Gəncənin tarixini yaşadan abidələr - FOTO

Gəncənin tarixini yaşadan abidələr - FOTO
17:17 16 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə qədim tarixi, zəngin mədəniyyəti ilə yanaşı, özünə xas memarlığı ilə də seçilir. Şəhər ərazisində olan qədim tikililərə nəzər saldıqda, onların əksəriyyətinin dördkünc qırmızı kərpicdən inşa edildiyini görmək olar. Xüsusi ilə də qədim türbələrin...

Kəpəz TV (Region TV) xəbər verir ki, türbələr görkəmli şəxslərin məzarları üzərində ucaldıldığından onları, əsasən, qədim qəbiristanlıqda görmək olar. Günümüzədək gəlib çatan türbələrin əksəriyyəti də "Səbzikar" qəbiristanlığının ərazisindədir, lakin Gəncənin müxtəlif yerlərində də belə abidələrə rast gəlmək olar. Şəhər daxilində olan ən qədim türbələrdən biri Comərd Qəssab türbəsidir. Gəncə çayının sağ sahilində, qədim Gəncə hasarının 1 km-də inşa edilən türbə VII-VIII əsrlərə aid edilir. Qədim türbələr sırasına Nizami Gəncəvinin məqbərəsi də daxildir. 

Hamlet Allahverdiyev - AMEA-nın Gəncə Bölməsinin Tarix-Etnoqrafiya Şöbəsinin əməkdaşı: "Bugünkü gün gördüyümüz türbə, sonrakı dövrlərdə tikilmiş bir türbədir. Əsl türbəsi isə qırmızı kərpicdən XIII əsrin əvvəllərində tikilib".

Şəhərin mərkəzi bazarının yanında olan tikili isə "Mürsəl ocağı" türbəsidir. Abidə şəhərin Əttarlar məhəlləsindəki köhnə qəbiristanlıqda tikilib. XX əsrin ikinci yarısında məzarlıq dağıdılıb. Türbə restavrasiya olunaraq XX əsrə aid memarlıq abidəsi kimi qorunur.

Şəhərin Ağamirzə Əhmədov küçəsində yerləşən bu memarlıq abidəsi isə "Hacı Mirbağır ağa" türbəsidir.

Türbə şəhərin "Toyuqçular" kimi tanınan "Tuğçular" məhəlləsində olan qədim qəbiristanlıq ərazisində inşa edilib. Günümüzdə bu ərazidə bir zamanlar qəbiristanlığın olduğunu sübut edən yeganə dəlil elə məhz bu türbədir.

Hamlet Allahverdiyev: "1920-ci ilin may ayında Gəncə üsyanı uğursuzluqla nəticələnir. Şəhərdə komendant saatı tətbiq olunur. Şəhərə çıxmaq mümkün olmadığından Hacı Mirbağır Ağa öz evinin damından əzan verərək, insanları namaza səsləyir. Bu vaxt küçədən öz tərcüməçisi ilə keçən rus hərbçisi yanındakından onun niyə qışqırdığını soruşur. Erməni olan tərcüməçi isə deyir ki, o, yerli camaatı rusları qırmağa səsləyir. Buna inanan hərbçi öz tapançası ilə onu vurur".

Gəncənin "İmamzadə" türbəsi... Şəhərin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında yerləşən tarixi memarlıq abidəsidir. "İmamzadə" türbəsinin 2011-ci ildən başlayaraq yenidən qurulmasına, burada dini-memarlıq kompleksinin yaradılmasına başlanılıb. Artıq kompleksdə son tamamlama işləri aparılır. Müxtəlif dövrlərdə inşa edilən və tarixi hadisələr fonunda dağıdılan türbələrin sayı da yetərincədir. Gəncənin bir çox görkəmli şəxsləri olub ki, bu gün onların məzarı üzərində inşa edilən türbələrdən əsər-əlamət yoxdur. 

Tarixi abidələr, xüsusi ilə türbə və qədim məzarlıqlar bir xalqın milli kimliyini sübut edən mədəniyyət nümunələridir. Onların qorunması, dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bizim öhdəliyimizdədir. Milli dəyərlərimizə sahib çıxaq.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR