolu olub. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı G.Xristovun Azərbaycanda oynamasının əleyhinə olub. Bunu futbolçunun özü də “Bakı” klubunun rəhbərliyi ilə söhbətində təsdiqləyib: “Bizdən öncə Türkiyənin “Konyaspor” klubunda Xristova 2-3 qat artıq pul təklif etsələr də, qalmaq istəməmişdi. Çünki Konya şəhəri həyat yoldaşının xoşuna gəlməmişdi. Xristov bizimlə söhbətində də belə bir söz işlətdi: “Xanımım Azərbaycanı xoşlamadı”. Bunu təbii qarşılayırıq. Ailədir. Üstəlik, ailədə arvad sözü keçirsə...”

Z.Məmmədov Makedoniya yığmasının sabiq forvardının “Bakı” komandasında oyununun alınmamasının digər səbəbi kimi futbolçunun matçlara arxayın çıxmasını göstərib: “Bəlkə də Hollandiya və İngiltərədə rahat çıxış edən Xristov Azərbaycanda oynamasına problem yaranmayacağını, tək ayaqla özünü göstərəcəyini düşünüb. Amma o fikirləşmirdi ki, Avropada Azərbaycandan qat-qat rahat futbol oynamaq olar. Çünki orada meydançalar, məşq şəraiti yüksək səviyyədədir. “Bakı”da isə belə şərait yoxdur. “Qaçqın komanda” kimi orda-burda məşq edirik. İlk 5 turda ona güvəndik, amma komandamıza bir faydası dəymədi. Biz də görürdük ki, onun indiki yaşı əvvəlki oyununu göstərməsinə imkan vermir. Üstəlik, həvəssiz çıxış edir. Bir sözlə, “Bakı”da onunku alınmadı. Ona dedim ki, səni İvan Tsvetkovdan qat-qat səviyyəli hücumçu sayırdım. Amma Azərbaycanda Tsvetkov necə çıxış etdi, sən nə cür oynadın... Tsvetkov heç vaxt Bolqarıstan yığmasına çağırılmayıb, sən isə Makedoniya millisinin heyətində yığmamızın qapısından 2 top keçirmisən”.

Elşən Məmmədov


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR