Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 21-də Lənkəran şəhərində Azərbaycan Memarlar İttifaqı (AMİ) İdarə Heyətinin 2015-ci il qış plenumu keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Memarlar İttifaqından bildirilib.
Məlumatda qeyd olunub ki, Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutacaq plenumdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyulacaq.
Sonra Azərbaycan memarlarının yaradıcılığını əks etdirən “Müasir Azərbaycan memarlığı” adlı sərginin açılışı olacaq.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Lənkəran şəhərinin Baş planının layihələndirilməsi və inkişafı” mövzusunda çıxış edəcək.
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dosenti Rahibə Əliyevanın “Lənkəranın şəhərsalma və memarlıq irsi” mövzusunda və Azərbaycan Memarlar İttifaqı Təftiş Komissiyasının sədri Nizami Şıxzamanovun komissiyanın hesabatı ilə bağlı çıxışları dinləniləcək.
Həmçinin plenumda Azərbaycan Memarlar İttifaqına yeni üzvlər qəbul ediləcək.
Şəhərsalma və memarlıq sahələrində fəal iştirak edib, Lənkəranın memarlıq simasının zənginləşdirilməsində göstərdikləri xidmətlərinə görə bir sıra memarlar Azərbaycan Memarlar İttifaqının Fəxri Fərmanları ilə təltif olunacaqlar.
Plenumun yekununda AMİ İdarə Heyəti plenumunun qətnaməsini qəbul edəcək.