Yara təmizləmək üçün sabun və sudansa, duzlu su yaxşıdır

Yara təmizləmək üçün sabun və sudansa, duzlu su yaxşıdır
22:23 16 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Açıq sınıqlara tibbi yardım göstərilməsi və infeksiyaların profilaktikası prosesində bir çox elmi nailiyyətlərə imza atılıb, amma standart praktika - əməliyyatdan əvvəl yaranın sabunlu su ilə təmizlənməsi dəyişməyib.
AZƏRTAC “nauka24news.ru” istinadla xəbər verir ki, Kanadanın MakMaster Universitetinin alimlərinin başçılıq etdiyi beynəlxalq tədqiqatçılar qrupu açıq yaraların sabun və su ilə yuyulmasının duzlu su ilə yuyulması ilə müqayisədə bir o qədər də səmərəli olmadığını aşkar edib.
Mohit Bhandarinin başçılıq etdiyi qrup açıq əl və ayaq sınıqları olan 2400 adamı müayinə edib. Onların yaraları ya sabunlu su, ya da duzlu məhlulla yuyulub, suyun təzyiqi isə müxtəlif səviyyədə olub. Tədqiqatçılar müəyyən ediblər ki, çox aşağı təzyiqli su açıq sınıqları yumaq üçün məqbul və ucuz alternativdir. Sabundan istifadə olunan qrupda təkrar əməliyyatların sayı daha çox olub.
M.Bhandari deyib: “Sümük sınıqları olan ciddi yaralardan çirki və zibili təmizləmək üçün hansı üsulun daha yaxşı olması barədə çox mübahisələr olub. Təcrübə göstərir ki, yaranın sabunlu su ilə təmizlənməsi adi su ilə yuyulmasından heç də səmərəli deyil”.
Eksperimentin həmmüəllifi Edvard Harvey əlavə edib: “Bu məlumatlar bütün dünyada, xüsusən, belə halların daha çox müşahidə olunduğu inkişaf etməkdə olan ölkələrdə açıq sınıqları olan pasiyentlərin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir. Biz yaranı təmizləmək üçün vaxtımızın çoxunu sabun və sudan istifadəyə sərf edirdik, amma daha bunu etmirik”.
Tədqiqatda Birləşmiş Ştatların 41 regionundan, Kanada, Avstraliya, Norveç və Hindistandan pasiyentlər iştirak ediblər. Onların çoxu yaşı 40-ı ötən kişilər olub.
Tədqiqatçılar əlavə ediblər ki, onların nəticələri yol-nəqliyyat hadisələrinin tez-tez baş verməsi səbəbindən açıq sınıqların payının yüksək olduğu aşağı və orta gəlirli ölkələr üçün xüsusilə aktualdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yara_temizlemek_uchun_sabun_ve_sudansa_duzlu_su_yaxsidir-911905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR