Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda direktor şagirdi intihar həddinə çatdırdı. Direktor isə, sadəcə, itələdim deyir

Bakıda direktor şagirdi intihar həddinə çatdırdı. Direktor isə, sadəcə, itələdim deyir

Date: 16 December 2015 19:05

Hövsan qəsəbəsi, Ələddin Məmmədov adına 76 saylı məktəbdə direktorla şagird arasında yaşanan qalmaqal şagirdi intihar həddinə çatdırıb.

Milli.Az xəbər verir ki, məktəbin valideynlərindən birinin cebhe.info-ya verdiyi məlumata görə, məktəbin direktoru Tehranə Tağıyeva 6-cı sinif şagirdini sinif otağında döyüb. Saçının uzun olması səbəbini əsas gətirən direktor "Bu nə saçdır?" deyə oğlana acıqlanaraq, şagirdlərin gözü qarşısında ona sillə vurub.

Sinif yoldaşları arasında özünü pis hiss edən şagird dərhal evə qaçıb və mətbəxdən bıçaq götürərək özünə qəsd etmək istəyib. Amma anasının və qonşuların köməyilə bıçaq şagirdin əlindən alınıb. Emil Kərimovun anası həmin sinfin valideynləri ilə birgə toplaşaraq məktəbin qarşısında direktorun bu əməlinə qarşı etiraz nümayiş etdirmək istəyiblər. Amma məsələdən xəbərdar olan Tehranə Tağıyevanın həmin vaxt məktəbdən gedib.

Valideynlərin sözlərinə görə, Emil Kərimov oxuduğu məktəbdə nümunəli və tərbiyəli şagirdlərdən biridir: "Emil Kərimov həm də musiqi məktəbində skripka üzrə oxuyur. Direktor ona bir neçə dəfə saçının uzun olmasını irad tutub. Sonradan oğlanın saçını bir az qısaldıblar. Amma direktor bununla razılaşmayaraq Emilin onun istədiyi formada saç saxlamasını tələb edib. O, sahəsi ilə əlaqədar tədbirlərdə olduğu üçün saçını müəyyən formada saxlamalıdır. Direktor isə "Əgər mənim dediklərimə əməl edilməsə, uşaq bu məktəbdə oxumayacaq" deyə valideyninə xəbərdarlıq edib. Valideynləri isə bildiriblər ki, Emilin konserti olacaq, ona görə saçına əl dəyilmir.

Məsələ ilə bağlı 76 saylı məktəbin direktoru Tehranə Tağıyeva da açıqlama verib. O, döyülmə faktının baş vermədiyini deyib:

"Məktəbdə müavinlərlə birgə sinifləri gəzib reyd keçirirdik. Saçı uzun, saqqalı olan oğlanlar, məktəb formasında olmayan və dərsə telefon gətirən uşaqları yoxlayırdıq. O uşağın heç adını bilmirəm, saçını uzun görüb ayağa qaldırdım və sinif rəhbərinə dedim ki, bunu görmürsünüz? Dedi ki, görmüşəm və dəfələrlə də valideyninə demişəm. Hər dəfə deyirlər ki, sabah, sabah... Mən də onu sıranın qarşısına çağırdım, elə boynunun ardından tutub, çölə çıxarmaq məqsədilə "Get, bala, saçını vurdur, gəl" dedim. O vurmaq sayılmır, bunu yaxşı formada şişirdiblər. Biri məktəbə idman ayaqqabısı geyinir, biri 10-11-ci sinif şagirdidir, saqqalı nə uzunluğunda. Məktəbli məktəbliyə oxşamalıdır. Ümumi məktəb üzrə şagirdlərdən bir paket telefon yığdım. Hardasa 10-12 uşaq saçına, 15 uşaq isə məktəbli forması geyinmədiyinə görə danlandı və son xəbərdarlıq olundu".

Direktor Emil Kərimovun bu gün valideyni ilə görüşdüyünü də deyib:

"Anası ilə əmisi gəlmişdi. Mən onları da başa saldım. Sadəcə, valideyn özünü müdafiə etmək məqsədilə oz dediyini yeritməyə çalışır. Sinif rəhbəri də təsdiq etdi ki, şagirdə saçı ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Anası söz tapmadı deməyə..."

Emil Kərimovun özünəqəsd cəhdinə gəlincə, direktor bunun mümkünsüzlüyünü vurğulayıb:

"Ola bilməz. O uşaq nə döyülüb, nə də vurulub. Nəsə xüsusi zərbə də olmayıb. Sadəcə, boynunun ardından tutub itələdim ki, get saçını vurdur, sonra sinifə gəl. Burada əlavə heç nə ola bilməz. Biz adam öldürənik məgər? Neynirik ki, biz nə ilə məşğul oluruq ki? İki il bundan əvvəl də, keçən il də mən o uşağı saçı uzun görmüşəm. Valideyninin sözü ancaq o olub ki, mənim uşağım incəsənət uşağıdır. O formada gəlməlidir. Mən axı incəsənət gimnaziyasında işləmirəm. Bura orta ümumtəhsil məktəbidir. Bu hadisədə məni əsəbləşdirən o valideyni haradan tapım? Mənim bu dəqiqə təzyiqim yuxarı qalxsa, kim cavab verəcək? Əgər bir sözdən o uşaq sınıbsa, onda daha biz bu məktəbdə niyə işləyək? Xoşagəlməz hadisə niyə valideynlər yiyəsiz uşaqlarını məktəbə o formada göndərəndə, yolda hansısa bir oğlan söz atanda olmur, Tehranə müəllimə nəsə deyəndə olur? Siz bilirsiniz, saçı uzunları necə adlandırırlar? Mən öz fikrimdə dururam ki, onu vurmamışam, təhqir etməmişəm. Amma valideynin qərəzli münasibətidir ki, o, bunu belə səsləndirir. Mən də bu dəqiqə həkimi çağırım deyim ki, bir valideyn məni əsəbləşdirir, təzyiqimi ölçün və mənə arayış verin ki, filankəs məni əsəbləşdirir. Mən də səhər durum işə gəlməyim? Bizi əsəbləşdirirlər, ölüm həddinə çatdırırlar, amma biz işimizi görməliyik".

Milli.Az


Tags:  Bakıda direktor şagirdi intihar həddinə çatdırdı Direktor isə sadəcə itələdim deyir


RƏYLƏR


Top news