Müdafiə Sənayesi Nazirliyi on il ərzində sürətli inkişaf yolu keçib

12:33 17 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 10-cu ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı günü münasibətilə dekabrın 17-də “Radioquraşdırma” zavodunda təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Peşə bayramı münasibətilə kollektivi təbrik edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, son illər Azərbaycanın sürətli tərəqqisi hesabına ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb, cəmiyyət həyatının bütün sahələri inkişaf edib. Dövlətimizin hərbi qüdrəti durmadan artır.
Son dövrdə Azərbaycanda müdafiə sənayesi sahəsinin də uğurla inkişaf etdiyini qeyd edən nazir bildirib ki, buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb, milli ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb.
Yavər Camalov qeyd edib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində bu gün peşə bayramını qeyd etdiyimiz Müdafiə Sənayesi Nazirliyində 10 il ərzində çox böyük uğurlar əldə olunub. Nazirliyin qarşısında qoyulmuş əsas məqsəd müəssisələrdə bərpa və yenidənqurma işlərinin aparılması, müasir növ silah və döyüş sursatlarının istehsalının mənimsənilməsi və onların seriyalı istehsalını təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması olub. Müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Həmin obyektlərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib, hərbi sənaye kompleksinin inkişafı ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Yavər Camalov nazirliyə göstərdiyi hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirib.
Diqqətə çatdırılıb ki, nazirliyin fəaliyyəti dövründə tabeli müəssisələrdə 450 addan çox mülki və ikili təyinatlı məhsulların istehsalı mənimsənilib. Mülki məhsulların yeni növlərinin yaradılması və istehsalı istiqamətində məqsədyönlü işlər davam etdirilib. Görülmüş tədbirlər nəticəsində mülki məhsulların istehsal həcmi ildən-ilə artmaqdadır. Belə ki, 2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunmuş mülki məhsulların həcmi 2,9 dəfə artıb. Cari ildə proqnoz tapşırığa 102,5 faiz əməl edilib. İstehsalı mənimsənilmiş mülki məhsullardan - əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar.
Qeyd edilib ki, nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məhsulların da beynəlxalq sərgilərdə nümayişi və xarici bazarlarda tanıdılması istiqamətində işlər uğurla davam etdirilir. MSN-in müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən etibarən 15 beynəlxalq sərgidə nümayiş etdirilib və böyük maraqla qarşılanıb. Nazirliyin qatıldığı sərgilərdə Azərbaycan brendi kimi nümayiş etdirilən məmulatların çeşidlərinin sayı artmaqda davam edir.
Digər çıxış edənlər də MSN-in on illik fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra nazirliyin xidmətdə fərqlənən əməkdaşları mükafatlandırılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Senayesi_Nazirliyi_on_il_erzinde_suretli_inkisaf_yolu_kechib-911990

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR