Bərdə, 17 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda cins maldarlığın inkişafı üçün mal-qaranın süni mayalandırılması uğurla həyata keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasının təmin edilməsi, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə Bərdədə 13 süni mayalama texniki fəaliyyət göstərir. Bu ilin 11 ayında rayon üzrə 4526 baş inək və düyə süni yolla mayalandırılıb, 2884 baş sağlam cins buzov alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süni yolla mayalandırılan heyvanların sayı 449 baş, alınan balaların sayı isə 525 baş çoxdur.
Mayalama zamanı əsasən “Holştein-friz”, “Simmental” və “Şvis” cinsindən olan buğaların toxumlarından istifadə edilir. İlin sonunadək 5 min başdan çox inək və düyənin süni yolla mayalandırılması nəzərdə tutulub.
Görülən tədbirlər nəticəsində Bərdə rayonunda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb, ət və süd istehsalı artıb.