Qədir Rüstəmovun 80 illiyi ilə bağlı konsert keçirilib - foto

Qədir Rüstəmovun 80 illiyi ilə bağlı konsert keçirilib - foto
21:21 15 Dekabr 2015
58 Şou
Ölkə mətbuatı
A- A+

Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, xalq artisti Qədir Rüstəmovun 80 yaşı tamam olub.
 
Axşam.az Report-a istinadən xəbər verir ki, bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində yubiley konserti nümayiş etdirilib. Konsertdə Qədir Rüstəmovun ailə üzvləri, dostları, sənət yoldaşları, Xan Şuşinskinin aile üzvləri, xalq artistləri - Mənsum İbrahimov, Canəli Əkbərov, millət vəkili Aqil Abbas iştirak edib. Tədbir mərhum Qədir Rüstəmovun ifasında "Sona bülbüllər" mahnısı ilə başlayıb. Konsert proqramının aparıcısı, yazıçı-publisist Mustafa Çəmənli Qədir Rüstəmovun keçdiyi ömür yoluna nəzər salıb:
 
"Qədir Rüstəmovun ailəsində sənətçi olmasa da, ancaq gözəl səsi olanlar çox olub. Mərhum özünəməxsus adam idi. Xarakteri etibarilə heç kimə boyun əyməyən, söz götürməyən mərd adam idi. Qədir Rüstəmov bənzərsiz ifası ilə fərqlənib. Onun ifasını Xan Şuşinski bəyənib, qiymət verib və Qədir Rüstəmovun səsini Cabbar Qaryağdıoğlunun səsinə bənzədib".

Daha sonra konsert proqramı başlayıb, xalq artisti Nəzakət Teymurova, gənc xanəndələr - Eldəniz Məmmədov, Mustafa Mustafayev, Kamilə Nəbiyeva çıxış ediblər.
 
Xatırladaq ki, Qədir Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs imkanlarını nümayiş etdirməyi bacarıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.
 
Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də Türkiyənin İstanbul şəhərində vəfat edib, Bakıda torpağa tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR