Qubadakı “Günbəzli hamam” muzey kimi fəaliyyət göstərəcək VİDEO

Qubadakı “Günbəzli hamam” muzey kimi fəaliyyət göstərəcək   VİDEO
13:48 17 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 17 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərindəki XVIII-XIX əsrlərə aid olan “Günbəzli hamam” tarixi abidəsi bərpa olunduqdan sonra muzey kimi fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, iki günbəz və 30-a yaxın otaqdan ibarət olan tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyəcək. Təmir və yenidənqurma işləri qədim hamamın daxilində aparılır. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı köhnə dövrün memarlıq ənənələrindən istifadə edilir. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyəcək. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılacaq.
“Günbəzli hamam”ın yenidən qurulması 2017-ci ilə kimi yekunlaşacaq. Bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək qədim hamam binasında müxtəlif sənətkarlıq nümunulərinin sərgisi təşkil ediləcək.
Təmir-bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Xatırladaq ki, “Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir.
1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qubadaki_Gunbezli_hamam_muzey_kimi_fealiyyet_gosterecek_VIDEO-912023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR