Mustafa Topçubaşov Azərbaycan Elmlər Akademiyasının qurucularından biridir

Mustafa Topçubaşov Azərbaycan Elmlər Akademiyasının qurucularından biridir
15:33 16 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın prezidenti, akademik Akif Əlizadə bildirib ki, akademik Mustafa Topçubaşov iyirminci əsr Azərbaycan elmi və ictimai fikir tarixinin təşəkkülündə və inkişafında müstəsna rol oynayıb. Bu mənada görkəmli alimin yubileyi bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar hadisədir.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, akademik Mustafa Topçubaşov Azərbaycan cərrahlıq məktəbinin banisi və ölkəmizdə səhiyyənin təşkilatçılarından biri olub. Qısa fasilə ilə, 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyıb. Qeyd edib ki, akademik Mustafa Topçubaşov Bolqarıstan Elmlər Akademiyasının, Ümumdünya Cərrahlar Assosiasiyasının, Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü seçilib, respublikada Siyasi və Elmi Bilikləri yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri, "Abdominal cərrahiyyə" jurnalının redaktoru, respublika və ittifaq miqyaslı elmi-tibb jurnalların redaksiya heyətlərinin üzvü olub.
Mustafa Topçubaşov SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılması və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış edib. Müharibə illərində hərbi-səhra cərrahiyyəsi işinin təşkilində bu üsuldan geniş istifadə olunub. 62 illik əmək fəaliyyəti dövründə akademik Mustafa Topçubaşov 100 mindən çox uğurlu cərrahiyyə əməliyyatı həyata keçirib, 300-dən çox elmi iş, elmi-kütləvi məqalə, 8 monoqrafiya və 5 cildlik orijinal "Xüsusi cərrahlıq" dərs kitabının müəllifi olub.
Bildirilib ki, akademik Mustafa Topçubaşov bölgələrimizdə, xüsusən də Naxçıvanın səhiyyə quruculuğunda yaxından iştirak edib. Akademik Mustafa Topçubaşov Azərbaycan Elmlər Akademiyasının ilk 15 üzvü və qurucularından biridir.
Tədbirin sonunda akademik Mustafa Topçubaşovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
 








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mustafa_Topchubasov_Azerbaycan_Elmler_Akademiyasinin_qurucularindan_biridir-911708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR