Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda dükanlar batır: "Alver yoxdur" - FOTO

Bakıda dükanlar batır: "Alver yoxdur" - FOTO

Date: 16 December 2015 08:05

Paytaxt ərazisində istər ərzaq, istər tikinti, istərsə də məişət avadanlıqları mağazası bağlanır. Xüsusən də paltar mağazaları kütləvi şəkildə boşaldılır. 

Milli.Az anspress-ə istinadən bildirir ki, obyekt sahibləri və satıcılar da mağazaların bağlanmasına əsas səbəb ki, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsini və alverin olmamasını göstərir. Satıcı Lətif Məmmədov deyir ki, o, avtomobil ehtiyat hissələri alqı-satqısı ilə məşğul olub. Lakin son aylar vətəndaşların maddi rifahının aşağı düşməsi bəzi biznes sahibləri kimi onun da öz iş yerini bağlamasına səbəb olub: 

"Mən işlətdiyim mağazanı icarəyə götürmüşdüm. Bu ilin ilk üç ayına qədər mağazadan ailəmi dolandıracaq və kirayəni ödəyəcək qədər maddi qazanc əldə edirdim. Lakin fevral ayının 21-də devalvasiya baş verdikdən sonra işlər kasadlaşmağa başladı".

Lətif Məmmədovun sözlərinə görə, manatın ucuzlamaşından sonra ehtiyat hissələri bahalaşıb. Əvvəl avtomobil sahiblərinin 40 manata aldığı detal bir az daha bahalaşdı və təbii ki, bu da alıcılıq qabiliyyətinə köklü şəkildə dəyişiklik etdi. "Son aylar isə ümumiyyətlə qazanc əldə etmək bir tərəfə, heç kirayə haqqını ödəyə bilmədik. Buna görə də, məcbur olub mağazanı bağladıq. Hazırda isə özüm ehtiyat hissələri mağazalarının birində satıcı işləyirəm. Orada da iş o qədər yaxşı deyil", - deyə Məmmədov əlavə etdi.

Son aylar Lətif Məmmədov kimi öz iş yerlərini bağlayanların sayı kifayət qədər çoxdur. Mağazaların üzərində asılan "icarəyə verilir" və "mağaza bağlanır" yazıları buna əyani sübutdur.

Ekspertlər isə obyektlərin bağlanmasının kökündə neftin ucuzlaşmasının dayandığını bildirirlər. İqtisadçı Nicat Hacızadə hesab edir ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması, bunun nəticəsində də əhalinin gəlirlərinin azalması vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub: 

"Neftin qiymətinin aşağı düşməsi özəl sektoru zədələdi. Bundan sonra da işçilərin ixtisarları başladı. Bunu statistika komitəsinin bu ilin 11 ayı üçün hazırladığı hesabatında da görmək olar. Statistikaya görə, bu ilin 11 ayı ərzində 2 min iş yeri ixtisar edilib. Bu artım ölkədə müəyyən qədər işsizliyin artmasına səbəb olub. Buna görə də vətəndaşlar qənaət sisteminə keçiblər. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi isə mağazaların sıradan çıxmasına səbəb olub. Buna görə də, bəzi brend malların satışı ilə məşğul olan şirkətlər məcbur olub ölkəni tərk edirlər".

Nicat Hacızadə hazırda mövcud vəziyyətlə əlaqədar əhalinin qida kimi lazımı məhsullar xaric digər - ikinci dərəcəli məhsullara pul xərcləmədiklərini bildirir: "Bütün bu problemlərdən yaxa qurtarmaq üçün xarici investorları cəlb etmək və onlara bəzi imtiyazlar vermək lazımdır. Bunun nəticəsində də yeni iş yerləri açılacaq, gömrük rüsumları ödənəcək və həmin şirkətlər də büdcəyə vergi verəcəklər. Nəticədə də qismən də olsa çətinlikləri aradan qaldırmaq olar. Prezidentin, sahibkarlıq obyektlərində iki il ərzində yoxlanışın dayandırılması haqqında tapşırığı da təbii ki, çox müsbət addımdır. Ancaq sahibkarlara 8 faizlik sadələşdirilmiş vergi tətbiq edilməsi vəziyyəti bir az da çətinləşdirəcək. Çünki sahibkarların hazırkı vəziyyətdə həmin vergini ödəyə biləcəyi bir az şübhə altındadır".

Ümumiyyətlə, mağazaların hər ötən gün bağlanması vətəndaşlarla yanaşı dövlətin də zərər görməsinə səbəb olur. Yeni iş yerlərinin açılması üçün başda qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Məsələn, hazırda ölkəmizdə turizm otelləri kifayət qədər çox olsa da 3 ulduzluların sayı kifayət qədər azdır. Ona görə də turistlər Azərbaycana daha üstünlük verir. Ancaq daha az ulduzlu və daha ucuz otellərin fəaliyyətə başlaması turistlərin səfər etməsinə, nəticədə də ölkənin büdcəsinə müsbət təsir edər. Müsbət təsir isə büdcəyə, büdcənin dolması isə vətəndaşların rifah dərəcəsinin yüksəlməsinə səbəb olar. Rifah dərəcəsi yüksək olan vətəndaşların isə qazancı və xərclədiyi pullar çox olar. Nəticədə isə alan da qazanar, satan da... 

Milli.Az








Tags:  Bakıda dükanlar batır Alver yoxdur FOTO


RƏYLƏR


Top news