Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İntellektual turnirin final mərhələsində Laçın rayonunu “Günəşli” və “Kainat” komandaları təmsil edəcək

Date: 18 December 2015 16:13


Ağcabədi, 18 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində intellektual oyun üzrə növbəti seçim turu laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov tədbirdə çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.
Tədbirdə çıxış edənlər gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndirib, komandalara uğurlar arzulayıblar.
Tədbir çərçivəsində gənclərin təşəbbüsü ilə “Laçın İntellektual Klubu” yaradılıb.
Sonra rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib. Gərgin mübarizə şəraitində keçən turnirdə “Günəşli” və “Kainat” komandaları daha yaxşı nəticə göstərərək, Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Tags:  İntellektual turnirin final mərhələsində Laçın rayonunu Günəşli Kainat komandaları təmsil edəcək



RƏYLƏR


Top news