Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qədir Rüstəmovun 80 illik yubileyi qeyd olunub

Qədir Rüstəmovun 80 illik yubileyi qeyd olunub

Date: 15 December 2015 23:13


Bakı, 15 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq Artisti Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. Konsertdə Qədir Rüstəmovun ailə üzvləri, dostları, sənət yoldaşları, Xan Şuşinskinin ailə üzvləri, xalq artistləri - Mənsum İbrahimov, Canəli Əkbərov, millət vəkili Aqil Abbas iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konsert Qədir Rüstəmovun ifa etdiyi "Sona bülbüllər" mahnısı ilə başlayıb. Tədbirin aparıcısı, yazıçı-publisist Mustafa Çəmənli Qədir Rüstəmovun həyat yolundan və Azərbaycan ifaçılıq sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb: "Qədir Rüstəmovun ailəsində gözəl səsi olanlar çox olub. Mərhum özünəməxsus adam idi. Xarakteri etibarilə heç kimə boyun əyməyən, söz götürməyən adam idi. Onun bənzərsiz ifasını Xan Şuşinski bəyənib, qiymət verib, səsini Cabbar Qaryağdıoğlunun səsinə bənzədib".
Daha sonra konsert proqramı Xalq Artisti Nəzakət Teymurova, gənc xanəndələr - Eldəniz Məmmədov, Mustafa Mustafayev və Kamilə Nəbiyevanın çıxışları ilə davam edib.
Qeyd edək ki, Q.Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır.
Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də Türkiyənin İstanbul şəhərində vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub.



Tags:  Qədir Rüstəmovun 80 illik yubileyi qeyd olunub


RƏYLƏR


Top news