Bizə "barıt" lazım deyil? - FOTO

Bizə "barıt" lazım deyil? - FOTO
12:42 19 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Barıt zavodunda PARTLAYIŞ: 2 ölü, 17 yaralı (17 May 2017 22:13)
Polşada barıt zavodunda partlayış baş verib: xəsarət alanlar var (17 May 2017 21:37)
Rusiyada barıt zavodunda YANĞIN: ölən var (25 Mart 2017 09:47)

Pambıqçılığın inkişaf etdirilməsi aqrar sektorla yanaşı, ümumilikdə ölkə iqtisadiyyatı üçün də mühüm strateji əhəmiyyət daşıyır

Azərbaycanda əkilən pambıq sahələri ildən-ilə azalır və son on ildə bu əhəmiyyətli məhsulun istehsalı 7 dəfədən çox aşağı düşüb. Statistik göstəricilərə görə, bu il ölkə üzrə 25 min ton pambıq yığılıb. Halbuki vaxtilə Azərbaycanda bir milyon tondan çox pambıq tədarük edilirdi.
Pambığın tarixi vətəni Hindistan sayılır (miladdan üç min il əvvəl). Qafqazda, xüsusilə Azərbaycanda pambıq qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılmışdır. Mingəçevirdə arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və digər şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edildiyi, XV əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar aparıldığı tarixi mənbələrdə göstərilir. 
İndi "qara qızıl" adlanan neft necə məşhurdursa, bir vaxtlar Azərbaycanın "ağ qızıl"ı - pambığı da o qədər şöhrət tapmışdı və böyük həcmdə becərilirdi. 1912-ci ildə Yelizavetpol quberniyasında 28, Bakı quberniyasında 22 pambıqtəmizləmə zavodu vardı. O zaman pambıq əkmək xeyli zəhmət tələb etsə də, çox sərfəli idi. Rusiya sənayesinin pambığa olan tələbatı sürətlə artırdı. Hər il Amerikadan milyonlarla pud pambıq mahlıcı alınırdı. Ona görə çar hökuməti Azərbaycanda pambıqçılığı inkişaf etdirmək üçün tədbirlər həyata keçirdi. Sovetlər birliyinin tərkibinə qatıldıqdan sonra ölkədə pambıqçılığın inkişafı yüksələn xətlə davam etdi. Bununla əlaqədar pambıqtəmizləmə sənayesi də yüksəlirdi. Lakin 1941-45-ci illər müharibəsindən sonra, xüsusilə də 50-60-cı illərdə respublikamızda pambıqçılığa diqqət zəiflədi. Pambıq istehsalı ildən-ilə azalmağa başladı. Artıq pambıq perspektivsiz bir bitki hesab olunurdu. Lakin 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aqrar sektorda əkinçilik və heyvandarlığın, ilk növbədə isə pambıqçılığın inkişafı üçün konkret tədbirlər planı işlənib hazırlandı. 1970-ci ildən başlayaraq pambıq istehsalı və satışı planları artıqlaması ilə yerinə yetirilməyə başlandı. 1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu göstərici 412 min ton olmuşdur.
 
Pambığın əvvəlki şöhrətini qaytarmaq mümkündür
 
Heydər Əliyevin prinsipial rəhbərliyi və zəngin iş təcrübəsi əsasında 1969-1982-ci illərdə pambıqçılıqda məhsuldarlıq təqribən 10 dəfə yüksəlmişdi. Bu illərdə kənd təsərrüfatında pambıqçılığın, eləcə də üzümçülük və taxılçılığın xüsusi çəkisi artmış, bu sahələrdə ixtisaslaşma, mərkəzləşdirmə həyata keçirilmiş və möhkəm maddi-texniki baza yaradılmışdı. 1981-ci ildə respublikamızda 1 milyon 315 min ton pambıq istehsal olunması pambıqçılığın ən gəlirli sahə olduğunu, Azərbaycanda bu aqrar istiqamətin yüksək inkişafını təmin etməyin mümkünlüyünü sübut etdi.
Sonrakı illərdə respublikada pambıq becərilməsi azalmağa başladı, 1980-ci illərin sonlarında istehsal artıq 350-400 min tona endi. Getdikcə azalan istehsal göstəricisi bu gün 25 min tona düşüb. Bir çoxları bunu postsovet dövründə baş vermiş mülkiyyət dəyişikliyi ilə əsaslandırır. Belə ki, kəndlərin bütün torpaqlarını nəzarətdə saxlayan iri kolxoz və sovxozlar ləğv edildiyindən xırda torpaq payçıları üçün pambıq əkmək o qədər də sərfəli olmayıb və əkməyiblər. Amma nəzərə alaq ki, eyni prosesdən Özbəkistan da keçib, buna baxmayaraq, hazırda bu ölkədə pambıq istehsalı 2005-ci illə müqayisədə 3 dəfəyə qədər artıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət kənd təsərrüfatının digər sahələri kimi, pambıqçılığı da yenidən dirçəltməyə çalışdı. Lakin bir çox təsərrüfat sahələrindən fərqli olaraq, hazırda pambıqçılıqla bağlı vəziyyət heç də ürəkaçan deyil. Azərbaycanın mövcud imkanları ölkədə pambığın əvvəlki şöhrətini qaytarmağın mümkün olduğunu göstərir. Bunun üçün lazım olan infrastruktur da var. Bəs bu sahədəki vəziyyətin sürətlə mənfiyə doğru dəyişməsinə səbəb nədir? Bəlkə, pambıq daha əvvəlki kimi lazımlı məhsul deyil, yoxsa borcu xərcindən çoxdur? Mövzunu araşdırmaq üçün mütəxəssislərlə söhbətləşdik.
 
Pambıqçılığın inkişafına yeni yanaşma lazımdır
 
Azərbaycanda pambıq yetişdirilməsi üçün münbit şəraitin olduğunu deyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisad elmləri doktoru Eldar Quliyevin sözlərinə görə, pambıqçılıq Azərbaycanda hər zaman prioritet təsərrüfat sahəsi olub. Təbiətimiz bu gün də imkan verir ki, pambıqçılıq sahəsini dirçəldək.

Eldar Quliyev bildirdi ki, pambıq üçün gərək yaxşı aran torpaqları və günəş enerjisi olsun ki, bunlar da ölkədə var. Pambıq dünyada strateji əhəmiyyətli məhsuldur, ondan heç bir tullantı əmələ gəlmir: "Bu gün pambıq təkcə yüngül sənayedə tətbiq edilmir. Məsələn, səhiyyədə elə bir sahə yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Biz müharibə şəraitində yaşayan ölkəyik, buna görə də barıta çox ehtiyacımız var. Barıtın isə əsas xammalı pambıqdır. Bu məhsulun çiyidindən yağ çəkirlər. Yağı çəkilən çiyidi isə mal-qaranın yeminə qatırlar. Bu da qaramalın südündə yağlılıq dərəcəsini artırır. Digər tərəfdən, pambığın kollarından mebel sənayesində çox istifadə olunur. Bundan başqa, adi mağazadan da paltar alanda təmiz pambıq olub-olmaması ilə maraqlanırıq. Ona görə ki, pambıqdan olan paltarlar insan sağlamlığı üçün önəmlidir. Günəş enerjisini özünə çəkir, bədənin havalanmasını təmin edir. Yüngül sənayemizi inkişaf etdirmək üçün mütləq yeni pambıq zavodları və fabrikləri açılmalıdır".

Ekspert pambığa olan marağın azalmasını isə belə izah etdi: "Ümumiyyətlə, 1990-cı ildən bəri pambığın dünya bazarındakı qiyməti xeyli azalıb. Ona görə də bu sahəyə dövlət tərəfindən hər hansı bir dəstək göstərilməsə, müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bu sahədə sərbəst, müstəqil rəqabət getməlidir. Fermer bilməlidir ki, əkdiyi məhsulu sabah neçəyə satacaq. Sahibkarlara subsidiyaların ayrılması ilə yanaşı, dövlət tərəfindən sifarişlər də verilməlidir. Yəni dövlət qabaqcadan şərait yaratmalıdır ki, kəndli məhsulu əksin və müqavilə bağlayanda əvvəlcədən bilsin ki, məhsul filan qiymətə alınacaq. Kənd Təsərrüfatı Nazirliyi bu sahəni ciddi nəzarətə götürməli və sahibkarlara kömək etməlidir. Dünyanın heç bir yerində istehsalçı öz məhsullarını bazarlara birbaşa çıxarmır. Ona əvvəlcədən sifarişlər verilir və sonra da yerindəcə alıb aparırlar. Sovetlər vaxtında bu proses mükəmməl tənzimlənirdi. İstehsalçılar dövlətlə müqavilə bağlayırdılar. Qiymətləri də bazara görə tənzimləyirdilər. Banklar isə krediti 2 faizlə verirdi. İndi kolxoz, sovxoz yoxdur, amma sahibkar var. Sahibkarlara hər cür şərait yaradılmalıdır ki, onlar istehsalı genişləndirsinlər. 1 milyon ton pambıq istehsalından 25 min tona düşməyimiz bu sahə ilə bağlı müvafiq strukturları ciddi düşündürməlidir. Biz real gücümüzə görə pambıqçılıq sahəsini inkişaf etdirsək, daxili tələbatı artıqlaması ilə ödəyərik. Qonşuluğumuzda yerləşən və bu sahədə mükəmməl modeli olan Özbəkistan və Türkmənistanla geniş təcrübə mübadiləsi edə bilərik".

Eldar Quliyev qeyd etdi ki, torpaq sahibləri indi daha çox tələbat olan məhsulların (buğda, qarğıdalı, tərəvəz, yem bitkiləri və s.) istehsalına üstünlük verirlər. Bundan başqa, intensiv becərmə texnologiyalarına əməl edilməməsindən məhsuldarlığın aşağı olması və nəticədə istehsalın iqtisadi səmərəliliyinin azalması da əsas səbəblərdəndir: "Xırda torpaq payçıları üçün pambıq əkmək sərfəli deyil. İstehsalçılar tərəfindən sahəyə marağın artırılması üçün xammalın alış qiymətləri tənzimlənməlidir. Yeni intensiv becərmə texnologiyalarından istifadə etməklə rəqabətqabiliyyətli məhsul istehsal olunmalı, məhsuldarlığı və məhsulun keyfiyyətini yüksəldərək sahənin rentabelliliyi artırılmalıdır. Eyni zamanda, toxuculuq sənayesinin inkişaf etdirilməsi lazımdır. Bu sahəyə dövlət dəstəyinin davam etdirilməsi də zəruridir".

"Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 2010-cu ildə qüvvəyə mindiyini xatırladan Eldar Quliyevin fikrincə, qanunun məqsədi ölkədə pambıqçılığın inkişafına, istehsal ilə emal arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaqdır: "Qanunda konkret göstərilir ki, pambıqçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri pambıqçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservis xidmətlərinin genişləndirilməsindən, yeni texnika və texnologiyaların tətbiqindən, pambıq məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından, pambıqçılığın elmi təminatının yaxşılaşdırılmasından ibarətdir".

Pambıqçılıq təsərrüfatı ilə məşğul olan bir neçə fermerlə söhbətimiz zamanı bəlli oldu ki, bu sahədəki vəziyyət heç də ürəkaçan deyil. Pambıq əkilən əsas rayonlarda ən yaxşı halda iki, yaxud üç fermer bu işlə məşğul olur. Vaxtilə ucu-bucağı görünməyən pambıq sahələrinin olduğu Ağdamda isə indi cəmi bir fermer pambıq əkib-becərir. Statistikaya nəzər saldıqda aydın görünür ki, ölkə üzrə pambıq yığımı kəskin surətdə azalır. Məsələn, İmişli rayonunda ötən il 3011, bu il 2551 hektar pambıq əkilib. Götürülən məhsulda da ötən illə müqayisədə təxminən 1500 ton azalma qeydə alınıb. Oxşar vəziyyət Beyləqanda da özünü göstərib. Belə ki, 2014-cü ildə 3776 ton məhsul götürüldüyü halda, cari ildə 2383 ton pambıq yığılıb.
 
Fermerlər həyəcan təbili çalır
 
Sevindik Bağırov Ağdam rayonunda pambıqçılıqla məşğul olan yeganə fermerdir. 35 hektar sahəsi var. Kolxoz vaxtından pambıqçılıqla məşğuldur. O dövrlə müasir çağı belə müqayisə edir: "Sovet hökumətinin vaxtında pambıqçılıq qabaqcıl sahələrdən idi. İndi pambıq şəxsi təsərrüfatlara ayrılıb. Onu becərmək isə həmin şəxslərin fərasətindən asılıdır. Sovet dövrünə nisbətən indi texnika baxımından xeyli rahatlıq yaranıb. Toxumu səpmək, becərmək texnikanın köməyi ilə asanlaşıb. Bununla belə, fermerlər məhsulu yalnız öz gücləri ilə becərirlər". 

Onun sözlərinə görə, pambıq istilik sevən bitkidir, 20 dərəcədən aşağı temperatur olduqda onda inkişaf getmir. Həm də gərək vaxtında suvara biləsən: "Əvvəllər pambıqçılıq təsərrüfatlarını digər əkin sahələrindən fərqləndirirdilər, ərazidə su qıtlığı olsa belə, onu digər yerlərdən kəsib pambıq sahələrinə yönəldirdilər. Eyni zamanda, indi pambığın qiyməti də ucuzdur. Həmçinin əziyyətli iş olduğundan insanlar bu sahədən qaçırlar. Görürlər ki, yoncanı, yaxud taxılı becərmək daha asandır və gəlirlidir, buna görə də o istiqamətə yönəlirlər". 

Pambığın becərilmə prosesinə gəldikdə, fermer dedi ki, əvvəlcə toxum (çiyid) əkilir, arat olunur, daha sonra bir dəfə malalanır və kultivasiya edilir. İyul ayından başlayaraq avqustun axırına qədər sulanır. Hər sulamanın arası 12-15 gün çəkməlidir. Bundan gec sulansa, qoza tökülür. Yığım isə əsasən sentyabr ayından başlayır. Əgər yay isti keçirsə, avqustun 25-dən də yığıma başlamaq olar. Pambıq 4 üz yığıldığından bu proses 1-2 ay çəkə bilər. Bu, məhsulun bolluğundan asılıdır.

Yığılan məhsulun satışı ilə də maraqlandıq. S.Bağırov bildirdi ki, pambığı Bərdədə zavoda verirlər: "Xammalı bizdən götürmələri üçün şirkətlə müqavilə bağlayırıq. Müqaviləyə əsasən onlar bizə toxum verirlər, eyni zamanda becərməyə kömək edirlər. Toxumu Türkiyədən gətirirlər, ən yaxşı pambıq sortu türk toxumlarından əmələ gəlir. Sovetlər birliyi vaxtında hər hektara 80-100 kiloqram toxum səpirdik, buna görə də seyrəltmə işi aparılırdı. Amma indi o seyrəltmə yoxdur deyə xərc bir az azalıb. İndi hektara 20 kiloqram çiyid əkirik. Bunun da yüzdə-yüzü bitişli toxumdur. Hava şəraiti yaxşı olsa, ildə 50 sentner məhsul götürmək mümkündür".

Beyləqan rayonunda pambıq əkini ilə məşğul olan fermer Vidadi Hüseynovla da həmsöhbət olduq. Keçən il 61, bu il isə 80 hektar pambıq sahəsi əkib. Amma məhsulu yığmaq, təhvil vermək onun üçün böyük problemdir: "Maddi vəsait və dəstək olmasa, bu sahəni inkişaf etdirmək mümkün deyil. Gərək məhsulun alıcısı ola. Alıcı isə elə qiymətə alır ki, (bir kiloqramı 41 qəpik) bu da fermerə sərf etmir. Müqavilə bağladığımız şirkət əvvəllər daşınma haqqını öz üzərinə götürürdü. Bu ildən o da bizim üzərimizdə qalıb. Buna görə də məhsul tarlada qalıb zay olur. Beyləqandan Füzuli rayonu istiqamətinə getsəniz, görərsiniz ki, yolqırağı sahələrdə nə qədər pambıq yığılmamış qalıb. Bu il bizim də təxminən 200 hektar sahəmiz əkilsə də, yığılmamış qalıb".

Fermer deyir ki, pambığa hər zaman ciddi zərurət var. Sadəcə olaraq, hər dövrün öz tələbləri mövcuddur: "O zaman əhalinin tələbatı da başqa idi, bura dövlətin böyük inzibati və maddi təsiri vardı. Hətta məktəblilər də pambıq yığımına yardıma göndərilirdi. İndi məhsulu zavoddan başqa digər bazarlara çıxarmaq mümkün deyil".
 
Pambığın satınalma qiymətləri artırılmalıdır
 
Mövzu ilə əlaqədar keçmiş Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun da daxil olduğu Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor müavini, kənd təsərrüfatı elmləri doktoru, professor Həsənəli Aslanovla əlaqə saxladıq. Onun sözlərinə görə, bu il pambığın əkin sahəsi ölkə üzrə 19 min hektara yaxın olub. Hesablamalar göstərir ki, respublikada 100 min hektar pambıq əkilərsə və normal məhsul götürülərsə, ildə 3 milyard manat gəlir əldə etmək olar. Bu isə yüz minlərlə iş yeri və heyvandarlığın yüsək keyfiyyətli yem bazası ilə təminatı deməkdir: "Bu gün pambıqçılığa dövlət səviyyəsində dəstək verilməlidir. Pambığın satınalma qiymətləri artırılmalıdır. Pambıqçılıq klasterlər əsasında inkişaf etdirilməlidir. Pambıq istehsalçılarının kooperasiyası yaradılmalıdır. Həmçinin torpaqların münbitliyini artırmaq üçün növbəli əkin sisteminə keçilməli, aqrokimyəvi xidmətdən geniş istifadə edilməlidir. Pambıqçılıqda son məhsula özümüzdə keçilməli və emal sənayesi yaradılmalıdır. Biz xaricə hazır məhsul çıxarmalıyıq. Azərbaycanın iqtisadiyyatının mövcud durumu buna tam imkan verir".
H.Aslanov qeyd etdi ki, "Pambıqçılıq haqqında" qanunun tələblərinə uyğun olaraq indiyədək institut tərəfindən müxtəlif işlər görülüb: "20-dən çox toxum sortumuz rayonlaşdırılıb. Bu sortların respublikamızda ilkin toxumçuluq işi qurulub və fermer təsərrüfatlarında əkilib becərilir. Hazırda Dövlət Sort Sınağında 10-dan çox sortumuz var. Bu sortlar vegetasiya müddəti 120-130 gün olmaqla tezyetişəndir. Potensial məhsuldarlığı 1 ha üçün 50-60 sentnerdir. Yüksək aqrotexniki qulluq şəraitində bu məhsulu almaq mümkündür. Sortlarımız xəstəlik və zərərvericilərə dözümlü, quraqlığa davamlı, yüksək lif çıxımına malikdir. Alimlərimiz tərəfindən kiçik fermer təsərrüfatları üçün qısa rotasiyalı üçtarlalı pambıq-taxıl-yonca növbəli əkin sistemi işlənib hazırlanmışdır".
 
Dövlət dəstəyinin olması zəruridir
 
Pambıqçılığın hazırkı durumu ilə bağlı əsas dövlət strukturu olan Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini öyrəndik. Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirdi ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bu sahənin inkişafına dair müddəalar da öz əksini tapıb. Dövlət tərəfindən pambıq istehsalçılarına bir sıra güzəştlər və dəstək tədbirləri müəyyən edilib. Hazırda hər hektar pambıq sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə subsidiya verilir, güzəştli qiymətlərlə (70 faiz) mineral gübrələr, lizinq yolu ilə müasir texnika və avadanlıqlar satılır, yüksək keyfiyyətli pambıq sortlarının yetişdirilməsi sahəsində seleksiya və elmi-tədqiqat işləri aparılır, pambıq toxumçuluğu dövlət tərəfindən dəstəklənir. Bütün bunlara baxmayaraq, son illərdə yanacaq və motor yağlarının, elektrik enerjisinin, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin, pestisidlərin bahalaşması, həmçinin dünya bazarında mahlıcın qiymətinin yüksək olmaması səbəbindən bu qiymətli texniki bitkinin becərilməsinə maraq azalmaqdadır. Xüsusilə də dünyanın əsas pambıq ixracatçısı olan ölkələrin öz istehsalçılarına ayırdıqları böyük həcmdə subsidiyalar və digər dövlət dəstəyi tədbirləri nəticəsində dünya bazarında pambıq mahlıcının qiyməti qalan ölkələr üçün olduqca əlverişsiz səviyyədə formalaşır və sahənin rəqabətqabiliyyətliyi kəskin surətdə azalır. 

Göründüyü kimi, pambıq gərəkli olduğu qədər də çətin başa gələn məhsuldur. Miladdan min il əvvəl becərilən və uzun tarixi yol keçən pambıqçılıq hazırda müasir qlobal böhran məngənəsində çətin dövrünü yaşayır. Bu proses özünü Azərbaycanda daha qabarıq göstərir. Ona görə də pambıqçılıq təsərrüfatını yenidən dirçəltmək üçün konkret tədbirlər planı hazırlanmalı, müvafiq dövlət strukturları, xüsusən də Kənd Təsərrüfatı Nazirliyi bu sahəyə diqqəti artırmalıdır.

"Azərbaycan" qəzeti


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şimon Lankri: "...şəxsən mənə çox təsir etdi"

29 İyun 2017 14:59

Dərslik qalmaqalında ÜÇÜNCÜ TƏRƏF: bütün BİABIRÇILIĞIN ÜSTÜ AÇILDI

29 İyun 2017 14:53

Ən məşhur DJ yaxtada səyahətə çıxdı - FOTO

29 İyun 2017 14:52

Gənc Tamaşaçılar Teatrında “Çipollino” tamaşasının premyerası olub

29 İyun 2017 14:52

İrem Derici sevgilisindən ayrıldı

29 İyun 2017 14:52

Botoks təsiri yaradan banan maskası

29 İyun 2017 14:50

Günay İbrahimli sevgilisindən danışdı: "Çox qısqancdır"

29 İyun 2017 14:49

Dünyanın ən gözəl qadınları formada qalmaq üçün bunları edir

29 İyun 2017 14:48

iPhone-la çəkilən ən yaxşı FOTOlar seçildi

29 İyun 2017 14:47

ATV kanalı əhaliyə o şirkəti məsləhət gördü - VİDEO

29 İyun 2017 14:44

SOCAR-ın xəsarət alan əməkdaşlarından XƏBƏR VAR

29 İyun 2017 14:42

İraqın Müdafiə Nazirliyi: "Mosul İŞİD-dən tamamilə azad edilib"

29 İyun 2017 14:42

Madrid klubu "Barselona"nın təklifini rədd etdi

29 İyun 2017 14:42

Rusiya hərbiçiləri Türkiyə sərhədindən çəkilir - FOTOLAR

29 İyun 2017 14:38

Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO

29 İyun 2017 14:37

Çexiya XİN erməni mətbuatının iddialarını təkzib edib

29 İyun 2017 14:37

Dollar bahalaşmağa başladı

29 İyun 2017 14:37

“Galaxy Note 7 FE” smartfonunun nə vaxt təqdim ediləcəyi bəlli olub

29 İyun 2017 14:35

Pərvin Abıyeva çimərlik geyimində - FOTO

29 İyun 2017 14:34

Ramil Usubovdan yeni rəis TƏYİNATI

29 İyun 2017 14:33

Rusiya və Çindən ABŞ-a qarşı BİRGƏ PLAN

29 İyun 2017 14:33

"İnter" Medeli Türkiyə klubuna satır

29 İyun 2017 14:32

“AtaBank” uşaq evinin balaca sakinlərini sevindirib

29 İyun 2017 14:32

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı 70 ölkəyə yayımlanacaq

29 İyun 2017 14:32

Azərbaycanlı deputatlar AŞPA-nı Ermənistanın dövlət terroru siyasətinə qarşı ciddi mübarizə aparmağa çağırıblar

29 İyun 2017 14:27

Türkiyə vətəndaşının Azərbaycandan qanunsuz yolla 30 min dollar çıxarmasının qarşısı alınıb

29 İyun 2017 14:27

Azərbaycan xalçaları Bolqarıstanda sərgiləndi - FOTO

29 İyun 2017 14:23

Bu görüntülər az öncə gəldi (18+)

29 İyun 2017 14:23

Sabiq Səudiyyə vəliəhdinin saraydan çıxışına qadağa qoyuldu

29 İyun 2017 14:22

30 iyun rəsmi olaraq "Sevgililər günü" kimi qeyd olunsun

29 İyun 2017 14:22

Qadın bədəni haqda kişilərin bilmədiyi 15 VACİB ELEMENT: yataqda...

29 İyun 2017 14:18

Bakıda çempion qızın ölüm anı - VİDEO 18+

29 İyun 2017 14:17

Sibiri dolaşıb yerlilərin FOTOlarını çəkdi

29 İyun 2017 14:17

DİQQƏT: Azərbaycan bu terrorçuları axtarır

29 İyun 2017 14:17

Zakir Qaralov Lənkəranda vətəndaşları qəbul edib

29 İyun 2017 14:12

Ləğv prosesində olan "Yunayted Kredit Bank" "MilliÖN" ödəmə sisteminə qoşuldu

29 İyun 2017 14:12

Qaxda narkotik bitkilər becərən ata, oğul və qızı tutulub

29 İyun 2017 14:12

"Muğam axşamları" layihəsinin növbəti təqdimatı keçirildi - FOTO

29 İyun 2017 14:12

Məleykə Əsədovanın ailəsində TOY

29 İyun 2017 14:11

19 yaşlı qız ərini güllələdi: Yutuba görə... - FOTOLAR

29 İyun 2017 14:08

Piyada keçidindən keçən azərbaycanlı idmançının ölüm anı - Qəzanın VİDEOsu

29 İyun 2017 14:05

Ermənistan Qarabağ məsələsində Rusiyaya güvənmir

29 İyun 2017 14:05

Azərbaycanda "Petya" virusu təhlükəsi var? - RƏSMİ AÇIQLAMA

29 İyun 2017 14:05

Azərbaycan antiterror siyahısını genişləndirdi - “Əl-Qaidə” və İŞİD-ə dəstək göstərən şəxslər axtarışda

29 İyun 2017 14:05

Almaniya Ərdoğana icazə vermədi

29 İyun 2017 14:03

Bakıda adam oğurlamış şəxs tutuldu

29 İyun 2017 13:59

Lənkəran sakinindən Prezident Administrasiyasına QƏRİBƏ MÜRACİƏT

29 İyun 2017 13:58

Bakıda terror törətmək istəyən dəstənin üzvünə hökm oxundu

29 İyun 2017 13:57

Kiyevdə Azərbaycan poeziyası haqqında kitabın təqdimatı keçirilib

29 İyun 2017 13:57

Keçmiş polis rəisinə yeni vəzifə verilib

29 İyun 2017 13:57