Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsveç parlamenti sərhəd yoxlamaları haqqında qanun qəbul edib

İsveç parlamenti sərhəd yoxlamaları haqqında qanun qəbul edib

Date: 18 December 2015 15:48


Stokholm, 18 dekabr, AZƏRTAC 
İsveç parlamenti 175 səs “lehinə”, 39 səs “əleyhinə” olmaqla ölkəyə gələn avtobuslarda, qatarlarda və ya sərnişin gəmilərində sənədlərin yoxlanması sisteminin tətbiqi barədə qanun qəbul edib.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, qanun dekabrın 21-dən qüvvəyə minəcək, nəzarət isə 2016-cı il yanvarın 4-dən başlanacaq. İsveç hakimiyyət orqanları bu qərarı krallığa qaçqın axınının rekord həddini tənzimləmək arzusunda olması ilə əlaqələndirib.
Qərarı artıq Danimarkanın Baş naziri Lars Lökke Rasmussen tənqid edib. O bildirib ki, bu qərar hakimiyyət orqanlarının uzun müddət Kopenhageni və Malmönü turistlərin nəzərində vahid vilayət kimi təqdim etmək cəhdlərinin üstündən xətt çəkəcək.
İsveç dövləti Danimarka kimi Şengen ərazisinə aid olduğu üçün onların daxili sərhədində nəzarət yoxdur. Lakin İsveç hökuməti noyabr ayında iki ölkəni bağlayan Öresund körpüsündə müvəqqəti sərhəd nəzarəti tətbiq etmişdi. Həmin vaxt ölkənin hakimiyyət orqanları qaçqınlarla bağlı böhranın davam edəcəyi təqdirdə bu müddəti uzadacaqlarını bəyan etmişdilər.
Lars Lökke Rasmussen İsveç hökumətinin qərarını tənqid etməsinə baxmayaraq bildirib ki, Danimarka da özünün Almaniya ilə sərhədində tam nəzarət tətbiq etməyə hazırdır. Keçən həftə Danimarka parlamenti bu fikri bəyənib və xüsusi xidmət orqanlarına Almaniyadan Danimarkaya gələn vətəndaşların sənədlərini həm avtomobil, həm də dəmir yollarında yoxlamaq imkanı yaradıb.
Qeyd edək ki, cari ilin 11 ayında İsveçə təxminən 170 min qaçqın gəlib. Krallığın Miqrasiya İdarəsinin hesablamasına əsasən 2015 və 2016-cı illərdə 9,7 milyon əhalisi olan İsveçə 340 mindən çox qaçqın gələ bilər. İsveç əhalinin adambaşına düşən qaçqının sayına görə Avropa İttifaqının digər ölkələrindən daha çox qaçqın qəbul edir.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Tags:  İsveç parlamenti sərhəd yoxlamaları haqqında qanun qəbul edib


RƏYLƏR


Top news