Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Topaz Premyer Liqasında XVII tur çərçivəsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşması “Xəzər-Lənkəran” ilə “Kəpəz” komandası arasında oynanılıb.
Turnir cədvəlinin orta sıralarında qərarlaşmış “Kəpəz” liderlərdən uzaq düşməmək üçün Lənkəranda yerli komandaya minimal hesabla qalıb gəlib – 1:0. Cənub təmsilçisindən mövsümün birinci dövrəsində də güclü olan baş məşqçi Şahin Diniyevin yetirmələri ardıcıl üç oyundur ki, meydanı bir xalla tərk edirdilər.
“Xəzər-Lənkəran” isə bu məğlubiyyətlə artıq altı matçdır xala həsrət qalıb. Belə ki, qarşılaşmanın yeganə qolu 66-cı dəqiqədə vurulub. “Kəpəz”in heyətində Şəhriyar Rəhimov fərqlənib.
Beləliklə, xallarının sayını 25-ə yüksəldən “Kəpəz” turnir cədvəlində altıncı pillədən beşinci yerə qalxıb. Hesabında 12 xal olan “Xəzər-Lənkəran” isə doqquzuncu sıradan yaxa qurtara bilməyib.